Əbədiyyət qazanan şəhid
Sosial həyat

Əbədiyyət qazanan şəhid

Azərbaycan xalqının Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük tarixi Qələbə qazanması hamımıza sonsuz sevinc və qürur hissi yaşatdı. Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Neçə-neçə igid oğullar torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur.

Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident cənab İlham Əliyevin sərəncamları ilə yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.

Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Şəhidlik zirvəsinə ucalanlardan biri də 25 yaşlı tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur. Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax rayonunda anadan olub. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin I sinfinə gedib, 2012-ci ildə məzun olub.

Adil elə həmin il tələbə adını qazanıb, 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi" ixtisasını bitirib. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlayıb. 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 100-dən çox ağır yaralı zabit və əsgərə ilk tibbi yardım göstərmişdir. Qəhrəman şəhidimiz Qazax şəhər qəbiristanlığında dəfn edilib. Şəhidə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirilib. O, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Şəhidin anası Afət xanım deyir ki, oğlu həkim olsa da, özünü hər zaman əsgər kimi hiss edirdi. Şəhidlik zirvəsi onun üçün ən müqəddəs məqam olub. Şəhidin anası Afət xanım: "Adil Naxçıvanda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Müharibə başlayandan sonra, 18 oktyabrda onlar döyüş bölgəsinə, Füzuli rayonuna gətiriliblər. O, Qubadlı istiqamətində gedən döyüşlərdə yaralı komandiri Anar Əliyevin həyatını xilas edərkən şəhidliyə ucalıb. Döyüş yoldaşlarının dediyinə görə, yaxınlaşıb yaralının vəziyyəti ilə maraqlanıb, yaralarını sarıyıb, həmin an təkrar atılan minaatan nəticəsində özü də qəlpə yarası alıb. Adil və xilas etmək üçün canından keçdiyi komandiri şəhidlik zirvəsinə ucalıb".

Döyüşçü yoldaşlarının dilindən: "Savaşın qızğın vaxtında yaralı polkovnik kömək istəyir. Adil həkim səngərdən çıxıb ona köməyə gedəndə deyirlər ki, səngərdən çıxma, Adil həkim isə cavab verir ki, mən indi kömək istəyən komandirə kömək etməsəm, bu savaşdan sağ çıxsam belə öz peşəmə xəyanət etmiş olaram. Bu sözləri deyir və yağış kimi yağan mərmilərə meydan oxuyaraq komandirə yardıma gedir... Elə həmin yerdə şəhidlik zirvəsinə ucalıb".

Heç kim unudulmur, heç kim yaddan çıxmır. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

M.MİRZƏ,

"Respublika".