Mən bir uşaq, sən bir ana
Odur ki, bağlıyam sana.
Hansı səmtə, hansı yana
Hey uçsam da yuvam sənsən.
Elim, günüm, obam sənsən!
Bu misraları Azərbaycanda kimdən soruşsan sevə-sevə söyləyəcək. Axıcı olduğu qədər də şirin olan misralar Azərbaycan torpağının gözəllikləri ilə yanaşı, möhtəşəmliyini də əks etdirir. Tarix davam etdikcə, Azərbaycan haqqında çox şeirlər yazılacaq, nəğmələr qoşulacaq, amma Səməd Vurğunun Azərbaycan şeiri öz doğmalığı və şirinliyi ilə ilkliyini qoruyub saxlayacaq. Onun şeirlərində həm də Bahar ətri, qoxusu var. Bütün varlığına hakim kəsilən poeziyasında ilham mənbəyi Vətən, onun gözəllikləridir. Bu gözəlliklərə aşiq olan şair vurğunluğunun təcəssümü kimi özünə "Vurğun" təxəllüsü götürmüşdür. Baharda dünyaya gələn Azərbaycan poeziyasının Vurğunu, Səməd Vurğun 1906-cı il mart ayının 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 400 illik tarixə mənsub Kosalı ağaları, sonralar isə Vəkilovlar adlanan bəy nəslinin nümayəndəsidir. Altı yaşı olarkən anasını itirən Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyümüşdür. Atası Yusif ağa ömrünün son illərini Qazax şəhərində yaşamış və gözəl saz ifaçısı olmuşdur. Ana nənəsi Aişə xanım isə görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindəndir. Belə sazlı, sözlü bir mühitdə böyüyən Səməd orta təhsilini kənddə rus-tatar məktəbində almışdır.
Səməd Vurğun 1918-ci ildə Firudin bəy Köçərlinin açdığı Qazax müəllimlər seminariyasına qəbul olunmuş, seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə şəhərlərində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir. Lakin poeziyaya sevgisi və vurğunluğu şairi rahat buraxmır. Bütün varlığı ilə poeziyaya bağlı olan şair artıq 1920-1930-cu illərdə ədəbi mühitin diqqətini cəlb edə bilmişdi. Gənc yaşlarından öz qətiyyəti və hazırcavablığı ilə fərqlənən həssas ruhlu Səməd fitri istedadı sayəsində bir çox sahələrlə məşğul olmuş, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabirin yaradıcılığı ilə maraqlanmışdır. Sonrakı dövrlərdə şair böyük rus şairi Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şoto Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərlərini Azərbaycan dilinə çevirmişdir.
Novruz bayramı günü dünyaya gələn Xalq şairi Səməd Vurğun ilk növbədə, xalqın adamı, sevimlisi idi. Şair ilk şeirlərini hələ seminariyada oxuduğu vaxtlarda yazmışdır. "Cavanlara xitab" adlı şeiri o vaxt Tiflisdə çıxan "Yeni fikir" qəzetində çap olunmuşdur. Şairin yaradıcılığının ən məhsuldar dövrü 1930-1940-cı illər hesab edilir. 1935-ci ildə artıq 7 poema və 100-dək şeirin müəllifi olan Səməd Vurğunun dillər əzbəri olan şeirlərindən "Azərbaycan", "Ceyran", "Dağlar", "Şair, nə tez qocaldın sən?", "Mən tələsirəm" və digər şeirləri bu gün də eyni dərəcədə sevilir. Onun "Komsomol poeması", "Talıstan", "Muğan" və "Aygün" poemaları bu gün də öz aktuallığını saxlayır.
Şair dramaturgiya ilə də məşğul olmuş və möhtəşəm dram əsərləri yaratmışdır. 1937-ci ildə yazdığı "Vaqif" dramı Səməd Vurğuna böyük şöhrət gətirmişdi. Əsərdə Molla Pənah Vaqifin faciəli həyatından, böyüklüyündən, şəxsiyyətindən və kamil insanlığından söhbət açılır. "Vaqif" dramına görə şair 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür. Bütün varlığı ilə xalqına, elinə bağlı olan şair öz yaradıcılığında xalq yaradıcılığını geniş təbliğ etmişdir. Çox az insanlara nəsib olub ki, hələ sağlığında ikən böyük xalq sevgisi, məhəbbəti qazansın.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar və zəngin olmuş, bir-birinin ardınca "Muğan", "Aygün", "Zamanın bayraqdarı"