Qarabağ öz təbiəti və mövqeyinə görə ölkəmizin ən gözəl guşələrindən biridir. Bura öz havası, suyu, dağları və bitki örtüyü ilə hər kəsi özünə heyran edir. Həmçinin, ən qədim yaşayış məskənlərinin ərazidə yerləşməsi regionun qədim tarixə məxsus olmasının sübutudur. Birinci Qarabağ müharibəsi dövründə, erməni separatçıları vətəndaşlarımızı öz yurd-yuvalarından, doğma torpaqlarından tərk etməyə məcbur edib. Soydaşlarımız soyuq qış günlərində heç bir əşya götürmədən evlərindən didərgin salınıb. Azərbaycan tərəfi isə heç bir zaman Qarabağda yaşayan erməni əsilli şəxsləri köçməyə məcbur etməyib, onlara vətəndaşlıq təklif edib.
30 il müddətində Qarabağdan məcbur köçən insanlarımız heç bir zaman ümidini itirməyib, səbirlə doğma yurdlarına qayıdacaqları günü gözləyiblər. Sadəcə 44 gün ərzində rəşadətli ordumuz Şuşa, Laçın, Kəlbəcər və daha bir çox şəhərlərimizi, kəndlərimizi düşmən tapdağından qurtarıb. İkinci Qarabağ müharibəsi dövründə əsgərlərimizin işğaldan azad olunan ərazilərdə öz evlərini görüb oradakı xatirələrini danışdıqları videolar hərkəsi sevindirirdi...
Böyük həsrətə tezliklə son qoyulması üçün burada quruculuq işləri sürətlə davam edir. Bütün keçmiş məcburi köçkünlər öz evlərinə qayıtması, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün bütün işlər görülür. Müzəffər Ali Baş Komandan 2020-ci il oktyabrın 20-də xalqa müraciətində Zəngilan şəhəri və rayonun bir çox kəndlərinin işğaldan azad olunduğunu elan etmişdi. Ərazilərimiz işğaldan azad olunarkən Prezident İlham Əliyev xalqa buranın sakinlərinin ən qısa zamanda öz ata-baba yurdlarına qayıdacaqlarına söz vermişdi. Böyük Qayıdışın ilk addımları 2022-ci ilin iyul ayında Zəngilan rayonunun Ağalı kəndinə köçlə başlanıb. Ağalı kəndinə ilk olaraq 41 ailənin köçü nəzərdə tutulub. 12 aprel 2022-ci il tarixində Prezident İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə vurğulayıb: "Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik". Daha sonra Tərtərin Talış kəndinə, Laçın və Füzuliyə köç başlayıb. Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Füzuli şəhərinə daha bir köç karvanı avqustun 21-də yola salınıb, 24 ailə doğma şəhərinə qayıdıb.
Nəhayət, dünən Laçın rayonunun Zabux kəndinə ilk mərhələdə 20 ailədən 88 nəfər köçürülüb. Köçkünlər Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola düşüb. Doğma yurda qayıdan əhalinin sevinc hissləri üzlərindən oxunurdu. 30 ildir bu tarixi anı gözləyən Laçın sakinləri prezidentə öz təşəkkürlərini bildiriblər. Ümumilikdə, Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
Prezident və xanımı, Birinci vitse-prezident Mehriban xanım Qarabağa səfərləri zamanı burada görülən quruculuq işləri ilə yaxından tanış olur, öz təklif və iradlarını bildirirlər. Böyük Qayıdışın ilk mərhələsi Zəngilan rayonu ilə başlayıb. Digər bütün ərazilər üçün də həmçinin qayıdış plan üzrə davam edir. Bu proses bütün vətəndaşlarımız öz doğma yurdlarına qayıdana qədər davam edəcək. Ərazilərimiz işğaldan azad olunanda həmin ərazilərə Azərbaycan bayrağı sancılıb və o şanlı bayraq daim dalğalanacaq.
Nurcan SÜLEYMANOVA.