Bu möhtəşəm layihənin icrası ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə verəcək
2021-ci il iyulun 1-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Bu xüsusda ölkəyə xarici investorların cəlb edilməsi üçün qanunvericilik sahəsində işlərin görülməsi daha vacib idi. 2017-ci ildə dövlət başçısı Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzalayıb və 2018-ci ildə qanun qəbul edilib. Bu mütərəqqi qanunun qəbul edilməsindən sonra Qaradağ rayonunun Ələt qəsəbəsində 850 hektarlıq ərazi ayrılaraq praktiki işlərə start verilmişdir.
Ölkə başçısının rəhbərliyilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının davamlı olması, iqtisadiyyatın digər sahələrinin inkişafı və şaxələndirilməsi, xarici investisiyanın cəlb edilməsi istiqamətində bu günə qədər çox vacib layihələr icra olunub. Azərbaycan iqtisadiyyatının inkişafında neft sektoru mühüm rol oynasa da, ölkəmiz öz gələcək inkişafını neftdən əldə olunan vəsaitlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsində görür. Ələt Azad İqtisadi Zonasının yaradılması bu yöndə görülən səmərəli işlərin sübutudur. Prezident İlham Əliyev Ələt AİZ-in təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə münasibət bildirmişdi: "Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək…".
Azərbaycanın mühüm nəqliyyat-logistika qovşağında yerləşməsi iqtisadiyyatın inkişafında digər vacib amillərdən biridir. Asiyadan Avropaya yükdaşımalarda yeni nəqliyyat xəritəsinin formalaşmasında ölkəmizin perspektivi daha da ön plana çıxmışdır. Azad İqtisadi Zonanın Ələt qəsəbəsində yaradılması da təsadüfi deyil. Qəsəbənin Bakı şəhərinin yaxınlığında yerləşməsi, həmçinin Beynəlxalq Dəniz Limanının Ələtdə olması iqtisadi zonanın fəaliyyəti üçün önəmli amildir. Digər vacib məqam isə beynəlxalq dəhlizlərin- Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizinin Ələtin ərazisindən keçməsidir ki, bu da logistika, nəqliyyat baxımından ərazini əlverişli edir. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyasının mövcudluğu da infrastruktur layihələrinə qoyulan xərclərə də nisbətən qənaət olunmasına imkan yaradacaq.
Azərbaycanda gözəl sərmayə iqliminin olması beynəlxalq qurumlar tərəfindən də təsdiqlənir. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu da dövlətin apardığı islahatlar nəticəsində mümkün olmuşdur və deyə bilərik ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkəsini bu sahədə geridə qoyub. İnvestorların Azad İqtisadi Zonaya cəlb olunmasında müasir infrastrukturun mövcudluğu ilə yanaşı, həm də burada yaradılan nadir qanunvericilik bazasının olmasıdır. İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edərkən, dövlət başçısına bildirilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri