Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Zəfərimizi gələcək nəsillərə çatdırmaq məqsədilə çoxlu sayda kitablar yazıldı, nəğmələr qoşuldu.
Belə kitablardan biri də Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rahib Kərimli və hüquqşünas Turxan Mahmudov tərəfindən araya-ərsəyə gətirildi. "Elm və Təhsil" nəşriyyatında çap olunan "Dəmir Yumruq" kitabı ölkəmizin ərazi bütövlüyünü təmin edib, 30 illik işğalına son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik və siyasi fəaliyyətindən bəhs edir.
Kitabda ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin xalqla olan doğma, səmimi münasibətindən, xalq-dövlət birliyindən geniş söhbət açılır. Məqalələrin ana xəttini Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbəmiz təşkil edir. Bu qələbənin bizim üçün, ölkəmiz üçün tarixi-siyasi əhəmiyyətindən, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan bəhs olunur. Eyni zamanda müəlliflər "Dəmir Yumruq" kitabında dövlət başçımızın 2003-2020-ci illərdə apardığı siyasətin mahiyyətini, xalqımıza, dövlətimizə olan yüksək təsir və əhəmiyyətini də geniş şəkildə şərh ediblər.
Vətən müharibəsindəki möhtəşəm qələbəmizə qədər Ermənistan-Azərbaycan münaqişəsini təhlil edərək keçən bu müddət ərzində problemin aradan qaldırılması üçün Prezident İlham Əliyevin apardığı düzgün, məntiqli siyasət əks olunmuşdur. Kitabı oxuduqca, iki yüz illik tarix ərzində erməni-müsəlman davalarının, bu illər ərzində bədnam qonşumuzun bizə qarşı daim düşmən mövqeyi tutmasının bir daha şahidi oluruq. Qeyd olunduğu kimi, 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində qazandığımız hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən şanlı hadisəsidir.
Kitabdakı "Ulu öndər", "Fövqəlbəşər" və "Heydər Əliyevin inkişaf strategiyası" adlı məqalələrdə ümummilli lider Heydər Əliyevin xalqımıza göstərdiyi mənəvi diqqət və qayğıdan, ermənilər tərəfindən işğal altında olan Qarabağ torpaqlarının azadlığı uğrunda məqsədyönlü siyasətindən də geniş söz açılır. Heydər Əliyevin müdrik fikirlərinə söykənən müəlliflər dahi rəhbəri əvəzsiz şəxsiyyətə, uca zirvəyə bənzədiblər.
"Dəmir Yumruq" kitabında Vətən müharibəsinin şanlı qələbəmizlə başa çatmasının Azərbaycanın geosiyasi vəziyyətinə, beynəlxalq aləmdə tutduğu mövqeyinə və nüfuzuna təsiri təhlil olunur.
İnanırıq ki, bu kitab gələcək nəsillərin stolüstü kitabı olacaq.
Ramidə YAQUBQIZI,
"Respublika".