Cənubi Qafqaz ətrafında 60 gün
Siyasət

Cənubi Qafqaz ətrafında 60 gün

Geridə qoyduğumuz il Qarabağ regionu üçün kifayət qədər hərəkətli keçdi. "Alatoranlıq dövrü"nü keçirən bölgə fərqli hadisələrə şahidlik etdi. Azərbaycan öz tarixi torpaqlarında quruculuq işlərini və keçmiş məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirdi. Bütün istiqamətlərdə dayanıqlı inkişaf təmin edildi.

19 sentyabra qədər mövcud olan keçmiş xunta rejimi üçün isə eyni fikri söyləmək olmaz. Müxtəlif təxribat vasitələri ilə "humanitar yardım", "aclıq və səfalət", "blokada" və "Laçın ətrafında 21 Spayka" əməliyyatları ilə dünyanın diqqətini Qarabağa çəkmək istəyənlərin bu əməlləri hər dəfə ifşa edildi. BMT-nin xüsusi iclaslarında tez-tez guya Azərbaycanın həmin ərazini "blokada" şəraitində saxlaması nəticəsində aclıq və səfalətin hökm sürdüyünü bildirənlərə elə həmin iclaslarda tutarlı cavablar verildi. Bütün qərəzli yanaşmalar bir-bir gün üzünə çıxdı. Bu gün də o dövrə aid bəzi məkrli planların əsl mahiyyəti aydınlaşır.

Dünya klassik ədəbiyyatında öz möhtəşəm yerini alan "80 gün dünya ətrafında" əsərinin yazıçısı fransalı Jül Vern heç təsəvvürünə gətirməzdi ki, ölkəsi nəinki dünya ətrafında 80 gün, heç Cənubi  Qafqazda 60 gün "hərlənə" bilməyəcək. Erməni "Spayka"larına ilk öncə dəstək verib sonra "2 TIR-da bizdən olsun" deyən Yelisey sarayının iç üzü artıq hər kəsə məlumdur. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Televiziyasında bağlantı vasitəsilə çıxış edən erməni əsilli fransız jurnalist Leo Nikolyan "TIR şousu"nu ifşa edib. Nikolyan bildirib ki, "Spayka şousu" manipulyasiya idi, TIR-ların içi tamamilə boş idi. Onun sözlərinə görə, jurnalistlər ora səfər edəndə bir TIR-ın içində kiçik yüklər olub. Onlar isə məhz nümayiş üçün sərgilənirdi. Digərlərinin içində isə heç nə yox idi. İyulun 26-da Fransanın dəstəyi ilə başladılan "TIR şousu" sentyabrın 26-da bitdi. 60 günlük sərgüzəşt böyük iflasla nəticələndi.

Cənubi Qafqaz ətrafında TIR şousunun 60 günü hər dəfə eyni xətlə ifşa olunan növbəti təxribat planı idi. Özünü dünyaya "sülh quşu" kimi göstərməyə çalışan bir dövlətin Afrikanı "vassal" halına salması heç də başadüşülən deyil. Məram yavaş-yavaş itirilən müstəmləkə "yaralar"ının Cənubi Qafqazda bərpası idi ki, bu da artıq öz aktuallığını itirir. İkinci Qarabağ müharibəsindən sonra öz miqyasını artıran təxribat dalğasının bu gün artıq heç bir mənası yoxdur. Regionun "arterial damarı"nı tutmaq istəyən Fransa nəinki bunu bacardı, hətta özünü rüsvay etdi. Müxtəlif yollarla üstü örtülməyə çalışılan cinayətlər, insanlıq əleyhinə davranışlar, irqçilik, islamofobiya və separatizmə dəstək bu gün Fransanın rəzil siyasi mənzərəsini xarakterizə edir. Məhz Qarabağdakı separatçı rejimə göndərilən "içi boş azuqə", Paris meri Ann İdalqo yalanları, müdafiə üçün deyil yeni müharibə üçün silahlandırma, "persona-non grata" rüsvayçılığı Parisin Cənubi Qafqaz tərəfinə düşən iflasa uğramış planlarıdır. Birbaşa bağlantı ilə ifşa olunan "TIR şousu" isə bir daha sübut etdi ki, Yelisey sarayının təşkilatçılığı ilə Cənubi Qafqazda planlaşdırılan oyun regionu təsir altına salmaq üçün hesablanıb. Məhz bölgənin "zəif bəndi" olan Ermənistan bu qəbildən olan planların "luzer"inə, yəni bütün oyunların sonda daim məğlub tərəfinə çevrilir. 30 ildir bölgədə "boz zona" yaradan hayların 2020-ci ildən sonra yeganə şansı sülhə dəstək vermək idi. Lakin öz "bacısı"nı arxasına alan ermənilər mümkün sülhdən qaçdı və şirin vədlərə aldandı. Regionda şou yaradan Fransa da öz növbəsində yerlərdə sürünən prestijinin bərpası üçün çalışdı, lakin bu heç vaxt mümkün olmadı. 2023-cü ilin sentyabrında isə son çırpınışlar da dayandı və bölgədəki bütün şoulara yekun vuruldu. Ermənistan və Fransa üçün oyun bitdi. Növbəti etapda rəsmi İrəvan yenə "bacısı"nın "vassalı" kimi davransa da, sonra müstəqil qərar qəbul etməyi bacardı və ötən il dekabrın 7-də Azərbaycan tərəfi ilə birgə bəyanat yaydı. Lakin Yelisey sarayının simulyasiyaları aktiv şəkildə davam edir. Əvvəl iki cəbhədə təxribatlarını gücləndirən Makron hökuməti ermənilərdən ümidini üzərək birbaşa provakasiya əməllərinə əl atıb. Buna Fransanın Evian-lö Bən şəhərində Xurşidbanu Natəvanın heykəlinin sökülməyə cəhd edilməsi və iki azərbaycanlı səfirə "qarşılıq olaraq" "persona-non grata" damğasının vurulmasıdır. Çünki artıq başa düşülür ki, Ermənistan aktiv oyunçu qismində əbədi saxlanıla bilməz. Azərbaycan kimi regionun lider dövlətinin haqq mübarizəsinin önünü qərb bölgəsindən gələn təxribat cəhdləri ilə kəsmək mümkün deyildir. "Plan B"nin başlaması ilə birbaşa hücum cəhdlərinə start verən Fransanın bu əməlləri də fiaskoya uğrayacaq. Çünki "humanitar yardım" adı altında boş TIR-lar vasitəsilə şou yaradan qüvvənin planının məhz öz əlləri ilə ifşa edilməsi növbəti provakasiyaların da sonunun eyni olacağını göstərir.

Tacir SADIQOV,

"Respublika".