Erməni caniləri tarix qarşısında cavab verəcəklər
Digər xəbərlər

Erməni caniləri tarix qarşısında cavab verəcəklər

Meşəli faciəsi erməni terrorçularının xalqımızın başına gətirdiyi müsibətlərdən yalnız biridir. 1991-ci il dekabrın 23-də qana susamış ermənilərin səhər saat 7 radələrində Meşəli kəndinə hücumu nəticəsində 8-i qadın, 3-ü uşaq olmaqla 28 nəfər qətlə yetirilib, 14 nəfər ölümcül yaralanıb, 400-ə yaxın şəxs isə yurd-yuvasından didərgin düşüb. Bu faciə sağalmayan yaradır, ailələr məhv edilib, erməni separatçıları heç kəsə rəhm etmədən qarşılarına çıxan hər kəsi öldürüblər.

Meşəli hadisələrinin təşkilatçılarından, icraçılarından biri də Xaçaturyandır. Meşəli faciəsi şahidinin söylədiyinə görə hələ bu hadisələr baş verməmişdən öncə terrorçu qaniçən Xaçaturyan ətrafına topladığı ermənilərə azərbaycanlılara qarşı nifrət hissi aşılayırdı. O, erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşayan azərbaycanlıları bütövlükdə məhv etmək istəyirdi. 9 iyul 2023-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İrəvana gedən, Meşəli qətliamında iştirak etməkdə ittiham olunan Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılıb.

Bu barədə danışan deputat Bəhruz MƏmmƏdov bildirib ki, Ermənistanın dövlət səviyyəsində törətdiyi cinayətlərin təsnifatına diqqət etsək, həmin əməllər bir qayda olaraq sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərində ehtiva olunduğunu görərik: "Bu əməllərin bir çoxu artıq törədilib başa çatsa da, minalanma, Azərbaycan əleyhinə düşmənçilik təbliğatı, habelə revanşist niyyətlər hələ də davam edir. Ədalətin bərpası, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə cinayətkarlar mütləq qaydada cəzalandırılmalıdır. Keçmişdə törədilən cinayətlərə gəlincə, nəzərə alınmalıdır ki, sülh və insanlıq əleyhinə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə nə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən, nə də ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə tətbiq olunmur".

Millət vəkili, həmçinin qeyd edib ki, istənilən halda azərbaycanlılara qarşı cinayətlərdə, o cümlədən 30 illik urbisid, kulturasid və ekosiddə əli olan hər kəs, eləcə də Ermənistanın bütün müvafiq dövrlər üzrə hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi labüddür: "Ortada təkzibedilməz dəlillərlə sübut olunan əməllər var və cinayətlərin obyektiv və subyektiv cəhətlərinə nəzərən, bu, birbaşa bəşəriyyətə yönəlmiş, insanlığı hədəfə almışdır. Əslində, onların məsuliyyətə cəlb olunması beynəlxalq hüququn prinsiplərinə, insan haqlarına hörmət edən hər bir beynəlxalq subyektin borcudur. Amma 30 il cinayətlərə göz yumduqları kimi, bu gün də beynəlxalq ictimaiyyət susqunluq nümayiş etdirir, cinayətkarların cəzalandırılması üçün heç bir səy göstərmir. Lakin heç kim unutmamalıdır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğala, təcavüzə son qoyulduğu kimi, canilərin cəzalandırılması da bütün mexanizmlərdən istifadə olunmaqla təmin ediləcəkdir".

Röya RÜSTƏMLİ,

"Respublika".