Dilimizi qorumaq və inkişaf etdirmək qlobal dünyada bizi irəli doğru aparan ən mühüm amillırdən biridir. Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent , Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbərli Təranə Şükürlü “Respublika”ya açıqlamasında ölkəmizdə rəsmi olaraq Azərbaycan əlifbası və Azərbaycan günü kimi qeyd olunan lakin, istirahət planına daxil edilməyən bu əlamətdar gün ilə bağlı bəzi nüanslara toxunub.
O bildirib ki, dili öyrətməyin özü sevgi üzərində qurulmalıdır:
“Hər bir şəxs dünya mədəniyyətinə bələdçiliyi dil vasitəsilə edir. Dilimizin nüfuzunu artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmaq çox vacibdir. Dilçilik İnstitutunda dilimizin saxlanması və qorunması, ədəbi dilin normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü addımlar atılır. Son illər ərzində Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti”, “Azərbaycan dilinin Orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin Orfoepiya normaları” nəşr olunub, həmçinin “ Qarabağ dialektoloji atlası” çap edilib. Bundan başqa, hazırda Qərbi Azərbaycan toponimləri və mikrotoponimləri öyrənilir və bu sahədə oktyabr ayında konfrans keçirilməyi planlaşdırılır...
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsi əsasında duran mühüm amillərdən biridir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə yanlız ünsiyyət vasitəsi kimi deyil, qədim və zəngin tarixi mədəniyyətin, müasir dünyada müəyyən ictimai mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı”.
Tacir SADIQOV,
“Respublika”.