Şaxtalı, qarlı qışı geridə qoyan ekofəallar bərəkətli Qarabağ torpaqlarında baharı qarşılayır. Bu yerlərin qışı nə qədər sərt, soyuq olsa da, yazı da o qədər gözəldir. Tanrı Qarabağ torpaqlarından heç nəyi əsirgəməyib. Təbiəti gözəl olduğu kimi, həm də zəngindir. Münbit torpaqların üst qatı əkin-biçin üçün yararlıdır. Alt qatında isə olduqca zəngin təbii sərvətlər yatır. Elə bütün bunları yaxşı bilən ermənilər 30 illik işğal dövründə Qarabağ torpaqlarının yeraltı, yerüstü sərvətlərindən necə lazımdır yararlanıblar. Özləri xeyrini görsə də, təbiət ziyanını çəkib. Çünki Ermənistan ötən dövrdə əraziləri məhv edərək talan edib. Meşələri doğrayıb və yaxud da yandırıblar.
Ekoloji terror törədərək qazıntı apardıqları əraziləri məhv edib, çaylarımızı kimyəvi maddələrlə çirkləndiriblər. Faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçiriblər. Xüsusilə, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar ediblər. Elə bu səbəbdən də ötən ilin dekabr ayının 12-dən başlayaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri tərəfindən etiraz aksiyası keçirilir. Artıq 108 gündür böyük əzm və iradə nümayiş etdirən gənclər öz tələblərində israrlıdırlar. İlk gündən öz haqlı mübarizələrinə necə başlamışdılarsa, bu gün də eyni həvəs və mətanətlə davam edirlər.
Bu müddətdə ekofəalların bir şüarı olub, aksiya dinc xarakterlidir. Heç bir təxribatçı hərəkətə yol verilə bilməz. Eyni zamanda, aksiya keçirilən ərazinin dünya mediası və qurumları üçün açıq olduğunu bəyan etmişdilər. Ekofəallar bütün hallarda onların aksiyasında iştirak etmək və olanları öz gözləri ilə görmək üçün beynəlxalq təşkilatları əraziyə dəvət ediblər. Və əlbəttə ki, müxtəlif vaxtlarda da xarici media və beynəlxalq təşkilatların nümayəndələri aksiya keçirilən əraziyə gələrək heç bir blokadanın olmadığını müşahidə etmişlər.
Xüsusilə, ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ərazidə humanitar yardımların daşınması və təmin olunması işində iştirak edib. Yolun humanitar yardımlar üçün açıq olduğunun şahidi olublar. Əlbəttə ki, dinc şəkildə keçirilən aksiya bölgəyə gələn avtomobillərin hərəkətinə heç bir maneə törətmir. Ekofəalların yeganə məqsədi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin qarşısının alınmasıdır. Və onlar tələbləri yerinə yetirilənə kimi aksiyanı davam etdirməkdə israrlıdırlar. Ermənilər isə dünyaya yalan informasiya ötürərək fikirləri yanlış istiqamətə yönəltmək istəyirlər. Guya Xankəndi şəhərində yaşayan erməni əsilli vətəndaşlar blokada şəraitində yaşayırlar. Ekofəalların keçirdikləri aksiya nəticəsində əziyyət çəkirlər. Lakin bütün bunlar yalan və iftiradan başqa heç nəyi ifadə etmir. Yol humanitar yardım üçün tam açıqdır. Hər dəqiqə yolda avtomobillərin hərəkəti müşahidə olunur. Yaranmış hər hansı zəruri ehtiyac zamanı isə lazım olan bütün yardım və köməkliklər edilir. Ötən müddət ərzində səhhətində yaranmış problemlərlə bağlı onlarla insan təcili yardım vasitəsilə Xankəndidən Ermənistana heç bir maneə göstərilmədən aparılıb. Lazım olan yardımlar edilib.
Aksiya iştirakçıları məsələyə çox həssas yanaşırlar. Tələblərində israrlı olduqları kimi, bölgə əhalisinə qarşı da diqqət və qayğı ilə yanaşırlar. Dəfələrlə ekofəallara kömək üçün müraciət edən ermənilərə lazımi kömək göstərilib. Aksiya iştirakçısı olan Azərbaycan gəncləri yaxşı bilir ki, mübarizələrini öz torpaqlarında, öz ərazilərində aparırlar. Hansısa bir ölkənin ərazisinə və təbii sərvətlərinə qarşı iddialı deyillər. Və onu da çox gözəl anlayırlar ki, Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycan vətəndaşıdır. Onların da hər hansı problem və çətinliyinin həlli birbaşa Azərbaycan dövlətinin işidir. Ermənistan bunu qəbul etsə də, etməsə də. Artıq bu məsələdə Qarabağ ermənilərinin də düşüncəsi fərqli məcraya yönəlib.
Onlar öz gələcək həyatlarının daha etibarlı şəkildə təmin olunmasını Azərbaycanda görür, nəinki Ermənistanda. Əlbəttə ki, Hayastan yaranan mənzərədən çox narahatdır