Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Bu mənada, 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkilərinin müəyyən edilməsi Prezidentin konstitusion formada təsbit olunmuş müstəsna səlahiyyəti olmaqla hüquqi əsası mübahisə doğurmayan prosedurdur. Növbədənkənar seçkilərin zəruriliyinə gəlincə, aydındır ki, Azərbaycanın işğal və təcavüzə, habelə separatizmə son qoyması ilə nəinki ölkəmizdə, bütövlükdə regionda yeni reallıq yaranıb.
Üç il əvvələ qədər "yeni müharibə və yeni torpaqlar" iddialarının gərginlik yaratdığı bir region bu gün, nəhayət ki, humanizm dəyərlərini rəhbər tutan etimad quruculuğu istiqamətində razılığa şahidlik edir. Qafqaz kimi mürəkkəb regionda, nə qədər gözlənilməz olsa da, artıq sülhün addım səsləri eşidilir. Daha doğrusu, qətiyyəti ilə işğala, təcavüzə, separatizmə son qoyub Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən siyasi iradə, indi də regionda sülhü bərqərar etməkdədir. Beləliklə, illər ərzində Azərbaycanı rəngli inqilablar və ərəb baharının dağıdıcı təsirindən müdafiə etməyi bacaran cənab İlham Əliyev indi də regionu yad ünsürlərin təşviqi ilə qütblərarası toqquşma nöqtəsi olmaqdan qorudu. Aydındır ki, Zəfərimizdən doğan yeni reallığın tələbləri ilə ötən dövrün tələbləri heç də bütün hallarda üst-üstə düşmür, hədəflərimiz də 3 il əvvəlki hədəflərdən fərqlənir. 2017-ci ildə start verilən və bizi böyük qələbələrə aparan islahatların yeni mərhələsində olduğu kimi, cənab İlham Əliyev bu dəfə də reformları zirvədən başlayır. Bu isə əslində siyasi mədəniyyətin zirvəsi deməkdir.
Prosesin özünə gəlincə, bildiyiniz kimi, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim altı ali konstitusion niyyətimizdən biridir. Biz real müstəqilliyimizin 30-cu ilində, nəhayət ki, bunlara nail ola və bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq. Bu mənada, fevralın 7-nə müəyyənləşən növbədənkənar prezident seçkiləri əslində bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq.
Qafqaz mürəkkəb tarixi inkişaf yolu keçib, amma etiraf edək ki, tarixinin heç bir dövründə Azərbaycan bu regionun lokomotivi ola bilməyib. Amma bu gün Heydər Əliyev siyasi kursu regionda yeni dövr başladır. Necə ki, böyük Heydər Əliyev milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, cənab İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir. Bu, eyni zamanda xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın. Çünki bu ölkəyə ən azı son 105 ildə xəyanətkarı da, acizi də, məğlubu, fərarisi də rəhbərlik edib, amma biz ilk dəfədir ki, bütün suveren ərazilərimizi əhatələyəcək seçkilərdə qalib sərkərdəyə səs verəcəyik. Bu, bir zamanlar çevrilişlə hakimiyyəti zəbt etmiş dairələrin, yaxud siyasi nihilistlərin, antimilli ünsürlərin qiymət verə biləcəyi məsələ deyil. Xalq yaxşı anlayır ki, bu siyasətin alternativi yoxdur və fevralın 7-də bunu bir daha dünyaya nümayiş etdirəcək.
Bəhruz MƏHƏRRƏMOV,
deputat.