Düşmən sosial şəbəkələrdə də təxribat törədir
Digər xəbərlər

Düşmən sosial şəbəkələrdə də təxribat törədir

"Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq... Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsi zamanı söyləyib.

Ölkə başçımız çıxışlarında dəfələrlə bildirir ki, digər xalqların nümayəndələri kimi, Qarabağdakı etnik ermənilər də bizim vətəndaşlarımızdır. Onlar da Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalı, ölkə qanunları ilə yaşamalıdırlar. Çünki Azərbaycan Respublikasının Konstitusiyasında etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi, dini etiqad azadlığı, onların sülh şəraitində birgəyaşayışı nəzərdə tutulur. Azərbaycan dövləti öz Konstitusiyası və qanunlarının tələblərinə uyğun olaraq Qarabağ ermənilərinin təhlükəsizliyinə, onların hüquq və azadlıqlarının qorunmasına zəmanət verir.

Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə reinteqrasiyası üçün dövlətimiz tərəfdən bir sıra mühüm addımlar atılsa da, revanşist qüvvələr onlara xüsusi imtiyazların verilməsini tələb etməklə məsələnin həllinə mane olurlar. Bu il mart ayının 1-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov Xocalı şəhərində Qarabağda yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüş və onların ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparılmış, təmasların davam etdirilməsi təklif olunmuşdu. Lakin erməni ictimaiyyətinin nümayəndələri reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, infrastruktur layihələrin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşün keçirilməsi üçün Bakıya dəvət olunsalar da bunu qəbul etməmişlər. Bu, Ermənistanın həyata keçirdiyi yanlış siyasətin mahiyyətini bir daha açır. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan bu müddət ərzində çirkin əməllərini həyata keçirmək üçün Qarabağda yaşayan etnik ermənilərdən istifadə etmiş və bu gün də bu siyasət davam etdirilir.

Düşmən sosial şəbəkələrdə də təxribata əl atır, həqiqətləri, öz əməllərini gizlətmək üçün yalan məlumatlar yayır, ictimaiyyət arasında öz mənafeyinə uyğun fikir formalaşdırmağa çalışır. Belə ki, Ermənistanın sosial şəbəkələrində anti-reinteqrasiya çağırışları edilir, hökumət və Qarabağdakı qeyri-qanuni rejimin qalıqları öz siyasi məqsədlərinə çatmaq üçün Qarabağda yaşayan etnik ermənilərin Azərbaycana inteqrasiyasına süni şəkildə əngəllər törətməklə ictimaiyyəti çaşdırmağa çalışırlar.

Bu istiqamətdə həyata keçirdikləri çirkin əməllərindən biri də bu il aprel ayının 23-də Azərbaycanın öz suveren ərazisində yaratdığı Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi barədə beynəlxalq aləmə yalan, əsassız informasiyalar yaymasıdır. Belə ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarının rahat şəkildə gedib-gəldiyi Laçın yolundan artıq terror, təxribat məqsədilə istifadə edə bilmədiyi üçün siyasi manipulyasiyalar edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan etnik ermənilərin ehtiyaclarını qarşılamaq üçün göndərilən 40 ton undan ibarət olan humanitar yardımın qəbul edilməməsi xunta rejiminin öz məqsədinə çatması üçün erməni əsilli Azərbaycan vətəndaşlarından siyasi alət kimi istifadə etdiyini açıq şəkildə göstərir. Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarında yaşayan, onun çörəyini yeyib, suyunu içən sadə xalqın "acından ölərik, türk çörəyi yemərik" deməsi də erməni separatçılarının quramasıdır. Bu sözləri deyən və humanitar yük daşıyan maşınları buraxmamaq üçün separatçıları Ağdam-Xankəndi yoluna getməyə çağıran Əsgəranda qeyri-qanuni məskunlaşmış Armine Xaçatryan sözsüz ki, xunta rejiminin xidmətçisidir.

İctimai fəal Karen Ohancanyan sosial şəbəkə hesabında yazır ki, Laçın dəhlizi bağlı problem qaldığı müddətcə reinteqrasiya haqqında danışmaq tezdir. O deyir ki, ilk növbədə tərəflər arasında inam olmalıdır: "Biz azərbaycanlılar və oradakı ermənilər arasında çoxdandı ki, təxirə salınmış danışıqları bərpa etməliyik. Ticarət və nəqliyyat əlaqələri ilə bağlı əməkdaşlığı sürətləndirməliyik. Blokadanı dayandırmaq, amma Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsini saxlamaq lazımdır. Eskalasiyanın qalması durumu pisləşdirir. Təəssüf ki, hazırkı durum diplomatiyanın işini çətinləşdirir". Ermənistanın sosial şəbəkələrində bu cür anti-reinteqrasiya çağırışları, nə olur-olsun Laçın yolunun açılması və onların bu yolla öz məqsədləri üçün istifadə etməsi birmənalı şəkildə separatçıların mənafeyinə xidmət edir. Lakin erməni əsilli vətəndaşları girov kimi saxlayan, onların fikirlərinə önəm verməyən, öz mənfur siyasətini yeritməyə çalışan separatçıların təzyiqlərinə, yaratdığı maneələrə baxmayaraq sosial şəbəkələrdə Azərbaycan qanunları ilə yaşamaq istəyən, ölkəmizə reinteqrasiyaya üstünlük verən paylaşımlar da edilir. Erməni bloger Roman Baqdasaryan Qarabağdakı separatçıları növbəti dəfə ifşa edib və Qarabağda ermənilərin azərbaycanlıların dövründə daha yaxşı yaşadıqlarını bildirib: "1988-ci ildə hər birimiz işləyirdik. Azərbaycanın tərkibində azərbaycanlılarla birgə Qarabağda və digər yerlərdə çox yaxşı yaşayıb-dolanırdıq, yaxşı qazanırdıq. Zori Balayan, Bako Saakyan və Qarabağ klanı oranı xaraba qoydu, hamını bədbəxt elədilər. Görün Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan Qarabağda yaşayan erməniləri nə günə qoyublar? Xankəndidə heç kim işləmək istəmir, amma havayı yemək istəyirlər. Nikol Paşinyana da nifrət edirlər". Qeyd edib ki, ermənilərin kifayət qədər əraziləri var və bütün kəndlər, demək olar ki, boşdur. Bloger Xankəndidə "aclıq"dan danışanlara da münasibət bildirib: "Bəlkə siz doğruları danışasınız? Xankəndi sakinləri elə bilirlər ki, onlar Milanda, Stokholmda yaşayırlar? Xeyr, Xankəndi böyük kənddir. Nəyə görə digər kəndlərdə insanlar işləyirlər və yaxşı yaşayırlar, siz isə əziyyət çəkmək istəmirsiniz? Bizim bədbəxtçiliyimiz bundadır", - deyə o əlavə edib.

Bəli, ermənilər Xankəndidə nə acından ölür, nə də ki blokada şəraitində yaşayır. Ancaq özlərində iradə, güc tapıb Azərbaycana inteqrasiya etməsələr onları erməni separatizmi, şovinizmi məhv edəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".