Avropa qitəsində artan geosiyasi gərginlik Azərbaycanı bu qitə üçün vazkeçilməz amilə çevirib. Regionda ən çox enerji potensialına malik olan ölkəmiz daxili tələbatı ödəməklə yanaşı, enerji ixracında önəmli yer tutur. Dünyada baş verən iqlim dəyişkənliyi, qlobal istiləşmə, şimal və cənub qütb dairələrində buzlaqların sürətlə əriməsi ətraf mühitin qorunmasını ön plana çıxarıb. Bu səbəbdən dünyanın qabaqcıl ölkələri yaşıl enerji istehsalını və istifadəsini artırmağı prioritet sahə kimi qarşıya qoyublar. Azərbaycan dünyanın bir çox ölkələrinə təbii qaz, neft və neft məhsulları ixrac edir. Lakin son illərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjinin inkişafına önəmli yer verilib.
Belə ki, Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu sahədə olan imkanlarımız tezliklə işğaldan azad olunan əraziləri yaşıl enerji mərkəzinə çevirəcək. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri layihəsinin əsas komponentlərindən biri də alternativ enerji sahələridir. Bu layihəyə əsasən, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Qarabağın ekoloji tarazlığının qorunub saxlanılması üçün elektrik enerjisi istehsalında yaşıl enerjinin (əsasən günəş, külək stansiyalarından və kiçik çaylar üzərində quraşdırılmış su elektrik stansiyalarından) istifadə olunması fayda gətirəcək.
Azərbaycan yaşıl enerji istehsalı üçün çox böyük potensiala malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. İşğaldan azad olunan torpaqlarda 10 qiqavata yaxındır. Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır.
2022-ci ildə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş imzalanıb. İmzalanmış Sazişə əsasən, Azərbaycan Avopaya yaşıl enerji ixrac edəcək. Xəzər dənizindən istehsal olunan yaşıl enerji Qara dənizdən keçərək "köhnə qitəyə" çatdırılacaq. İlkin mərhələdə 4 ölkə iştirak etsə də, gələcək illər ərzində ölkələrin sayının çoxalması ehtimal edilir.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Prezident İlham Əliyevin və Avropa İttifaqının yüksəkvəzifəli şəxslərinin qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına böyük töhfələr verir.
Azərbaycan Avropa İttifaqı üçün investisiya baxımından da regionda birinci sıradadır. Belə ki, qurum Cənubi Qafqazda Gürcüstan və Ermənistandan fərqli olaraq, ölkəmizə daha çox investisiya qoyulub. Enerji sahəsində əməkdaşlıq Cənub Qaz Dəhlizi vasitəsilə inkişaf edir. TANAP və TAP vasitəsilə Avropaya ixrac olunan təbii qaz qitənin əsas alternativ enerji mənbələrindən biridir. Avrasiyada geosiyasi vəziyyətin dəyişməsi ixrac olunan qazın həcmini artırmağı zəruri edir. Belə ki, Azərbaycan ilə Avropa İttifaqı arasında TANAP-ın 16 milyard kubmetrdən 30 milyard, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi proqnozlaşdırılır.
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb. Tədbirdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, ICGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, "ACWA Pow