Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi strategiyası ölkənin davamlı və dayanıqlı inkişafının təmin olunmasına, rəqabətqabiliyyətli iqtisadiyyata, əhainin sosial rifahının yüksəlişinə yönəlmişdir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionlarla bağlı qəbul edilmiş Dövlət proqramları böyük əhəmiyyət kəsb etmişdir.
Bu sahədə qəbul edilən və həyata keçirilən Dövlət proqramları üzrə vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan vermişdir. Mütəmadi olaraq reallaşdırılan layihələr bölgələrdə sosial infrastrukturun təminatını, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını özündə ehtiva edir. Yeni müəssisələrin istifadəyə verilməsi ilə əlavə iş yerləri açılır, əhalinin məşğulluğu təmin edilir, gəlirləri artır. Bir sözlə, 2004-cü ildən etibarən uğurla icra olunan Dövlət proqramları nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, regionların potensialı xeyli artıb, rentabellik yüksəlmişdir.
Gəncədə də nəzərdə tutulan iqtisadi layihələr həyata keçirildikdən və istehsal tutumlu sənaye müəssisələri yaradıldıqdan sonra şəhərin potensialı artmaqdadır, bu isə vətəndaşların sosial həyatında mühüm rol oynayır. Şəhərdə istehsal olunan sənaye məhsulunun əsas hissəsi emal sənayesinin payına düşür. Emal sənayesində kompüter, elektron və optik məhsulları, qida, un və un məmulatları, tikinti materialları, toxuculuq, kağız və karton, mebel, nəzarət ölçü cihazları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində, həmçinin metallurgiya sənayesində artım müşahidə olunur. Emal sənayesinin strukturunda metallurgiya sənayesi, avtomobil, qoşqu və yarımqoşquların istehsalı artmaqdadır. Göstərilən sahələrin inkişafı ilə yanaşı, müasir, yeni istehsal sahələrinin yaradılması üçün də addımlar atılmışdır. Hazırda şəhərin müəyyən ərazilərində tikinti materialları istehsal zavodlarının inşası və sairə gündəmdədir. Bu isə şəhərin potensialının artması və yeni iş yerlərinin yaradılmasının bariz nümunəsidir.
İqtisadiyyatın əsası, eyni zamanda bölgələrin əsas yeraltı sərvətləri neft, təbii qaz, pirit, kobalt, barit, dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, bentonit xammalıdır. Bu baxımdan, Daşkəsən dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəngdaşı kimi zəngin yataqlara malikdir. Daşkəsəndəki filiz yataqlarından səmərəli istifadə edilməsi cənab Prezidentin diqqət mərkəzindədir. "AzerGold" QSC-nin Daşkəsən rayonunda da ölkə iqtisadiyyatına gəlir gətirməsi, o cümlədən Daşkəsən rayonu ərazisində mövcud olan dəmir filizi yataqlarının işlənməsi və istismarı üzrə iş proqramı çərçivəsində yataqlarda üstaçma və dəmir filizinin çıxarılmasına geniş imkan yaratmış, yeni iş yerlərinin açılmışdır. Ümumiyyətlə, Daşkəsən eyni zamanda əkinçiliyin, maldarlığın, arıçılığın, hətta turizmin inkişafı üçün yüksək potensiala malikdir. Məhz dövlətin diqqət, qayğısı və dəstəyi nəticəsində sakinlərin rifah halı yüksəlmişdir.
Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində ərsəyə gəlmiş, əzəmətli ana Kürün qoynunda uyan Samux rayon ərazisində yerləşən iri elektrik enerjisi sənayesi - Gəncə və Yenikənd SES-lərinin burada fəaliyyət göstərməsi rayonun iqtisadiyyatına yetərincə töhfə vermişdir. Belə ki, Kürün hər iki sahilində yerləşən münbit torpaqlardan Samux sakinləri yetərincə bəhrələnir. Burada böyük sahələri əhatə edən meyvə bağları, iri təsərrüfatlar (taxıl, kartof, qarğıdalı və digər bitkilər) və iri yeni tipli müəssisələr fəaliyyət göstərir. Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa etdirilən "Aqroenerji" kompleksin 9 min günəş paneli quraşdırılmışdır.
Ecazkar təbiətə, füsunkar gözəlliyə malik Göygöl rayonu da yüksək potensiala malik olması ilə diqqəti çəkir. Rayon sakinləri əkinçilik, maldarlıq, üzümçülüklə, arıçılıqla məşğuldur. Rayonda Göygöl Şərab Zavodu ASC, Qızıl Balıq Yetişdirmə Zavodu fəaliyyət göstərir. Gəncə çayının hövzəsində süni göllərdə balıq yetişdirilir. Regionda tanınan mineral suları ilə zəngindir. Göygöl Şərab Zavodu ASC-də Azərbaycanın qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisədə yetərincə işçi qüvvəsi çalışır. Bu gün zavod yüksək reytinqə malik bir müəssisə olaraq, öz məhsulunu müxtəlif ölkələrə ixrac edir. Füsunkar mənzərəyə malik olan Göygöl və Hacıkənd qəsəbəsi Gəncə şəhərinin tabeliyində olsa da, Göygöl inzibati rayonunun ərazisindədir. Turist axını ilbəil artmaqdadır. Göründüyü kimi, bütün sahələrdə potensialı ilə diqqəti çəkir.
Qədim Oğuz yurdu, dünyanın nadir incisi olan, nəhəng Qafqazın zəngin torpaqlarında yerləşmiş, Azərbaycanın möcüzəli, sehirli və əfsanəvi məkanlarından olan şanlı Naftalan dövlət başçısının sonsuz diqqət və qayğısı nəticəsində, öz keçmiş şöhrətinə qayıtmış, sözün əsl mənasında, dünya səviyyəsində təbabəti, təbiəti və qonaqpərvərliyi ilə xalqımızın imicini zənginləşdirmişdir. Eyni zamanda, Naftalan dünya əhəmiyyətli balnioloji kurort kimi məşhurlaşmışdır. Ona görə ki, Naftalan unikal müalicəvi əhəmiyyəti olan "Naftalan" nefti ilə tanınaraq, Naftalan sağlamlıq turizmi xidmətləri sahəsində böyük potensiala malikdir. Dünya standartlarına cavab verən otellər, ponsianatlar və parklar ansambl yaradaraq, ecazkar bir mənzərə yaratmışdır. Bildiyimiz kimi, şəhərdə qeyri-neft sektorunda prioritet əsasən turizm sahəsidir. Ölkə başçısının xüsusi diqqəti sayəsində Naftalanda son illər turizm sektorunun inkişaf etdirilməsi istiqamətində bir çox yeni layihələr həyata keçirilmiş və şəhərin infrastrukturu tamamilə yenilənmişdir. Eyni zamanda, Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürdüyündən xarici turistlər məhz Azərbaycanı-Naftalanı üstün tutmuş və burada istirahət edir, müalicə alırlar. Möcüzəvi şəfası ilə dünyada məşhur olan Naftalan vannasından yararlanmaq üçün Naftalan şəhərinə təkcə 7 ay ərzində 15 mindən çox turist gəlib. Onların üçdə biri dünyanın 36 ölkəsindən gələn turistlər olub. Naftalanın şəfalı vannalarından yararlanan əcnəbi turistlər arasında Rusiya, Qazaxıstan, Özbəkistan, ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, İsveçrə, Monqolustan və digər ölkə vətəndaşları da var.
Kurort şəhəri həm də yerli turistlərin sevimli istirahət ünvanına çevrilib. Qeyd edək ki, Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3500-ə yaxın turist qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Xatırlatmaq yerinə düşərdi ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların həyata keçirilməsini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən ümummilli lider Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin qısa təhlili bu fikrin qəti qənaət olduğunu sübut edir. Bəli, dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu vədi açıqlamışdı ki, yoxsulluq deyilən sosial bəla aradan qaldırılacaq, iqtisadi tərəqqi insanların gündəlik həyatında öz əksini tapacaq, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılacaq. Bu isə öz növbəsində, insan amilinin dövlət siyasətinin əsasında dayandığını nümayiş etdirir. Son 20 ildə xalqımız bunun real həyatda şahididir. Hazırkı dövrdə - işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin getdiyi bir mərhələdə dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərməsi də bunun təsdiqidir.
Zabit XƏLİLOV,
"Respublika".