18 mart 1915-ci il nəinki Türkiyənin, ümumilikdə türk və İslam dünyasının tarixinə qanla yazılmış şərəfli bir tarixdir. Çünki tam 108 il öncə, Birinci Dünya müharibəsi zamanı dahi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qəhrəman türk ordusunun Çanaqqala cəbhəsində apardığı mübarizə və əldə edilən 18 Mart zəfəri, eyni zamanda bütün dünyada proseslərin gedişatına da təsir etdi. Bu zəfər dünya düzənini, dünya ölkələrində qüvvələr nisbətini dəyişdi, böyük türk millətinin gücünü bir daha ortaya qoydu.
Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı olub. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq xarakteri daşıdığına heç bir şübhə qalmır. Bu döyüşlərdə əhalinin bütün təbəqələri iştirak edib. Çoxlu sayda ziyalı həm vuruşub, həm də əsl vətənpərvərlik təbliğatı aparıblar. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırıb. Zəif silahlarla silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan türklərin, o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması, onların mərdlik və cəsurluğunun parlaq nümunəsi kimi qiymətləndirilməlidir.
İllər sonra Çanaqqala döyüşü bir dastana çevrilmişdir. Bu dastandakı qəhrəmanlardan biri də yanındakı topçuların hamısı şəhid olaraq tək qalan Seyid çavuşdur. Düşmən gəmisi boğaza yaxınlaşırdı. Gəmi boğaza girsə, Anadolunun taleyi həll olunacaq və düşmən İstanbulu işğal edəcəkdi. Seyid çavuş (qoca Seyid) isə tək idi. Atmağa 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Adi vəziyyətdə bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması ağlabatan görünmürdü. Amma Seyid çavuş özü də inanmır ki, haradan ona güc gəlir ki, o, 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur və atəş açır. Bu atəşlə o, gəminin gövdəsini dağıdır və onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına səbəb olur. Bir sözlə, bir mərmi, bir nəfər topçu Çanaqqala döyüşünün taleyində çox mühüm və əhəmiyyətli rol oynayır.
Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, yəni, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, yəni 18 Mart - Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Bununla yanaşı, Çanaqqala döyüşü məhvolma vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türk vətəndaşının mübarizliyinin simvolu kimi əbədiləşmişdir.
Əgər Çanaqqala savaşında Türkiyə məğlub olsaydı, bu gün bütün türk-islam aləmi Qərbin köləsi olacaqdı. Məhz bu baş verməsin deyə, Çanaqqalada dünyanın müxtəlif yerlərindən, o cümlədən o taylı-bu taylı Azərbaycandan gəlmiş türk-müsəlmanlar türkiyəli qardaşları ilə çiyin-çiyinə vuruşaraq şəhid və ya qazi oldular.
259 gün davam edən və böyük insan itkisi (türklər (250869), azərbaycanlılar (3000), ingilislər (216014) və fransızlar (47745)) ilə nəticələnən Çanaqqala döyüşü mənəvi gücün maddi və texniki üstünlüklər üzərində qalibiyyət simvoludur. Türk əsgərinin nəyin bahasına olursa-olsun, öz şərəfini, ləyaqətini, əqidəsini qoruma gücündə olduğunu göstərən bir meydandır Çanaqqala zəfəri. Türk əsgərinin şücaəti nəticəsində bu qələbədə Azərbaycanın da payı var və eyni zamanda Çanaqqala zəfəri o zaman Azərbaycanda gedən ictimai-siyasi proseslərə də çox mühüm təsir göstərib. Belə ki