Dünya mediası azad jurnalistikaya qarşı zorakı davranışları pisləyir
Dünya xəbərləri

Dünya mediası azad jurnalistikaya qarşı zorakı davranışları pisləyir

Hər bir ölkənin müstəqilliyi onun mətbuatının azadlığı ilə xarakterizə olunur. Əgər ölkədə insanlar fikir söyləyərkən müəyyən məhdudiyyətlərə məruz qalmırlarsa, demək həqiqətən azad ölkədə yaşayırlar. Təəssüf ki, demokratiya pərdəsi altında gizlənən, əslində isə bu anlayışdan tamamilə fərqli siyasət yürüdən Fransa kimi dövlətlər də var. Son zamanlarda Fransada cərəyan edən hadisələrə diqqət yetirsək, ölkədəki vəziyyətin kritik səviyyəyə çatdığını görmək mümkündür. Məlum olduğu kimi, bu il iyunun 29-da Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Hücum nəticəsində müxbir və operator xəsarətləri alıb, onların çəkiliş kamerası isə sındırılıb. Bunlar kifayət deyilmiş kimi, kameranı geri tələb edən əməkdaşlar silahla hədələniblər. Özünü sözdə demokratiyanın beşiyi adlandıran Fransada Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının hücuma məruz qalması ölkədəki azad media üzərindəki təzyiqlərdən xəbər verir. Məsələ ilə bağlı qeyd etməli olduğumuz daha bir vacib məqam hadisənin Azərbaycan jurnalistlərinin Parisdəki iğtişaşları işıqlandıran zaman baş verməsidir. Bu da Fransanın dünyanın gözündən pərdə asmağa cəhd etdiyinin göstəricisidir. Bundan başqa, insident nəinki Azərbaycan jurnalistlərinə, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə birbaşa basqıdır.

Son dövrlərdə Fransada sosial və siyasi problemlər fonunda Makronun yürütdüyü uğursuz siyasət haqlı olaraq insanlarda narazılıq yaradıb, hökumət və əhali arasında qarşılıqlı aqressiya aydın şəkildə hiss olunur. Belə ki, küçələrə çıxan etirazçı kütlə avtomobillərə, mağazalara od vurur, polislə qanlı toqquşmalara sürüklənir. Polis isə aksiyanı dağıtmaq məqsədilə əlavə gücdən istifadə etməklə etirazçılara qarşı qəddarlığa yol verir. İğtişaşlar Fransa hökumətinin iç üzünü bir daha bəlli edir. Ölkədəki reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə dünyanın aparıcı media orqanları hər gün baş verən iğtişaşlardan reportajlar hazırlayır, aksiyaları ətraflı şəkildə işıqlandırır. Fransa tərəfinin isə bundan narahat olduğu azad mediaya qarşı təqiblərində özünü büruzə verir, ölkədə narazılıq yaradan səbəbləri aradan qaldırmaq əvəzinə onu işıqlandıran media nümayəndələrinə təzyiq göstərilir.

Bir məqama da diqqət edək ki, hadisə ölkəmizdə baş versəydi, Fransa hökuməti dərhal bəyanatlar verər, təqsirkarların məsuliyyətə cəlb olunması üçün əlindən gələni edərdi. Amma Azərbaycanda istər yerli, istərsə də xarici jurnalistlərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Respublikamızda əcnəbi jurnalistlərə qarşı kobudluq, qəddarlıq hallarına rast gəlmək qeyri-mümkündür. Bu gün Fransa hökuməti Azərbaycan jurnalistlərinə qarşı törədilən vandallığa göz yumursa, deməli azad sözü boğanlara yan çıxırlar. Lakin Fransa hadisəni gözardı etsə də, dünya mediası bu haqsızlığa susmadı, müxtəlif ölkələrin mətbuat orqanları, eləcə də tanınmış jurnalistləri hadisəni qətiyyətlə pislədi. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun şəxsi "tviter" hesabında hadisəyə münasibət bildirərək təəssüf hissi keçirdiyini qeyd edib. Altun Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən nüfuzunu itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyib və  Fransa rəsmilərinin və hüquq-mühafizə orqanlarının hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklərini gözlədiyini vurğulayıb.

Rumıniya Peşəkar Jurnalistlər İttifaqının sədr müavini, "Ultima Ora" qəzetinin baş redaktoru Teodora Marin Fransada AzTV-nin əməkdaşlarının hücuma məruz qalmasını qətiyyətlə pisləyənlər arasındadır. Bir vacib məqamı da xatırladaq ki, Rumıniyanın qabaqcıl "News24hours" xəbər portalında, "Ultima Ora" qəzetində, Rumıniya Peşəkar Jurnalistlər İttifaqının rəsmi internet səhifəsində hadisə barədə məlumat verilib. Əlavə olaraq, "BNN Network", "Morning Express", "Menafn", "Postsen", "TRT Haber" kimi məşhur xəbər saytları da Fransada AzTV əməkdaşlarına hücum barədə məlumat yayımlayıb.

Qeyd edək ki, Fransada fəaliyyət göstərən "TF1" televiziya kanalı da məhz Azərbaycan reallıqlarını işıqlandırdığına görə, erməni icması tərəfindən təzyiqə məruz qalmışdı. Bütün bunlar kifayət deyilmiş kimi, sözügedən basqın hüquq-mühafizə orqanları tərəfindən sona qədər araşdırılmamış, hadisə ilə bağlı lazımi ölçü götürülməmişdir. Həmçinin son beş ildə Fransada media mühitinə nəzər yetirsək görərik ki, jurnalistlərə qarşı müxtəlif insidentlər baş verir, aksiyaları işıqlandıran media mənsubları hücumlara məruz qalır, həbs olunur, xəsarətlər alırlar.

Nəzrin ELDARQIZI,

"Respublika".