Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalamışdır
Hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti ilə də müəyyən edilir. Bu baxımdan, xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına hər zaman böyük həssaslıqla yanaşır, həmvətənlərimizi ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirirdi. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza öz milli mənsubiyyətlərini, mənəvi dəyərlərini qoruyub saxlamaq üçün azərbaycançılıq ideologiyası ətrafında birləşməyi təlqin edir, bu ideologiyanın milli həmrəyliyin aparıcı amilinə çevrilməsi üçün mühüm işlər görürdü. Dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporun potensialından dövlətimizin maraqlarına uyğun şəkildə faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əsasında dayanırdı.
1993-cü ildə xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev diaspor quruculuğu sahəsində də əvəzolunmaz işlər görmüş, xaricdə yaşayan həmvətənlərimizin bir amal uğrunda birləşməsi dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Xarici ölkələrə dövlət səfərləri zamanı mütəmadi olaraq Azərbaycandan kənarda yaşayan soydaşlarımızla görüşən ulu öndər onların qayğıları, problemləri ilə maraqlanır, həlli istiqamətində zəruri tədbirlər həyata keçirirdi. Heydər Əliyev böyük uzaqgörənliklə yalnız güclü diaspora malik xalqların xarici siyasətdə mühüm uğurlar qazandığını, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruduğunu, ümummilli problemlərinin həllinə nail olduğunu, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edə bildiklərini vurğulayırdı. Ulu öndər dövlətimizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması üçün xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü dönə-dönə qeyd edir, onların təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verirdi.
2001-ci il may ayının 23-də dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların birləşməsi, bir-biri ilə əlaqələrinin yaradılmasına xidmət edən Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə ümummilli lider Heydər Əliyev müvafiq sərəncam imzalamış, həmin ilin noyabr ayında 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın iştirakı ilə Dünya Azərbaycanlılarının I Qurultayı baş tutmuşdur. Qurultayda geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: "...Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".
Ulu öndərin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Qurultayın keçirilməsindən az müddət sonra - 2002-ci il iyul ayının 5-də Prezident Heydər Əliyevin Azərbaycan diasporunun siyasi və ideoloji birliyinin təmin olunması, həmvətənlərimizin bir-biri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə imzaladığı "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində atılan əhəmiyyətli addım idi.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor quruculuğu son 20 ildə daha da inkişaf etdirilmiş, xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid amal ətrafında birləşməsi dövlət siyasətinin əsas istiqamətini təşkil etmişdir. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə hesablanmış mühüm işlər görülmüşdür. Diaspor quruculuğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, həmçinin dostluq münasibətində olan digər xalqların nümayəndələri ilə əlaqələrin genişləndirilməsi üçün ölkə başçımızın 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanı olan Komitə bu gün Azərbaycan diasporunun təşkilatlanmasında mühüm rol oynayır. Azərbaycan Respublikası qanunvericiliyinə, eyni zamanda beynəlxalq hüquq normalarına uyğun olaraq xarici ölkələrdə yaşayan həmvətənlərimizin hüquq və azadlıqlarının, milli mənsubiyyətinin qorunması, ana dilinin öyrənilməsi və tətbiqinin genişləndirilməsi, habelə dost ölkələrin diaspor təşkilatları ilə əlaqələrin qurulması və bu əlaqələrin inkişaf etdirilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir. Komitə öz işini xarici ölkələrdə yaşayan soydaşlarımızı, onların yaratdıqları diaspor təşkilatlarını dövlətimizin müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı, eyni zamanda digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi istiqamətində qurur. Həmçinin, ölkəmizdə həyata keçirilən müstəqil, hüquqi və dünyəvi dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xarici ölkələrdə yaşayan həmvətənlərimizi, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq, dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri xarici ölkələrdə yaşayan soydaşlarımız arasında təbliğ etmək və s. vəzifələri həyata keçirir.
Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın öz Vətənləri ilə sıx əlaqə saxladıqlarını və bu əlaqələrin günbəgün möhkəmləndiyini bildirən ölkə başçımız ötən il aprelin 22-də Şuşa şəhərində 65 ölkədən 400-dən çox diaspor nümayəndəsinin və qonaqların iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayında çıxış edərək demişdir: "…bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir. Mən də öz həmkarlarımla, harada ki, azərbaycanlılar yaşayır, o ölkələrin rəhbərləri ilə daim bu məsələyə diqqət yetirirəm".
Bu gün qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Beynəlxalq siyasətdə diaspor təşkilatlarının artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyəti tarixi zərurətə çevirib. Diasporla İş üzrə Dövlət Komitəsi də məhz bu zərurətdən yaradılmışdır.
Mehparə ƏLİYEVA,
"Respublika".