BQXK-nın riyakarlığı itkin düşmüş şəxslərlə bağlı məsələdə özünü daha qabarıq büruzə verir
Digər xəbərlər

BQXK-nın riyakarlığı itkin düşmüş şəxslərlə bağlı məsələdə özünü daha qabarıq büruzə verir

Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi vəhşiliklər, soyqırımı siyasəti onların barbarlığını üzə çıxarıb. 44 günlük zəfərdən sonra torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazilərimiz minalardan təmizlənir və məcburi köçkünlər əzəli torpaqlarına qayıdır. Bölgənin minalardan təmizlənməsi və yenidənqurma prosesi davam etdikcə aşkar edilən kütləvi məzarlıqlar, ermənilərin bu şəkildə basdıraraq izlərini itirməyə çalışdığı insanlara qarşı, etnik təmizləmə siyasətinin sübutudur. Separatçılar Ballıqaya, Başlıbel, Ağdaban və Xocalı soyqırımı kimi faciələr törədib. Xocalıda 1275 sakin girov götürülüb, ümumilikdə, Birinci Qarabağ müharibəsi dövründə 4000-ə yaxın insan əsir, itkin düşüb. Ermənistan itkin düşmüş azərbaycanlılar haqqında hələ də məlumat verməyib. 30 avqust Beynəlxalq İtkinlər Günü idi, bu gün də Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyindən əl çəkərək itkin düşmüş şəxslərimiz haqqında məlumat verməsini gözləmək absurd olardı.

Vətən müharibəsinə qədər zəbt edilmiş torpaqlarda itkin düşmüş şəxslərimizin taleyinin müəyyənləşdirilməsi ilə bağlı axtarış və araşdırmaların aparılması Ermənistanın qeyri-humanist mövqeyi ucbatından mümkün olmayıb. Qazanılan tarixi qələbədən sonra qarşımızda yeni imkanlar yaranıb və Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Komissiyasının qarşısında yeni vəzifələr qoyub. Dövlət Komissiyası bu vəzifələrin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumları ilə yanaşı, mühüm səyləri də davam etdirir.

Bununla belə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti səbəbilə, itkin düşən 4 min nəfərə yaxın azərbaycanlının aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən heç bir məlumat verilməyib. 1992-ci il mart ayının 3-dən Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı Nümayəndəliyi ilə 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında onun ölkəmizin ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb. İtkinlərin tapılması barədə məlumat hazırlamaq onların əsas missiyalarından biridir, buna görə məsuliyyət daşıyan komitənin bu öhdəliklərə diqqətli yanaşdığını demək olmaz. BQXK-ya məxsus avtomobillər lazımi şəraitdə dövlət sərhədindən keçə bilir. Lakin son bir neçə ay ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları müntəzəm olaraq BQXK-ya məxsus avtomobillərdə müxtəlif növ qaçaqmalçılıq keçirmə cəhdlərini aşkar ediblər. Komitənin maşınlarından istifadə edərək qeyri-qanuni malların daşınması fəaliyyəti suallar yaradır. Bu mallar qeyri-qanuni şəkildə, sənədləşmədən və gömrük rüsumları ödənilmədən Azərbaycana gətirilib. Təşkilatın belə fəaliyyətləri Azərbaycana münasibətinin qərəzli olmasını təsdiq edir. Özlərini humanist kimi göstərərək xristian təəssübkeşliyi nümayiş etdirən qurum beynəlxalq qanunları pozur. Sözügedən quruma Azərbaycan ərazisində bu cür əməllərinə görə dəfələrlə xəbərdarlıq edilib, lakin aşkar edilmiş qanun pozuntuları barədə heç bir tədbir görülməyib.

Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman humanist mövqedən çıxış edib. Ölkəmiz mülki şəxslərlə müharibə aparmır və bunu öz siyasətiylə sübut edib. "Qarabağda məskunlaşan ermənilər xalqımızın vətəndaşlarıdır". Bunu ölkə başçısı İlham Əliyev söyləyib. Ermənilərin ölkəmizin vətəndaşlığını qəbul etməsi halında digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar və onların ləyaqətli yaşamaq hüququ qorunacaq. Bütün bunlar Azərbaycan tərəfinin humanist yanaşmasının sübutudur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".