Prezident İlham Əliyev ona göstərilən etimadı tarixi xidmətlərilə doğruldub
"Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan Xarıbülbül türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb. Fürsətdən istifadə edərək əziz qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirik". 2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) VIII Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə bu ali mükafatı təqdim edərkən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləmişdi bu fikirləri.
Azərbaycanın dövlət başçısının belə yüksək mükafata layiq görülməsini şərtləndirən amillər çoxdur. Əvvəla, Prezident İlham Əliyevin Türk dünyasında öndərliyini, təşəbbüskarlığını dünya görür və qəbul edir. Türkdilli dövlətlərin mənafelərinin qlobal miqyasda qorunmasında, müdafiəsində Azərbaycan liderinin xidmətləri illərdir ki, hər kəs tərəfindən aydın şəkildə müşahidə olunur. Xarizmatik, prinsipial lider kimi onun yüksək nüfuzu da bu sırada xüsusi qeyd olunmalıdır. Ən əsas məsələ isə qədim türk torpağı olan Qarabağın işğaldan azad edilməsidir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, bir türk dövlətinin ərazi bütövlüyünün bərpası türk birliyinə böyük töhfədir, çünki faktiki olaraq Qarabağın azadlığı türkün şərəfinə şərəf qatmaq deməkdir.
Ali Baş Komandan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə adını tarixə qalib lider, torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlətimizin başçısı 2003-cü ildə Prezident seçilərkən qarşıdakı illərin prioritetlərini açıqlayaraq əsas amalının Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan etmişdi. Buna nail olmaq üçün bütün sahələrdə daha da güclənmək, ən əsası tarixi faktlara, reallığa söykənərək Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək lazım idi. İlham Əliyev bunu bacardı... Bütün beynəlxalq tədbirlərdə, ən yüksək tribunalarda Azərbaycan həqiqətlərini səsləndirdi, ölkəmizin önəmli mövqeyinin, müstəqil xarici siyasətinin fonunda Qələbəyə gedən yolun aydın mənzərəsi yarandı. Və xalqımız bu Qələbəni təmin etdi.
Bu gün geriyə, yaxın tarixə boylanarkən dövlət başçısının 2014-cü il iyunun 24-də Strasburqda, Avropa Şurası Parlament Assambleyasındakı tarixi çıxışını xatırlamamaq olmur. Həmin gün İlham Əliyev kürsüdə ona ünvanlanan suallara cavab verirdi. İlk baxışda ənənəvi olan bu hadisə adilik çərçivəsinə sığmırdı... Adətən Prezident İlham Əliyev də, digər ölkələrin başçıları da vaxtaşırı beynəlxalq məclislərdə çıxış ediblər. Bəzən belə toplantılarda gərginlik yaşanar, qərəzli suallar verilər, qarışıq fikirlər səslənərdi. Elə Avropa Şurasının yığıncaqlarında da belə hallar az olmamışdı. 2014-cü il iyunun 24-də isə bu ali məclisdəki ab-hava əvvəlkilərdən çox fərqlənirdi. Müzakirə qaynar nöqtəyə, pik həddə çatsa da, Azərbaycan Prezidenti meydanda idi və o, təkbaşına "döyüşürdü". Dövlət başçısı bu meydanda ona, onun ölkəsinə, ölkəsinin yeritdiyi siyasətə qarşı çıxanların hamısından güclü idi: ağlı, məntiqi, parlaq nitqilə. Verilən təxribatçı suallara qarşı cavab şapalaq kimi onların üzlərinə çırpılırdı.
Azərbaycan Prezidenti AŞPA-nın o məşhur toplantısında Azərbaycana qərəzli baxışları əks etdirən suallara əsaslandırılmış şəkildə, həm də sərt cavablar verirdi. Düşmən qüvvələr elə o zaman dərk etmişdilər ki, bu Prezidentlə və bu ölkə ilə güc mövqeyindən danışmaq mümkün deyil. Məhz həmin toplantıda İlham Əliyev zəkasının Zəfəri Azərbaycanın gücünə güc qatdı, "boyunu" bir qat da ucaltdı, böyük Zəfərə gedən yolu bir az da qısaltdı.
Azərbaycan lideri 20 illik prezidentliyi dövründə bir çox beynəlxalq tədbirlərdə iradə nümayiş etdirdi, Vətən müharibəsində qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarımızı şərtləndirdi. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz, tam suverenliyimiz təmin edildi. İndi Azərbaycan qalib ölkə kimi sülh prosesinin şərtlərini diktə edir. Böyük uğurdur!..
"İndi bizim üçün yeni dövr başlayır - quruculuq dövrü". Bunu da Azərbaycan Prezidenti deyib: "Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var", -deyə vəd də verib Azərbaycan Prezidenti. Bu vədinə də əməl edir. İndi Qarabağ dirçəlir, ora həyat qayıdır. İllərin torpaq həsrətliləri doğma yurda dönür.
Azərbaycan Prezidenti bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində demişdir: "Keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Bu işləri sadalamaq üçün çox vaxt lazımdır. Amma əsas məsələləri mən bir daha qeyd etməliyəm, Azərbaycan vətəndaşları görsün ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın qeyd etdiyimiz kimi, özəlliyi ondadır ki, biz heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına bunu həyata keçiririk".
Bu gün Azərbaycan dünya çapında böyük nüfuz qazanan bir dövlət, bölgədə söz sahibi, qalib ölkədir. 2003-cü ildə Prezident seçildikdən sonra İlham Əliyev öz fəaliyyətini əsasən məhz bu istiqamətə yönəltmiş, onun tərəfindən irəli sürülən bütün vəzifələr uğurla yerinə yetirilmişdir. Bir sözlə, 20 illik fəaliyyəti dövründə hər bir vətəndaşın Prezidenti olan İlham Əliyev böyük xalq sevgisi qazandı. O, xalqa, xalq da ona güvəndi, arxalandı. Xalq onu əvəzedilməz lideri, qalib sərkərdə, bir övladı kimi sevdi. Ən ali mükafat da elə budur: Xalq sevgisi!..
Zümrüd QURBANQIZI,
"Respublika".