Dəliməmmədli şəhərinin Baş planı təsdiq edilib
Region

Dəliməmmədli şəhərinin Baş planı təsdiq edilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən ölkəmizdə son illər şəhərsalma sahəsində aparılan islahatlar, kompleks planlaşdırma və sistemli fəaliyyətin təşkili üzrə reallaşdırılan layihələr çərçivəsində şəhərlərimizin gələcək inkişafının əsasını təşkil edən Baş planlarının hazırlanması prosesi uğurla davam etdirilir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanan növbəti belə ərazi planlaşdırılması sənədi - Goranboy rayonunun Dəliməmmədli şəhərinin 2040-cı ilə qədərki dövr üçün nəzərdə tutulan Baş planı Nazirlər Kabinetinin 6 iyul 2023-cü il tarixli müvafiq Qərarı ilə təsdiq edilib.

Dəliməmmədli yaşayış məntəqəsi 1991-ci ildə şəhər statusu alıb. Dəliməmmədlinin ilk Baş planı 1981-ci ildə işlənilmişdir. Təsdiq olunmuş yeni sənəd şəhərin 2-ci Baş planıdır. Şəhərin ümumi sahəsi 411,5 hektar, əhalisi isə 5,6 min nəfər təşkil edir.

Dəliməmmədli strateji-coğrafi mövqeyə malikdir - "Şərq-Qərb" ("İpək Yolu") yolunun, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya infrastrukturunun, habelə Bakı-Tbilisi-Qars dəmiryolunun keçdiyi marşrutlar üzərində yerləşir. Şəhərin əhəmiyyətli logistik mərkəz tarixinin simvolu hələ 1883-cü ildə tikilmiş və bu gün də fəaliyyət göstərən dəmiryolu stansiyasıdır.

Yeni Baş planın əsas məqsədi - əsrlərlə formalaşmış yaşayış məntəqəsinin müasir şəhərsalma standartlarına uyğun gələcək inkişafını təmin etməkdir. 2040-cı ildə şəhər əhalisinin 28 faiz artaraq 7,2 min nəfərə çatdırılacağı proqnozlaşdırılır. Əhalinin artım tempinə uyğun olaraq Baş planda yaşayış fondunun ümumi sahəsinin 78,3 min kvadratmetrdən 108 min kvadratmetrədək genişlənəcəyi planlaşdırılıb.

Yeni Baş planla şəhərin gündəlik həyatının dinamikasını təmin etmək üçün vahid nəqliyyat infrastrukturunun inkişafı, yolların uzunluğunun artırılması nəzərdə tutulur. Yaxın gələcəkdə küçə-yol, piyada və velosiped infrastrukturu Dəliməmmədli sakinlərinə müxtəlif funksional zonalar arasında rahat, sürətli və təhlükəsiz hərəkət etməyə imkan verəcək. Baş plana uyğun olaraq, şəhər ərazisində nəqliyyat və küçə-yol şəbəkəsi vahid sistem şəklinə salınıb və 2040-cı ilə qədər küçə-yol şəbəkəsinin 36,3 kilometrə, magistral küçə və yolların 14,4 kilometrə qədər artırılması nəzərdə tutulub.

Dəliməmmədli şəhərinin növbəti inkişaf dövrünü əhatə edən Baş planda əhalinin məşğulluğu məsələsinə də xüsusi diqqət yetirilib. Belə ki, şəhərin ümumilikdə 17,2 hektar təşkil edən ictimai-işgüzar zonasında ticarət, iaşə obyektləri və digər xidmət müəssisələrinin tikintisi nəzərdə tutulub.

Ölkəmizdə 20 illik perspektivə hədəflənən Baş planlarda bir qayda olaraq ekoloji nöqteyi-nəzərdən sağlam yaşayış mühitinin formalaşdırılması, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün rahat şəraitin yaradılması prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Baş planda Dəliməmmədli sakinlərinin istirahətə olan tələbatını ödəmək üçün layihədə arasıkəsilməz və bütün şəhəri əhatə edən ümumi istifadəli yaşıllıq sistemi nəzərdə tutulmuşdur.

Dəliməmmədli şəhərində bu istiqamətdə mühüm dəyişikliklər edilməklə, 2040-cı ilə qədər ümumi istifadədə olan park və yaşıllıq ərazilərinin 11 dəfə artırılaraq 13,92 hektara çatdırılacağı nəzərdə tutulub. Xüsusilə, açıq havada idman sahələrinin inkişaf etdirilməsi üçün Baş planda 6,48 hektar sahə ayrılıb. Həmçinin şəhəri piyadayönümlü etmək və insanların mobilliyinin artırılması məqsədilə velosiped zolaqlarının salınması planlaşdırılıb.

Eyni zamanda, şəhərdə yerləşən idman komplekslərinin sahələrinin 2 dəfə böyüdülərək, 1077 kvadratmetrə çatdırılması nəzərdə tutulub. Əhalisi artan şəhərin, təbii ki, təhsil yerlərinin də artmasına ehtiyacı yaranacaq. Bu məqsədlə 2040-cı ilə qədər məktəbəqədər təhsil müəssisələrində yerlərin 380-ə, ümumtəhsil müəssisələrində isə 1080-ə qədər artırılacağı nəzərdə tutulur.

Nəriman CAVADOV,

"Respublika".