Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmaması üçün addımlar atır
Gündəm

Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmaması üçün addımlar atır

“Məlumdur ki, artan təxribatların məqsədi nəyin bahasına olursa, olsun sülh müqaviləsinin imzalanmasını gecikdirməkdir”.

Bu sözləri deputat Arzu Nağıyev “Respublika”ya verdiyi açıqlamada bildirib.

Deputatın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatına fiaskoya uğrayan müraciət, sərhəddə humanitar yardım adı altında keçirilən siyasi şou və insan haqlarının “tapdalanması”, eyni zamanda humanitar fəlakət adı altında Qarabağda yaşayan ermənilərlə bağlı verilən açıqlamalar, atəşkəsin tez-tez pozulması, diversiya qruplarının Azərbaycan ərazisinə göndərilməsi, bütün bunlar birmənalı şəkildə sülh müqaviləsinin imzalanmasının gecikdirilməsi üçün atılan addımlardır:

“Burada məqsəd nədir? Guya ki, Ermənistan rəhbərliyi, yəni Paşinyan hakimiyyəti ciddi cəhdlə öz vətəndaşlarına göstərməyə çalışır ki, bunlar əlindən gələni edirlər, lakin sülh sazişi imzalanmır. Məhz hakimiyyətdə təmsil olunmayan və özlərini hansısa qruplaşmaların üzvü hesab edənlər isə Paşinyanın deyə bilmədiyini özləri deyirlər. Üçüncü məsələ ondan ibarətdir ki, vaxtilə Qarabağ ərazisində səhra komandirləri kimi çıxış etmiş şəxslər və sonradan Ermənistanda vəzifələrə yiyələnmiş həmin adamlar bilirdilər ki, sülh müqaviləsi imzalansa, bunlar mütləq şəkildə öz cəzalarına çatacaqlar”.

Arzu Nağıyev vurğulayıb ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmaması üçün addımlar atır:

"Bunların da ən ciddi cəhdi məhz ordu vasitəsilə təxribatlar törətməkdir. Onlar anlamalıdırlar ki, bunun sonu Azərbaycan ərazisində həmin təxribat qruplarına qarşı anti-terror əməliyyatının keçirilməsi ilə nəticələnə bilər. Eyni zamanda beynəlxalq ictimayiət də özü üçün nəticə çıxarmalıdır ki, yenidən silahlı münaqişənin alovlanması üçün bir təməl qoymasınlar və yaxud buna şərait yaratmasınlar. Ümumiyyətlə, Ermənistanın son dönəmlər artan bu təxribatı birmənalı şəkildə sülhün bərqərar olmasına xidmət etmir və bunun qarşısı mütləq şəkildə alınmalıdır. Burda təbii ki, Rusiya sülhməramlı qüvvələrinin də mütləq şəkildə fəaliyyəti olmalıdır. Onlar da bu məsələdə daha maraqlı olmalıdırlar və bütün cavabdeh tərəflər sülhün bərqərar olması üçün bütün addımları atmalıdırlar”.

Töhfə SƏMƏDOVA,

“Respublika”.