Ekofəallar aksiyanı davam etdirməkdə israrlıdırlar
Digər xəbərlər

Ekofəallar aksiyanı davam etdirməkdə israrlıdırlar

Azərbaycan tərəfinin 2022-ci il dekabr ayının 3-də və 7-də aparmaq istədiyi monitorinqin rus sülhməramlılarının yarıtmaz fəaliyyəti nəticəsində baş tutmaması azərbaycanlıların böyük hiddətinə səbəb olmuşdur. Buna cavab olaraq dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisində etiraz aksiyaları başlayıb. Şuşanın gözəlliyi fonunda baş verən bu aksiya dinc xarakterlidir və heç bir siyasi qarşıdurmanı özündə ehtiva etmir.

Aksiya iştirakçıları ilk gündən etibarən bura nə üçün toplaşdıqlarını şüarları ilə bəyan ediblər. Onların əsas tələbləri ermənilərin ekoloji terrora son qoyması və rus sülhməramlılarının buna göz yummamasıdır. Soyuq hava şəraitindən asılı olmayaraq, müxtəlif yaş qrupuna daxil olan insanlar bu aksiyada iştirak edirlər. Əhvali-ruhiyyələri yüksək olan aksiya iştirakçıları burada şən ovqatda öz fəaliyyətlərini davam etdirirlər. Aksiyada şüarlarla yanaşı, mahnılar, musiqilər səslənir. "Sarı gəlin", "İrəvanda xal qalmadı", "Qarabağ təsnifi"  kimi vətənpərvərlik ruhunda mahnılar oxuyurlar. Tar, kaman kimi musiqi alətlərimizin ifasında səslənən mahnılar aksiyaya başqa bir ahəng qatır. Dövlət himnimizi  səsləndirən aksiya iştirakçıları bu ərazilərin əsl sahibinin kim olduğunu bütün dünyaya göstərir. Təəssüf ki, Ermənistan və onun havadarları bu aksiyanı humanitar böhran kimi qiymətləndirirlər. Dünyanın diqqətini yanlış məqamlara çəkərək yolun guya azərbaycanlılar tərəfindən bağlandığını bildirir,  bu aksiya səbəbindən  dərman və ərzaq məhsullarının  tükəndiyini bəhanə gətirirlər. Ancaq yerli media və xarici blogerlərin yaydığı görüntülərdən də müşahidə etmək olur ki, aksiya başladığı gündən etibarən sülhməramlı kontingentə və Qırmızı Xaç Komitəsinə məxsus yüzlərlə avtomobil heç bir maneə olmadan rahat hərəkət edə bilir.

Ərazilərimizin işğal olunduğu gündən qələbə qazandığımız günə qədər, elə hazırda da  Azərbaycan lehinə addım atmayan Avropa Parlamenti çox keçmədən bir daha riyakarlığını və qərəzli mövqeyini göstərdi. Avropa Parlamenti yanvarın 19-da keçirilən iclasda  "Dağlıq Qarabağın blokadasının humanitar nəticələri"  adlı qərəzli qətnamə qəbul edib. Bu qətnamədə yolun azərbaycanlılar tərəfindən açılması tələb olunur. Qətnaməyə cavab olaraq Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi və Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin birgə bəyanatı yayılıb. Bəyanatda deyilir: "Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə, Qarabağ ərazisində yaşayan 20 mindən artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, Qırmızı Xaç Komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır".

"Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz və dünya standartlarına cavab vermədən istismarı Qarabağ üzərində gedən sülh prosesinə mənfi təsir göstərir. Hər kəsə məlumdur ki, separatçı rejim bu faydalı qazıntılardan əldə etdiyi gəlirlərlə maliyyələşir. Bəzi Avropa dövlətlərinin bu faydalı qazıntılardan bəhrələndiyi aydındır. Xüsusilə, Fransa şirkətlərinin işğal dövründə  bu ərazilərdəki fəaliyyəti heç kimə sirr deyil.

Aksiyanın dinc məqsədli olduğunun əsas sübutlarından biri də ötən günlərdə Qarabağın erməni sakininin Azərbaycan hərbçilərinin postlarından birinə yaxınlaşaraq, onlara üşüdüyünü və ac olduğunu bildirməsi olub. Hərbçilərimiz tərəfindən yüksək humanizm göstərilərək erməni sakininə lazım olunan köməklik edilib və sülhməramlı kontingentə təhvil verilib. Bütün bunları dünya ictimaiyyəti görsə də,  məsələyə ədalətli yanaşmır.

İştirakçılar bu aksiyanı axıra qədər, yəni tələblərinin yerinə yetiriləcəyi günə qədər davam etdirəcəklərini bildirirlər. Verdikləri müsahibələr zamanı, mətin və iradəli olduqlarını xalqın  mənəvi dəstəyi, onlarla birlikdə olmaq istəkləri iştirakçılara əlavə güc və stimul verir.

Musa BAĞIRLI,

"Respublika".