Ermənilərin
Gündəm

Ermənilərin "avtobus şousu"

Vandalist erməni qüvvələrinin təxribatları davam edir. Son günlərdə erməni mediasında yayılan məlumatlara əsasən deyə bilərik ki, mənfur düşmən yenidən öz xislətindən əl çəkməyib. Məntiqi cəhətdən baxsaq, ötən aylarda baş tutan 3 tərəfli görüşlərdə Paşinyan 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Bu o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86.6 min kvadrat kilometr ərazisini tanımaqla, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə qəbul edib.

Belə olduqda sual yaranır ki, əgər Ermənistan tərəfi Qarabağı Azərbaycan torpağı kimi tanıyırsa, nəyə əsasən rəsmi Bakıya xəbər vermədən torpaqlarımıza icazəsiz maşınlar keçirir?

Mövzuyla bağlı “Respublika”ya verdiyi açıqlamada deputat Naqif Həmzəyev bildirib ki, bütün dünyanın gözü qarşısında Ermənistan və erməni lobbisi növbəti şou yaratmaq ərəfəsindədir:

“Heç kəsə sirr deyil ki, Azərbaycan ərazisində yaşayan, daha dəqiq desək, rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində, Xankəndi və onun ətrafında yaşayan erməni əsilli əhali heç bir humanitar böhranla qarşılaşmayıb. Laçın yolu ilə humanitar məqsədlərlə onlar üçün hər şey gətirilib və əhali müalicə məqsədilə də Ermənistana gedib-gəlmələri təmin edilib. Ancaq Ermənistan tərəfindən böyük yük maşınlarının Azərbaycan tərəfinin razılığı və icazəsi olmadan Laçın keçid məntəqəsi ərazisinə gətirilməsi bir şoudur. Burada məqsəd Laçın yolundan Azərbaycan tərəfinin icazəsi və nəzarəti olmadan istifadə etməkdir. Bununla da kifayətlənməyən Ermənistan tərəfi məhz Xankəndi və onun ətrafında yaşayan əhalinin həmin əraziyə yürüyüş təşkil etməsini də planlaşdırır. Erməni mediasında bununla bağlı kifayət qədər məlumatlar var və bu təxribatlar sülhə kölgə salmağa və prosesinin uzadılmasına hədəfləniblər. Hərçənd ki, sonuncu Brüssel görüşündə də belə bir nəticəyə gəlmək olar ki, həm Azərbaycan, həm Ermənistan sülhə daha yaxın vəziyyətdədir”.

Deputatın sözlərinə görə, Ermənistan tərəfi də reallığı dərk edir ki, onlar Azərbaycan ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsini Azərbaycana etibar etməyə məcburdur:

“Onlar çox yaxşı anlayırlar ki, separatçılar tərəfindən erməni əhalisi əsir saxlanılır. Oradakı dinc əhalinin nəzarətdə və əsarətdə saxlanılması ilə onlar öz qanunsuz hakimiyyətlərini qoruyub saxlamaq, bu ərazilərdə nəzarətlərini gücləndirmək istəyirlər. Çox təəssüflər olsun ki, bəzən Beynəlxalq Qırmızı Xaç Komitəsi, bəzən rus sülhməramlıları da bu separatçıların və Ermənistan tərəfinin fəaliyyətinə açıq və ya gizli formada dəstək göstərirlər. Biz Laçında nəzarət-keçid məntəqəsi qurduqdan sonra bu ərazidən qaçaqmalçılıq məqsədləri ilə hətta Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti tərəfindən məhsulların keçirilməsi faktını da görmüşük. Çox təəssüflər olsun, onlar üçün yaradılmış bu humanitar məqsədlərlə istifadə ediləcək yolun başqa məqsədlərlə istifadəsinə hətta beynəlxalq təşkilatlar da qoşulurlar. Demək olar ki, biz bu proseslərdən doğru-düzgün nəticə çıxararaq, buradan keçirilən həm əhalinin, həm də vətəndaşların nəzarətdən keçirilməsini məqsədəmüvafiq hesab edirik. Hətta biz sonuncu dəfə humanitar məqsədlə Ermənistana səfər etmək istəyən bir qrup erməni vətəndaş arasında Birinci Qarabağ savaşı zamanı Meşəli faciəsini törətmiş, cinayətkarlardan biri olan Vaqif Xaçaturyanın da orada keçməsinin şahidi olduq".

Deputat bildirib ki, Azərbaycan sərhədçiləri tərəfindən həmin şəxs saxlanılıb və hal-hazırda onun müalicəsi Bakıda aparılır və onunla bağlı qaldırılmış cinayət prosesi davam etdirilir:

"Yəni bir sözlə, biz Azərbaycan qanunlarının bu ərazidə işlək olduğunu, bütün dünya və Ermənistan tərəfinə bəyan etmişik və Ermənistan tərəfi, xüsusilə də separatçılar bu ərazilərdə hansısa qanunsuz fəaliyyət göstərəcəklərsə, Azərbaycan tərəfinin icazəsi və razılığı olmadan hansısa əməllər törədəcəklərsə, bütün məsuliyyət Ermənistan tərəfinin və separatçıları dəstəkləyən beynəlxalq təşkilatların üzərində qalacaqdır. Bir sözlə, Ermənistan Avropa İttifaqı Müşahidə missiyasının, rus sülhməramlılarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər qurumlarının gözü qarşısında şou yaratmaq, Azərbaycan tərəfini çətin vəziyyətdə saxlamaq və Azərbaycan tərəfini hansısa güc tətbiq etməyə məcbur etmək istəyirlər ki, bunun nəticəsində onlar daha böyük şou yaratsınlar, Azərbaycana qarşı təzyiqləri artırsınlar və Azərbaycan tərəfinin nail olmaq istədiyi sülh prosesini bir az da uzatsınlar. Çünki sülhün olmasını istəməyən qüvvələr və Ermənistan havadarları var. Onlar sülh olacağı təqdirdə bu ərazilərdəki nəzarəti tamamilə itirəcəklərini anlayırlar və bu baxımdan da separatçıları hələ də dəstəkləyirlər və separatçılar da bu dəstəyi hiss etdikləri üçün bu cür şou yaratmağa davam edirlər. Azərbaycan üç ilə yaxın müddət ərzində Ermənistanı sülhə məcbur etmə siyasətini uğurla həyata keçirdi və mən düşünürəm ki, bu baş verən sonuncu hadisələr separatçıların və Ermənistanın sonuncu çırpıntılarıdır və bu proses də arxada qaldıqdan sonra biz bu ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətini təmin edə biləcəyik və tezliklə rus sülhməramlıları mandatı başa çatdığı müddətdə Azərbaycan ərazilərini tərk etmiş olacaqdır. Laçın dəhlizi kimi Zəngəzur yolunun da işlək vəziyyətə gələcəyinin şahidi olacaq bütün kommunikasiyalar işə düşəcəkdir və Ermənistan Azərbaycan arasında uzunmüddətli və dayanıqlı sülh anlaşması müqaviləsi imzalanacaqdır”.

Töhfə SƏMƏDOVA,

“Respublika”.