Daha çevik və səmərəli iqtisadi siyasət
Digər xəbərlər

Daha çevik və səmərəli iqtisadi siyasət

İqtisadi rayonların yenidən təşkilini məhz belə qiymətləndirmək olar

Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Bu Fərman ikinci Qarabağ savaşından sonra bölgədə yaranmış yeni reallıqlar fonunda böyük tarixi və siyasi əhəmiyyətə malik hüquqi aktdır.

İqtisadi rayonların bölgüsü, bir ziyalı kimi, məni çox sevindirib və bu sevincimi qəzetdə qısaca olaraq belə ifadə etmək istəyirəm.

Məlum olduğu kimi, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbul edilməsi və uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Bu zamanadək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları 10 iqtisadi rayon üzrə həyata keçirilirdi. Şəhər və rayonların davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin sosial-iqtisadi potensialı və əhalinin, o cümlədən hər zaman dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatələnən qaçqın və məcburi köçkün ailələrinin rifah halı köklü şəkildə yüksəlmişdir. Bu fəaliyyət Prezident İlham Əliyevin siyasi iradəsinin göstəricisi olaraq onun tarixi təşəbbüslərindən qaynaqlanır. Uzun illərdir Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşən Ağdam və Füzuli rayonlarının bir hissəsi, keçmiş Dağlıq Qarabağ ərazisinə daxil olan ərazilər və Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları məlum səbəblərə görə, bu proqramların təsir dairəsindən kənarda qalmışdılar.

Beləliklə, həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Artıq 14 iqtisadi rayondan ibarət formalaşdırılmış yeni iqtisadi ərazi bölgüsündə Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Həmçinin, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacib idi.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmana əsasən Xankəndi şəhəri və Xocalı rayonu yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

Belə ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilmişdi. Azərbaycan Prezidenti 07 iyul 2021-ci ildə imzaladığı fərmanı ilə həmin iqtisadi rayon ləğv olunub.

Onu da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərin də əhatə olunması ilə iqtisadi rayonların sayının 10-dan 14-ə qədər artırılması ölkə üzrə bütövlükdə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini, azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına sürətli  reinteqrasiyasını təmin edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi rayonların yeni bölgüsü haqqında 7 iyun 2021-ci il tarixli Fərmanı eyni zamanda cənab İlham Əliyevin tarixi və siyasi uzaqgörənliyinin daha bir nümunəsi kimi dəyərləndirilməlidir. Düşünürəm ki, iqtisadi rayonların yeni bölgüsü Azərbaycanın Qarabağ Zəfərini rəsmiləşdirmiş 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur və onun maneəsiz reallaşdırılmasına ciddi təkan verəcəkdir.

Fərid  MUSTAFAYEV,

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya

İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri.