Xəbər verdiyimiz kimi, avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan müxtəlif formatlarda sülh danışıqları aparıb. Lakin hər müzakirə öncəsi və ya sonrası Ermənistan tərəfi təxribatlara əl atır, atəşkəsi pozur.
Millət vəkili Elşad MirbƏŞiroĞlu bildirib ki, bu, hər şeydən öncə onun göstəricisidir ki, tarix boyunca ermənilər öz xislətini dəyişməyib: "Onlar hər zaman qonşularına münasibətdə əsassız ərazi iddiaları ilə çıxış edib, onlara qarşı təxribatlar törədiblər. Ermənilər daim ərazilərini böyütməyə can atıblar. Biz bunu tarixən müşahidə etmiş və hər zaman da görmüşük ki, erməninin xasiyyəti dəyişməz olaraq qalır. Azərbaycan kifayət qədər güclü mövqelərə malik olduğu, öz torpaqlarını erməni işğalından azad etdiyi indiki şəraitdə Ermənistan müxtəlif vasitələrlə vəziyyəti qismən də olsa dəyişməyə çalışır. Onlara bu istiqamətdə aşkar dəstəklər də mövcuddur. Fransa davamlı olaraq Ermənistanın təcavüzkar, işğalçılıq siyasətini, Azərbaycan ərazisində erməni separatizmini dəstəkləyir. Ermənistan təxribatlarını davam etdirməklə, Azərbaycanın cavab reaksiyasına nail olduqdan sonra dövlətimizə qarşı əsasız ittihamlar irəli sürmək məqsədini güdür. Nəzərə almaq lazımdır ki, bunun informasiya təminatını da gələcəkdə Avropa İttifaqının mülki missiyası təmin edəcəkdir. Qeyd etmək lazımdır ki, Avropa İttifaqının mülki missiyasının Azərbaycana göndərilməsi haqqında qərar qəbul edildi və ötən ilin dekabr ayının 19-da mülki missiyanın müddətinin başa çatmasına baxmayaraq, ortaya hər hansı bir ciddi hesabat qoyulmadan daha uzunmüddətli, geniş tərkibli mülki missiyanın Ermənistan ərazisinə göndərilməsi haqqında qərar qəbul olundu. Bu mülki missiyanın tərkibinə də əsasən Fransa güc strukturlarının təmsilçiləri daxil edildilər. Sonra isə Kanada da mülki missiya üçün təmsilçilik iddiasını ortaya qoydu. Bunun özü də bir paradoks vəziyyət yaradır. Çünki mülki missiya Avropa İttifaqına aiddir. Kanadanın Avropa İttifaqının mülki missiyasının tərkibində təmsil olunmaq istəyi isə cavabını gözləyən başqa bir sualdır. Təbii ki, bunun cavabı aydındır - Cənubi Qafqaz regionunda ermənilərdən bir alət kimi istifadə olunaraq gərginlik saxlanılsın".
Parlamentarinin sözlərinə görə, Ermənistan tərəfi indiki şərtlər daxilində Azərbaycanla sülh sazişini imzalamağa hazır deyil: "Paşinyanın səsləndirdiyi fikirlər isə sadəcə olaraq, görüntü xarakteri yaratmaq üçündür. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sənəd üzərində göstərməlidir. Ermənistan isə belə bir sənədə imza atmaqdan hər vasitə ilə yayınmağa çalışır. Birincisi, tam məğlub vəziyyətində Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaqsa, bu, onun siyasi karyerasının sonu olacaq. Paşinyanı hakimiyyətə gətirən dairələr də onun vəzifədə qalmasını hər vasitə ilə dəstəkləyirlər. Çünki Paşinyan ona verilmiş missiyanı yerinə yetirə bilməyib. Bu da ondan ibarətdir ki, Ermənistan biristiqamətli Avropa yönünü tutsun və Rusiyanın təsir dairəsindən tam uzaqlaşsın, daha doğrusu, Ermənistan Rusiyanın olduğu təşkilatlarda - Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olmasın.
Paşinyan 2018-ci ildə hakimiyyətə gəldiyi vaxtdan həm Avrasiya İqtisadi İttifaqı, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı kəskin fikirlər səsləndirib, bu təşkilatların Ermənistan üçün faydalı olmadığını vurğulayıb. Qərb istəyir ki, Paşinyanın hakimiyyətdə ömrü maksimum uzun olsun. Lakin Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması Qərbin bu planlarını da alt-üst edir. Amma indi gərginliyin saxlanılması, Azərbaycanın ərazisində yaşayan ermənilərin vəziyyəti məsələsinin məqsədli şəkildə açıq saxlanılması Paşinyanın hakimiyyətdə qalması üçün bir çıxış yolu kimi görünməkdədir. Təsadüfi deyil ki, Makron, eyni zamanda Avropanın aparıcı siyasi simaları, həmçinin Şarl Mişel Azərbaycanın ərazisindəki ermənilərin vəziyyətinin beynəlxalq mexanizmlərin tətbiq olunması ilə müəyyənləşdirilməsinin vacibliyini vurğulayırlar. Beynəlxalq mexanizmlərin tətbiq olunması isə kənar dairələrin regionda təmsilçiliyi, mövcudluğu üçün əsas yarada bilər. Azərbaycanın isə bununla bağlı mövqeyi aydındır. Ölkə Prezidenti cənab İlham Əliyev aydın şəkildə vurğulayıb ki, Azərbaycan ərazisindəki ermənilərin vəziyyətini kimləsə müzakirə etmək fikrində deyilik və Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan Konstitusiyasına, qanunlarına tabe olaraq Azərbaycan vətəndaşları kimi öz mövcudluqlarını davam etdirə bilərlər. Əks halda, onlar özlərinə başqa yaşayış yeri seçməlidirlər.
Deputat onu da deyib ki, görünən reallıqlar Qərbin də bu istiqamətdə Ermənistana kömək etməsindən ibarətdir: "Məsələn, Azərbaycan Laçın yolunda tam haqlı və beynəlxalq hüquq normalarına uyğun olaraq nəzarət-buraxılış məntəqəsini qurub. Hər bir ölkə öz sərhədində nəzarəti həyata keçirməlidir. Dünya ölkələri öz sərhədində belə nəzarət imkanını tətbiq etməkdədir. Amma Azərbaycanda bu yolun açılması tələb olunur. Bu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə aşkar qəsddir. Məsələn, Cozef Borel Laçın yolunun bağlı olduğunu və bunun açılmasını iddia edir. Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun Laçın yoluna alternativ olmadığını vurğulayır. Bu, Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmaqdır. Dinc məqsədlər üçün Laçın yolu açıqdır. Sadəcə olaraq Ermənistan tərəfi və onun Avropadakı havadarları bu məsələdən Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Ermənistan tərəfi təxribatlarını davam etdirir. Laçın yolunun girişində 21 yük maşınının saxlanılması da Azərbaycan ərazisinə hörmətsizlik əlamətidir. Ermənistan rəsmi şəkildə Azərbaycandan heç bir izn almadan ərazilərimizə yük maşınlarını daxil etməyə cəhd göstərib. Bu da təbii ki, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdidir.
Biz Ermənistanı sülhə məcburetmə strategiyasını davam etdirməliyik. Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib və onlar sərgiləmiş olduğu mövqeyə uyğun praktiki addımlar da atmalıdırlar. Azərbaycan Prezidenti bunu tələb edib. Ermənistan qeyri-konstruktiv mövqeyilə özünün acınacaqlı vəziyyətini daha da ağırlaşdırır".
Nuranə DAXİLQIZI,
"Respublika".