Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları azad edilmiş ərazilərimizə investor marağını da artırır.
"İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki, əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi". Bu fikirləri iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan, yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir.
Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir. İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur.
Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infrastrukturun yaradılması sürətlə davam etdirilir. Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərirdi. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə onların sayı 7-yə çatıb.
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, sənaye parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.
Araz Vadisi İqtisadi Zonası Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə sənaye parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq. Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin tikintisi ilə tanış olub, "Holcim Azərbaycan" ASC-nin, "Az-Tex-Import" MMC-nin, "Improtex Qarabağ Sənaye Kompleksi" MMC-nin müəssisələrinin təməllərini qoyub. Sənaye parkının 5 hektar ərazisində "Holcim Azərbaycan" ASC tərəfindən müasir texnologiyalar əsasında əmtəə beton və quru yapışdırıcı istehsalı üzrə zavod inşa olunacaq. Bununla yanaşı, ərazidə sement satışı üçün terminal da qurulacaq. Ümumi investisiya dəyəri 3,74 milyon manat olan müəssisədə Avropanın qabaqcıl texnologiyalarından istifadə ediləcək. Parkın digər rezidenti "Az-Tex-Import" MMC tərəfindən 2 hektar ərazidə investisiya həcmi 3,8 milyon manatdan çox olan yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngültonnajlı yük avtomobillərinin yığımı nəzərdə tutulur. İtaliya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC tərəfindən isə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının 5 hektarlıq ərazisində dəyəri 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır.
Bu il iyunun 17-də Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iştirak edərək parkın ərazisində yaradılmış şəraitlə tanış olublar. Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Burada işğaldan azad edilmiş ərazilərimizdə istifadə olunan 1500-dək nəqliyyat vasitəsinə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Prezident İlham Əliyev deyib ki, sənaye zonalarının yaradılmasında dövlət yenə də əsas yükü öz üzərinə götürür, bütün infrastruktur, tikililər - dövlət tərəfindən inşa ediləcək, hər rayonda müasir sənaye zonaları olmalıdır. Bu da müsbət nəticələr verəcək, insanlar işlə təmin ediləcək.
Mustafa KAMAL,
"Respublika".