Tarixin sərt sınaqlarından, amansız hökmündən hər zaman alnıaçıq çıxaraq dünya tarixində qəhrəmanlıq salnaməsi yazan türk oğlu zamanın gərdişində dünyanın siyasət meydanından çəkilməmək üçün qətiyyətli mübarizə aparmış, millətinin azadlıq, istiqlaliyyət ruhu onu hər zaman qüdrətli və yenilməz etmişdir. Soy və dil birliyinə malik olan böyük türk milləti mübarizə meydanında hər zaman öz məqsədinə çatmağı bacarmış, türksoylu imperiyaların daim tərəqqiyə və təkmilləşməyə doğru təkamülü onu həmin tarixin yaradıcısına çevirmişdir.
1923-cü ildə "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulan Türkiyə Cümhuriyyəti türk dünyasının yeganə müstəqil dövləti kimi keşməkeşli tarixində ümumtürk dünyasının qurulmasında, türkdilli ölkələrin azadlıq, müstəqillik hərəkatında aparıcı qüvvə olmuş, ən çətin günlərində belə dili bir, dini bir qardaşlarının birliyinə təməl qoymuş, dünya tarixində dönüş yaratmışdır. Bu gün türk birliyi, türk həmrəyliyi dünyanın ən iri dövlətlərini sözün əsl mənasında narahat edir. Belə ki, dünya düzəninin yenidən formalaşdığı zaman kəsiyində beynəlxalq aləmdə cərəyan edən hadisələr, Azərbaycan-Türkiyə əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türkün öz millətinin rifahı naminə çıxdığı yoldan geri dönməyəcəyini və bu yolda "türkün türkdən başqa dostu yoxdur" ifadəsini daha aktual edir.
Türkiyə Respublikasının qurucusu böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur "kəlamı, xalqımızın ulu öndəri Heydər Əliyevin "bir millət, iki dövlət" deyimi bugünkü Türkiyə-Azərbaycan münasibətlərinin siyasi xəttini əks etdirir. Bəli, Türkiyə-Azərbaycan birliyi bu gün ən yüksək inkişaf mərhələsində özünü təzahür edir. Xoş müjdəli günlərində uğurlarından qol-qanad açan, çətin günlərində çiyinlərini bir-birinə söykəyən iki qardaş ölkə işıqlı sabahlara doğru birgə addımlayır, türk dünyasının həmrəyliyində bütün səylərini birləşdirir.
Dərin tarixi, mədəni və geosiyasi bağlara söykənən Azərbaycan-Türkiyə münasibətləri ortaq dəyərlər, strateji maraqlar və qarşılıqlı əməkdaşlıq əsasında inkişaf edir. Əsrlər boyu mövcud olan əlaqələr zaman keçdikcə çoxşaxəli xarakter almış, müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Qarşılıqlı güvən əsasında formalaşan siyasi, iqtisadi, ticari, mədəni və hərbi əməkdaşlıq bütün türk dünyasının birliyinə və eyni zamanda, daha firavan, daha ədalətli bir dünyanın qurulmasına xidmət edir. Müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat və infrastrukturun inkişafı ortaq maraqlar və regional çağırışlarla gücləndirilmiş möhkəm strateji tərəfdaşlığın, regional sabitliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik təhdidlərinin aradan qaldırılması istiqamətində birgə fəaliyyətin nümunəsidir.
Enerji sahəsində əməkdaşlıq Türkiyə-Azərbaycan münasibətlərində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr Azərbaycan neftinin və qazının Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini asanlaşdırıb, enerji təhlükəsizliyini gücləndirib və hər iki ölkə üçün iqtisadi artıma təkan verib. Bundan əlavə, Türkiyə və Azərbaycan regionda ekoloji təmiz enerji mənbələrinin geniş potensialından istifadə etmək məqsədilə bu sahədə əməkdaşlıq üçün yeni yollar araşdırır. Tikinti, turizm, kənd təsərrüfatı, istehsalat, informasiya texnologiyaları və s. müxtəlif sahələr iqtisadi mübadilələrə təkan verən ikitərəfli ticarət həcmini əhəmiyyətli dərəcədə artırır. İnvestisiyaların yatırılması, birgə müəssisələrin yaradılması iqtisadi artıma, texnoloji tərəqqiyə və məşğulluğun təmin olunmasına töhfə verir. Təhsil sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətidir, bilik və təcrübə mübadiləsi insan kapitalının inkişafına töhfə verir, mədəni anlaşmanı gücləndirir və gənclər arasında əlaqələri möhkəmləndirir. Həmçinin Azərbaycan zabitləri Türkiyənin hərbi müəssisələrində təhsil alır, türk təlimçiləri onlara xüsusi təlimlər keçir, tövsiyələr verirlər. Bu təhsil təşəbbüsləri hərbi qulluqçuların peşəkarlığını daha da artırır.
Güclü müdafiə əlaqələri