“Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes forumda ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları, dağ-mədən sektoruna investisiya qoyuluşu, yerin təkindən istifadəyə dair qanunvericiliyin tələbləri, bu sahədə yeni texnologiyaların tətbiqi barədə məlumat verilib.
“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes forum keçirilib.
Forumda ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları, dağ-mədən sektoruna investisiya qoyuluşu, yerin təkindən istifadəyə dair mövcud qanunvericiliyin tələbləri, yeni texnologiyaların tətbiqi, təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsi, sözügedən sahədə hesabatlılıq, şəffaflıq və xidmətlər üzrə operativliyin təmini məqsədilə yeni istifadəyə verilmiş “Elektron platforma”nın tətbiqinə dair məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin sektor müdiri Şaiq Adıgözəlov dağ-mədən sahəsində ölkəmizin böyük potensiala malik olduğunu, bu sahədə mövcud qanunvericilik, həyata keçirilən tədbirlər, tətbiq olunan müasir texnologiyalar, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə danışıb, müvafiq tədbirlərin sektoru yerli və xarici investisiyalar üçün cəlbedici etdiyini qeyd edib.
Forumda Geoloji Kəşfiyyat Agentliyinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin və “Paşa Bank” ASC-nin əməkdaşları tərəfindən ölkəmizdə mövcud olan faydalı qazıntı yataqlarına, yerin təkindən istifadəyə dair qanunvericiliyə, yeni texnologiyaların tətbiqinə və “Elektron platforma”ya dair təqdimatlar keçirilib.
“Respublika”.