Qlobal güclərin iqtisadi, siyasi, hərbi savaşları getdikcə cığırdan çıxır. Qərbdə və Yaxın Şərqdə insan itkilərinin, hərbi əməliyyatların artması, ayrı-ayrı cəbhələrin yaranması vəziyyəti daha da gərginləşdirir. Rusiya-Ukrayna müharibəsi fonunda isə mövcud gərginliyin Cənubi Qafqaza daşınmasında Fransa olduqca böyük fəallıq göstərir.
Rusiyanın regiondakı mövqeyini sarsıtmağa çalışan rəsmi Paris bu məsələdə Ermənistanı forpost olaraq seçib. Kapitulyant Ermənistanın yardım istəyi isə müxtəlif silah və maddi yardımlar vasitəsilə qarşılanmaqdadır. Qərb savaşlarını regionumuza gətirməyə çalışan Ermənistan Azərbaycana qarşı üstünlük əldə edə biləcəyini düşünür. Rusiyadan üz döndərən psevdodövlət olan Ermənistanın yeni havadarları isə bölgədə qarışıqlığı gücləndirməyə çalışırlar. Qlobal güclərin Cənubi Qafqaza meyillənmələri isə heç də yaxşı nəticələr vəd etmir.
Bir müddət əvvəl silah yardımları, maddi dəstəklərlə bağlı verilən bəyanatlar masada qalsa da, Fransa artıq bu addımları reallaşdırır. Zirehli texnika və silah-sursatın Ermənistana göndərilməsi faktı təsdiqlənir. Belə ki, "Acmat" şirkətinin istehsalı olan "Bastion" çoxməqsədli zirehli texnikası artıq haylara göndərilib. Qeyd edək ki, "Bastion"a qoşula bilən əlavə komponentlər də verilib. Tədarükçü isə Fransanın "ARQUUS" şirkətidir. Fransa hələ ötən ilin oktyabr ayından etibarən Ermənistana hərbi dəstək verməyə başlayıb. Ermənistanda hərbi attaşe açmaqla əməkdaşlığını daha da genişləndirən Fransanın onlarla zirehli texnikanı (BTR) işğalçı ölkəyə bağışlaması da məhz bu dövrə təsadüf edir.
Rəsmi Paris Yaxın Şərq regionunda baş verən hadisələrə də ikili reaksiya verdi. Bu ölkə əvvəlcə HƏMAS-a qarşı koalisiyada iştirak edəcəyini bəyan etdi, daha sonra isə İsrail əleyhinə fikirlər səsləndirdi. Bununla Fransa islamafob siyasətinin qismən də olsa, unudulacağını təmin edir. Lakin Fransanın Afrikadakı işğalçılıq siyasəti, islamafob çağırışları tarixin yaddaşına yazılıb.
Regionun poliqona çevrilməsinə çalışan qüvvələr artıq silahları burada yerləşdiriblər. Onlar bu yolla həm Rusiyaya qarşı yeni cəbhə açır, həm də Ermənistanı silahlandırmaqla sülh danışıqlarını sabotaj edirlər. Fransanın yürütdüyü siyasət bu ölkənin nəinki Cənubi Qafqazda, bütün dünyada söz sahibi olmadığını sübut etdi. İndi Fransa yalnız konkret hadisələrə reaksiya verməklə məşğuldur. Afrikadan əli üzülən Fransa çox ciddi iqtisadi problemlərlə üzləşməkdədir. Buna rəğmən, Ukraynaya göndərmədiyi silahları bu gün Ermənistana ötürür. Bununla yanaşı, Cənubi Qafqazla birlikdə Yaxın Şərq və Orta Asiyaya da nüfuz etməyə cəhd göstərir. Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun bir müddət əvvəl verdiyi açıqlamalar da region üçün təhlükə yaradırdı. O qeyd etmişdi ki, Prezident Emmanuel Makron Cənubi Qafqazda baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. Onun sözlərinə görə, ölkəsinin əsas məqsədi Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır. Nazir onu da vurğulayıb ki, Fransa İrəvanda müdafiə missiyası yaradıb.
Fransa müasir səlibçilik müddəaları ilə hərəkət edir. Sərhədlərin müqəddəsliyi məsələlərinin tez-tez gündəmə gətirilməsi bundan xəbər verir. 25 ilə yaxın müddətdə sülh proseslərində vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə göz yuman Fransa və Qərb dairələrinin həmişə olduğu kimi, bu gün də məqsədi sülh deyil.
Çoxüzlü yanaşmanın, Yaxın Şərqə, Orta Asiyaya xain meyillərin, qlobal silahlanma prosesinin geniş vüsət aldığı bir vaxtda deyə bilərik ki, bəşəriyyət III Dünya müharibəsinin astanasındadır. Münaqişənin miqyasının getdikcə genişlənməsi bunu daha da real edir.
Nurlan ABDALOV,
"Respublika".