Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri bu məramı ifadə edir
Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ müharibəsi tarixi Zəfərlə yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır.
Erməni vandalizminin qurbanı olmuş torpaqlarımıza indi yeni həyat qayıdır. Düşmən bütün rayonlarda daşı-daş üstə qoymamışdır. 30 il ərzində yalnız dağıtmaq, məhv etmək, talamaqla məşğul olan ermənilər haqları olmayan torpaqları öz sahibinə geri verməli oldular. Nəticə etibarilə rəzil, rüsvay duruma düşdülər. İndi isə həmin ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri dünyaya mesaj verir ki, Azərbaycan sülhpərvər, qurucu ölkədir. İşğaldan azad edilmiş ərazilərin sürətlə ən yeni texnologiyalar əsasında "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyasına uyğun qurulması bunun bariz nümunəsidir.
Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İlkin hesablamalara əsasən, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-dən çox azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. 2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Bununla 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.
Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir. Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Azərbaycanın təklif etdiyi prinsiplər beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etməsi və ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Artıq Ermənistan Azərbaycan ərazisinin parametrlərini, o cümlədən Qarabağ və anklav ərazilərimiz daxil olmaqla sərhədlərimizi tanıyıb. Yalnız qarşı tərəfin dediyi sözlərə rəsmən kağız üzərində imza atması qalıb.
Ölkəmiz 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kəndi və qəsəbəni yenidən qurur. Bu, hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən misli görünməmiş yenidənqurma modelidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlanıb. "Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq". Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Qeyd edib ki, təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Gələn il Şuşa şəhərinə birinci sakinlər gələcəklər. Artıq Baş planlar hazırlanaraq təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Eyni zamanda yaşayış evlərinin inşası sürətlə aparılır.
Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı deyib: "Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq". Bütün bunlar əlbəttə ki, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu sübut edir. Dövlətimiz vətəndaşlarının rahatlığı üçün hər şey edir. Prezident İlham Əliyev müasir dövlət quruculuğunun yeni mərhələsini həyata keçirir, Azərbaycan dövlətini daha güclü, daha qüdrətli edir.
Mustafa KAMAL,
"Respublika".