Ümummilli lider Heydər Əliyev bütün türk dünyasında böyük iftixar hissi ilə xatırlanır. İllər, qərinələr, əsrlər arxada qaldıqca xalqımız Heydər Əliyevi böyük hörmətlə yad edir, onu əziz bir insan kimi xatirələrdə yaşadır.
Məlum olduğu kimi, Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir.
Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlara imza atan Heydər Əliyev zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə cəsarətlə addımlayaraq müasir dövlətçiliyimizin banisi və qurucusu kimi yüksək zirvəyə ucalmışdır.
Bu gün hüquqi, demokratik dövlət quruculuğunda böyük nailiyyətlər qazanmış müstəqil Azərbaycan təkcə regionda deyil, dünyada ictimai-siyasi həyatın bütün sahələrində inkişaf edən ölkə kimi tanınır. Müstəqil dövlətçiliyimizin qorunması, ölkədaxili sabitliyin təmin olunması, dövlətin idarəçilik sisteminin, onun iqtisadi, siyasi və hüquqi əsaslarının qurulması və möhkəmləndirilməsi, milli ordunun yaradılması və formalaşdırılması, beynəlxalq münasibətlərin və mədəni əlaqələrin inkişafı məhz ümummilli lider Heydər Əliyevin vətəninə, xalqına olan bağlılığının, sevgisinin qüdrətindən doğan misilsiz xidmətləri sayəsində mümkün oldu.
Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi ilk növbədə respublikanın müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqlarımızın işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı. Yalnız onun əyilməz və dönməz qətiyyəti, cəsarəti, polad iradəsi və uzaqgörən siyasəti sayəsində ölkəmiz bu bəlalardan qurtularaq əmin-amanlığa qovuşdu, demokratik prinsiplərə əsaslanan dövlət quruculuğuna qədəm qoydu.
Ulu öndərin uzaqgörən siyasəti, cəsarətli və çevik addımları sayəsində mənfur qüvvələrin ölkəmizin təbii sərvətlərinə sahib çıxmaq arzularını ürəklərində qoydu. Dünyanın mötəbər neft şirkətləri ilə imzalanan müqavilələr təkcə iqtisadi cəhətdən deyil, həm siyasi, həm də beynəlxalq əlaqələrin qurulması və inkişafı sahəsində müstəsna əhəmiyyətə malik oldu. Heydər Əliyev Bakıya qayıtdığı ilk anlardan ölkəmizdə kəskin böhran vəziyyətini nəzərə alaraq, düşmən tərəflə atəşkəsə nail olmaq istiqamətində danışıqlar aparılmasına üstünlük verdi və 1994-cü ilin may ayında bu barədə qarşılıqlı razılıq əldə olundu. 1994-1995-ci illərdə "Əsrin müqaviləsi"nin reallığa çevrilməsi, eləcə də dövlət çevrilişinə cəhdlərin qarşısının alınması və ölkə daxilində sabitliyin bərqərar olması respublikada hüquqi islahatların aparılmasına imkanlar yaratdı. O zaman ulu öndər ölkədə baş verən hadisələri və real vəziyyəti dərindən təhlil edərək qarşıda duran əsas vəzifələri belə ifadə etmişdi: "Respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır... Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir. Öz tarixi, milli ənənələrindən bəhrələnərək dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərindən ölkənin hüquq sistemində mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılmasında, Azərbaycan Respublikasının xarici və daxili siyasi prioritetlərinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malik yeni Konstitusiyanın qəbulu məsələsinin həllinə böyük diqqət yetirmişdir. Dahi rəhbər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmişdir. Ulu öndər Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".
Müzakirələrin aparılmasına tükənməz enerji sərf edən ümummilli lider bütün səylərini prinsipial məsələlər üzrə milli maraqlara uyğun vahid fikrin və yekun rəyin əldə olunmasına yönəldirdi. Konstitusiya komissiyasının sonuncu iclasında ulu öndər demişdir: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Böyük siyasətçi və müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində hüquqi baza yaratdı və onun inkişafına təkan verdi, bütün sahələrdə hüquqi islahatların aparılmasına geniş imkanlar açdı.
Müstəqil məhkəmə hakimiyyəti sivil cəmiyyətin mühüm tərkib hissəsi olduğundan məhkəmə-hüquq islahatı konsepsiyasının hazırlanmasına və həyata keçirilməsinə xüsusi diqqət göstərilmiş, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi yaradılaraq 2000-ci ilin sentyabr ayından fəaliyyətə başlamışdır. Hakimlərin demokratik prinsiplərə, şəffaf prosedur əsasında beynəlxalq standartlara uyğun olaraq aşkarlıq şəraitində seçilməsi respublikamızda müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına şərait yaratmışdır. Ədalət mühakiməsini həyata keçirən müstəqil hakimlər korpusunun formalaşdırılması üçün 1 dekabr 1998-ci il tarixli fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və əsasnaməsi təsdiq edilmişdir.
Məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının hüquq sistemində yeri müəyyənləşdirilmiş, fəaliyyəti demokratik normalara uyğunlaşdırılmışdır. Məhkəmə-hüquq islahatlarının əsas istiqaməti məhkəmə sistemini dövlət hakimiyyətinin müstəqil qolu kimi inkişaf etdirmək və möhkəmləndirmək, Konstitusiyanın müddəalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlara uyğun olaraq insan və vətəndaş hüquq və azadlıqlarını müstəqil, səmərəli təmin etməkdən ibarət olmuşdur.
Ümummilli liderin 1993-cü ildən icrasına moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da cəza növü kimi ləğv edilmişdir. Əvvəllər ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzalarının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması, nəinki Azərbaycanda, bütün Şərqdə insan həyatını, onun dəyərini müəyyənləşdirən ilk humanist meyarlardan biri oldu. Dövlətin, vətəndaşların, bütünlüklə xalqımızın taleyinə və marağına birbaşa təsir edən humanizm ideyalarına əsaslanaraq qəbul olunan hüquqi aktlar, həyata keçirilən tədbirlər ölkədə sabitliyin bərqərar olması, xaos, özbaşınalıq hallarının qarşısının alınması nəticəsində, dövlətə və müstəqil dövlətçiliyə artan inam hissi xalqımızı işğal altında olan ərazilərimizin azad olunması uğrunda birliyə və mübarizəyə ruhlandırırdı.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin humanist siyasətinə sadiq qalaraq ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikasının adından imzalanması ilə bağlı müvafiq tapşırıq vermişdir.
2001-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul olunması, eyni zamanda dünyada mükəmməl müdafiə sistemi kimi tanınan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının başlıca institusional mexanizmi olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının tanınmasına şərait yaratmışdır.
Qarşısına qoyduğu məqsədlərə nail olan ulu öndər demokratik hüquqi dövlət quruculuğunda kifayət qədər işlərin görüldüyünü deyirdi: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifələrimizdir".
Xalqımız illərlə arzuladığı milli dövlətçiliyimizin şanlı tarixini məhz Heydər Əliyevin rəhbərliyi dövründə gerçəkləşdirmiş, sarsılmaz dayaqlar üzərində müstəqil Azərbaycan dövlətini qurmuşdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti ilə xalqımızın nail olduğu bütün möhtəşəm uğurların mənbəyi, müasir Azərbaycan dövlətinin banisi, görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin qoyduğu təməllər üzərində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına dərindən yiyələnmiş, yeni tarixi şəraitdə onun irsini ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə beynəlxalq aləmdə qarşılıqlı əməkdaşlıq, sülh, humanizm, ədalətlilik prinsiplərinə əsaslanan iqtisadi, siyasi, mədəni münasibətlərin qurulması, eləcə də xalqımızın həyat şəraiti və maddi rifahı naminə görülən misilsiz işlər, habelə ərazilərimizin bütövlüyünün təmin olunması istiqamətində əldə olunmuş möhtəşəm nailiyyətlər, atılan qətiyyətli və cəsarətli addımlar məhz ümummilli liderin proqram məzmunlu çıxışlarında dəfələrlə dilə gətirdiyi və reallaşdırma mexanizmini müəyyələşdirdiyi ideyalara sadiqliyin təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin adı xalqımızın yaddaşında əbədi yaşayacaq. Prezident cənab İlham Əliyevin fikrincə desək: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".
Ələddin MƏCİDOV,
Şəki Apellyasiya
Məhkəməsinin
Mülki Kollegiyasının sədri.