Tarix daima yenilənir. Bizə qalan isə xatirələr olur. Bu gün artıq keçmişi xatırlamaq çox rahatdır, çünki mobil telefonlar vasitəsilə hər bir anınızı çəkib saxlaya bilərsiniz. Lakin keçmişdən, ulu babalarımızın dövründən qalan əşyaları, onların məşğuliyyətini əks etdirən nümunələri gələcək nəsillərə ötürmək rolunu muzeylər ən layiqli formada yerinə yetirir. Bu gün ölkəmizdə minlərlə muzey mövcuddur. Xalça, tarixi abidələr, kitab, rəsm, incəsənət, elmi, etnoqrafik, xüsusi əl işlərinin sərgiləndiyi muzeylər və sair... Muzeylər insanların keçmişə olan münasibətlərini tədqiq edərək mədəniyyətin inkişafına töhfələr verir. Habelə onlar turizm və mədəniyyət sahələrində də vacib rol oynayır. Dünyada və ölkəmizdə muzeylərə xüsusi qayğı və diqqət göstərilir. Hər il 18 may Beynəlxalq Muzey Günü kimi qeyd edilir.
Azərbaycanda mövcud olan maraqlı muzeylərdən biri də Ağdam şəhərində yerləşən Çörək Muzeyidir. 1983-cü ildə əsası qoyulan muzeyin daxilində çörək və un məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında abidələr ucaldılıb. İstər daxili, istərsə də xarici gözəlliyi, bəzəyi ilə seçilən muzeylərdən biridir. Çöl divarında 2 xanım və 1 bəy rəsmi ilə qarşılaşırıq. Onların arxasında günəş öz işığını ətrafa saçır, qarşısında isə Azərbaycanın təbii sərvətlərindən olan pambıq, sünbül və üzüm rəsmi görünür. Xanımlardan biri əlində səməni xonçası, digəri isə qucağında körpə uşaqla gülümsəyərək dayanıb. Əsl Azərbaycan bəyini təsvir edən rəssam isə onu əlində tar və milli geyimdə göstərib. Ölkəmizin nə qədər firavan, günəşli və bol-bərəkətli diyar olduğu rəsmdə ustalıqla nümayiş etdirilib. Təəssüf ki, bu gün bu gözəl abidədən geriyə sadəcə dağılmış daşlar qalıb. Çünki düşmən ölkənin 1992-ci ildə törətdiyi soyqırımı nəticəsində dünyada cəmi 2-ci olan Çörək Muzeyi də darmadağın olub. Bu muzey əvvəllər elektrik stansiyası olub və İkinci Dünya müharibəsində Ağdamı enerji ilə təmin edib. Xüsusi yeri olan bu binanı sonradan Çörək Muzeyi halına gətirməyə qərar veriblər və bir çox yerlərdən xatirə qalmış çörəkləri, buğdaları toplayaraq buraya gətiriblər. Kosmonavtların yedikləri çörəklər, Ağdamın Çalağantəpə ərazisindən tapılan, eramızdan 7 min əvvələ aid olan yanmış buğda dənələri və sair toplanaraq muzeydə sərgilənib. Lakin sözün əsl mənasında vandalizmin lüğətdəki sinonimi olan ermənilərin təxribatları nəticəsində bütün eksponatlar bu gün yanıb, kül olub.
Muzey həm daxili, həm də xarici turistlər arasında böyük maraq yaradıb. Çünki burada təqdim edilən çörək və digər eksponatlar mədəniyyətimizi əks etdirən, nadir nümunələr olub. Muzey turistlərin keçmişə səyahət etməsinə və Azərbaycanın mədəniyyətini, ənənələrini, gələcəyini və potensialını tanıtmaqda böyük rol oynayıb.
Ağdam Çörək Muzeyi milli mədəniyyətimizin tədqiqi və inkişafı üçün vacib bir mənbə olub. Muzey milli mədəniyyətimizin qorunması və bərpa edilməsi üçün bir mərkəz kimi fəaliyyət göstərib. Muzeydə sərgilənən nümunələrdən biri də övladını itirmiş ananın boğazından keçirə bilmədiyi, 40 ilə yaxın saxlayıb, sonradan nümayiş etdirilmək üçün muzeyə verdiyi son tikəsidir. Acını, kədəri, çarəsizliyi və bir tərəfdən də ümidi özündə birləşdirən bu çörək parçası qızıldan da dəyərli hesab edilir. Burada buna bənzər minlərlə hekayəni xatırladan eksponat olub. Lakin bu gün biz bunların heç birini təəssüf ki, görə bilmirik. Ağdam Çörək Muzeyi Azərbaycanın mədəniyyət irsinin bir hissəsi və böyük bir zənginliyimizdir. Bu gün dövlət başçımızın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə işğaldan azad olan bölgələrdə yenidənqurma və bərpa işləri sürətlə davam edir. Ümid edirik ki, dünyada cəmi 2 ədəd olan bu bənzəri olmayan Çörək Muzeyi yenidən bərpa olunacaq. Əvvəllər də olduğu kimi, dünyanın bir çox yerlərindən turistlər, səyyahlar bu muzeyi görmək üçün kilometrlərlə yol qət edəcək.
Töhfə SƏMƏDOVA,
"