Ermənistan azərbaycanofobiyasına son qoymalıdır
Digər xəbərlər

Ermənistan azərbaycanofobiyasına son qoymalıdır

Bir zamanlar işğal altında olan Azərbaycan torpaqlarında uzun illər yol verilən qanunsuzluqlara göz yuman beynəlxalq qurumların erməni sevgisi bitib tükənmir. Həmin qüvvələr bu dəfə də Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni terrorçusu Vaqif Xaçaturyanın müdafiəçisi kimi çıxış etməyə çalışırlar. Qeyd edək ki, bu şəxs 1991-ci ilin dekabr ayının 23-də Xocalının Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı və deportasiyasında mühüm rol oynayan erməni cəlladlarından biridir. Müalicə adı altında Xankəndidən İrəvana getməyə cəhd göstərən terrorçu ilə bağlı bir neçə gündür ki, erməni tərəfi şou kampaniyasına başlayıb. Azərbaycan dövləti V.Xaçaturyan kimi terrorçuların adını çoxdan İnterpola verib. V.Xaçaturyanın tutulması ilə Meşəli faciəsi dünya ictimaiyyətində yenidən gündəmə gəldi. Dövlətimiz bu kimi canilərin tapılması istiqamətində istintaq işləri aparır.

Millət vəkili Tural GƏncƏliyev bildirib ki, biz Azərbaycanın vaxtilə ərazisində mülki vətəndaşlara qarşı beynəlxalq hüququn tanıdığı, bəşəriyyət, insanlıq əleyhinə olan cinayətləri törətmiş şəxsin, yəni Vaqif Xaçaturyanın həbsindən sonra erməni kütləvi informasiya vasitələrində, dünya erməni təbliğat maşınında onun necə müdafiə olunması, azadlığa buraxılması kimi fikirlərin çağırışların şahidi olduq:

"Ümumiyyətlə, dediyimiz kimi, Vaqif Xaçaturyan 90-cı illərin əvvəllərində, yəni müharibə dövründə əli silahsız mülki insanlara - yaşlılara, qocalara, uşaqlara qadınlara qarşı soyqırımını törədilməsində şəxsən iştirak edən, hətta Xocalı rayonunun Meşəli kəndində baş vermiş qırğının əsas təşkilatçısı və iştirakçılarından biridir. Beynəlxalq hüquqa baxdıqda bu, istər 1949-cu il Cenevrə Konvensiyası, istər ondan əvvəl qəbul edilmiş beynəlxalq hüquqda bəşəriyyət insaniyyət əleyhinə törədilmiş ən ağır cinayətlər kateqoriyasını, müharibə cinayətlərini, insanları kütləvi şəkildə qətlə yetirmə, yəni onların irqi, dini, etnik cəhətlərini nəzərə almaqla nifrət zəminində öldürməni, məhz genosid, soyqırımı cinayətinin elementlərini də özündə ehtiva edir. Vaqif Xaçaturyan kimi bir cinayətkarın dünya erməniliyi, Ermənistan ictimaiyyəti tərəfindən azadlığa buraxılmasına səslənən çağırışları da başa düşmək mümkün deyildir. Bu adam Azərbaycan torpaqlarında, Xocalı rayonu ərazisində cinayətlər törədib və Azərbaycan yurisdiksiyası altında, dövlət qanunları qarşısında cavab verir. Ölkəmizin tam hüququ var ki, bu şəxsi tutub ədalət mühakiməsi qarşısına çıxartsın. Bu hadisəyə balkanlardan nümunə gətirmək olar. 1990-cı illərdə keçmiş Yuqoslaviyada baş vermiş və bosniyalıların, müsəlmanların öldürülməsi, soyqırımı, kütləvi qırğınında bilavasitə məsul olan şəxslərin, yəni keçmiş Serbiya prezidenti Slobodan Miloşeviç, Radovan Karadziç, Tadiç kimi müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısına çıxarılmasının şahidi olmuşuq".

Parlamentarinin sözlərinə görə, biz, eyni zamanda, dünyanın digər müxtəlif ölkələrində, münaqişələr olan bölgələrdə mülki vətəndaşlara qarşı qırğınlar törətmiş şəxslərin sonradan Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılmasını müşahidə etmişik:

"Yəni cinayət törədən şəxsin Azərbaycanın müvafiq qurumları tərəfindən həbs edilərək ədalət məhkəməsi qarşısına çıxarılması bizim qanuni hüququmuzdur. Ermənistan ictimaiyyətinin, dünya erməniçiliyinin, diasporunun belə cinayətkarların müdafiəsinə qalxması bunların hələ də çox təhlükəli olduğuna nümunədir. Yəni biz ermənilərin etnik nifrətinin, mülki vətəndaşların qətliamında məsul olan şəxsi qəhrəmanlaşdırmasının şahidi oluruq. Bu da onu göstərir ki, Ermənistan ictimaiyyətində hələ də azərbaycanofobiya, türkofobiya, islamofobiya kimi meyillər çox güclüdür. Bu meyillərə son qoyulmasa, regionda stabilliyin, sülhün bərqərar olmasından söhbət gedə bilməz".

Nuranə DAXİLQIZI,

"Respublika".