Artıq şanlı bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə dalğanır. Xankəndidə keçirilən hərbi paradda cənab Prezidentin çıxışı bütün dünya azərbaycanlılarını fərəhləndirdi. Hər birimiz bu çıxışdan, bu paraddan qürur duyduq və duyuruq. Qeyd etmək istərdim ki, suverenliyimizin tam bərpasından sonra Avronest Parlament Assambleyasının komitə iclaslarında Azərbaycan nümayəndəsi kimi çıxış etmək, bu təcrübəni yaşamaq sözlə ifadə edilə bilməz. Təbii ki, bütün bunlara görə cənab Prezidentə, müzəffər ordumuza minnətdarıq. Biz torpaqlarımızı, şəhidlərimizin qanı ilə azad etmişik və torpaqlarımızda bayrağımız əbədi dalğalanacaq!
Cənab Prezidentin söylədiyi fikirlər bir daha Ermənistana, onun havadarlarına açıq mesaj xarakteri daşıyır. Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratması artıq dünyanın bütün siyasi-hərbi mərkəzlərində qəbul edilir. Bu fikirləri Xankəndidə keçirilən hərbi parad bir daha təsdiq edir. Bu paradın siyasi, mənəvi və digər aspektlərini təhlil etdikdə tarixiliyi də vurğulamaq lazımdır. Azərbaycan artıq elə bir inkişaf mərhələsinə qədəm qoyub ki, ölkəmizlə əməkdaşlıq xüsusi yer tutur.
Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları heç bir fayda vermədi və bu bir daha təsdiq edir ki, bizimlə oyun oynamaq olmaz. Xüsusilə Fransa və Avropadakı bəzi güc mərkəzləri çox gözəl başa düşürlər ki, vəziyyət dəyişib. Nəticə etibarilə yeni geosiyasi və geopolitik reallıqla razılaşmalı və qəbul etməlidirlər.
Tarixi Zəfərimiz müsəlman ölkələri arasında, türk dünyasında tarixi hadisədir. Belə ki, yeni dünya düzənində separatizmdən, işğaldan əziyyət çəkən ölkələrin öz suverenliyini tam bərpa etməsi olduqca çox müşkül məsələdir. Məhz Azərbaycan belə bir şəraitdə Zəfər qazanıb. Xüsusilə də BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların problemlərin həllinə laqeyd münasibət və reaksiyaların gecikməsi fonunda biz qələbə qazanmışıq. Elə bir geosiyasi Zəfər qazanmışıq ki, gələcək nəsillərimiz bu barədə tarixi kitablarda oxuyarkən qürur hissi keçirəcəklər.
Tural GƏNCƏLİYEV,
Milli Məclisin deputatı.