Böyük qayıdış və dirçəliş dövrü
Sosial həyat

Böyük qayıdış və dirçəliş dövrü

Vaxtilə Qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan haylar pənah gətirdikləri yerlərə, onlara qucaq açan azərbaycanlılara sağalmaz yaralar vurub, təbiətin ilahi gözəllik bəxş etdiyi Qarabağı qan çanağına, separatçı ocağına çevirmişdilər. Erməni ideoloqlarının uydurduqları rəvayətlər, nağıllar, boş xəyallar, daşnak xisləti bu bölgənin bütün ahəngini dəyişmiş, Qarabağı terror yuvasına çevirmişdi. Sağlam düşüncə, qonşuluq haylar üçün tamamilə yaddır, çünki onların beyinləri çox pis zəhərlənib.

Təxribatçı, terrorçu, işğalçı xisləti ilə iki xalq arasında qatı düşmənçilik yaradan Ermənistan havadarlarına arxalanaraq Azərbaycana qarşı qəsbkar siyasətini artırır, işğal etdikləri ərazilərdə qeyri-qanuni məskunlaşma aparırdı. Erməni məsələsi iki əsrdən çox davam edərək, daşnak epidemiyası virus kimi torpaqlarımızı zəhərləyir, ermənilər tərəfindən törədilən deportasiya, işğal, soyqırımı, məcburi köçkünlük xalqımızın taleyinə çox ağır zərbələr vururdu. Erməni işğalına, davam edən azğınlığa və həyasızlığa beynəlxalq təşkilatlar tərəfindən göz yumulurdu. Rəsmi Bakının bütün sülh təşəbbüslərinə və çağırışlarına ikili standartlarla yanaşılırdı. Nəhayət, otuz illik erməni təcavüzünün qarşısını almaq və işğalçılara öz yerlərini göstərmək üçün müzəffər Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Qalib Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti ilə savaş meydanında Ermənistan məğlub edildi, igid, cəsur əsgər və zabitlərimiz düşmən ordusunu darmadağın etdi.

Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi dünyada Azərbaycanın hərbi-siyasi gücünə münasibəti köklü şəkildə dəyişdi, şanlı Qələbə işğalın dondurulmasında maraqlı olan ermənipərəst dövlətlərin niyyətini puça çıxardı, müzəffər ordumuzun qəhrəmanlığı, Vətən sevgisi, döyüş peşəkarlığı çoxlarının yuxusunu qaçırdı və torpaqların azad edilməsi üçün ölümün gözünə dik baxan oğulların igidliyi düşmənlərimizin bağrına xəncər kimi sancıldı.

Üç ildir ki, erməni əsarətindən azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda sözə sığmayan, düşüncələri aşan böyük dirçəliş dövrü başlanıb. İşğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin sürəti və miqyası gündən-günə artır, ermənilər tərəfindən viran edilmiş yurd yerlərinin miskin görkəmi laləzara çevrilir, bu yerlərə gözəllik və işıqlı bir həyat qayıdır. Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələri uğurla icra olunur. Əsas vəzifə keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Üç il zaman baxımından qısa vaxt olsa da, işğaldan azad edilmiş ərazilərdə mübaliğəsiz demək olar ki, əlli ilin işi görülüb, Böyük Qayıdış toy-bayrama çevrilir, sevinc göz yaşları doğma yurd həsrətinə məlhəm olur, sükunətə və səssizliyə bürünmüş ata-baba yurdları indi gülüşə, fərəhə, qürura, sevincə qucaq açır. Azərbaycan öz gücü, maliyyə vəsaiti ilə böyük quruculuq və qayıdış dövrünü uğurla davam etdirir.

Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazisi kütləvi şəkildə mina və döyüş qalıqları ilə çirkləndirilib.

İqtisadçıların təhlillərinə görə, işğaldan azad edilən ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər böyük məbləğlə ifadə olunur. Çünki ermənilər Qarabağa və Şərqi Zəngəzura təxmini hesablamalara görə 100 milyard dollardan çox zərər vurublar. Məhz bu baxımdan, həmin ərazilərin bərpası mərhələli şəkildə həyata keçirilir. Bu günə kimi hər iki bölgənin dirçəlişi üçün dövlət büdcəsindən 7 milyard manata qədər vəsait ayrılıb, gələn il 10 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasına kompleks və təşəbbüskar yanaşması beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Regionun zəruri infrastruktur üçün tələb olunan tikinti materiallarının təchizatı məqsədilə Ağdam rayonunda yerləşən "Şahbulaq" əhəng daşı yatağının dövlət-özəl tərəfdaşlığı çərçivəsində istifadəyə verilməsi üzrə müvafiq tədbirlər görülür. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərində çoxmənzilli yaşayış komplekslərinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Füzuli rayonun Dövlətyarlı və digər yaşayış məntəqələrinin təməli qoyulub. Azərbaycanın qarşısında daha çətin vəzifə - işğal zamanı tamamilə dağıdılmış 9 şəhərin bərpası dayanır. Məhz buna görə də, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir dövrün tələblərinə uyğun ən yeni texnologiyalar tətbiq edilməklə güclü infrastruktur qurulur. Həmçinin bu ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi və sənaye potensialının reallaşdırılması üçün zəruri tədbirlər həyata keçirilir. Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncama əsasən, Qarabağ iqtisadi zonasının inkişafı və quruculuq işlərinin aparılması üçün 5 prioritet istiqamət müəyyən edilib və bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur.

Şanlı qələbə, gələcək hədəflərə inamlı addımlar Azərbaycanın qüdrətinin, gücünün, uğurlu siyasətinin ən yaxşı göstəricisidir. Qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm də çox vacib bir mərhələyə qədəm qoyub. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən Böyük Qayıdış proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. 2021-ci il iyulun 7-də imzalanmış daha bir tarixi sənəd - "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" Vətən müharibəsinin əsas nəticələrindən birinə çevrildi. Bu fərmanla Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş Zəngəzur qəzasının tərkibində olmuş və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlara malik Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda - Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsi Qarabağ iqtisadi rayonuna çevrildi. Beləliklə, SSRİ dövründə Azərbaycan xalqının üzləşdiyi daha bir tarixi ədalətsizliyi Prezident İlham Əliyev böyük fədakarlıqla aradan qaldırdı. Qarabağa və Şərqi Zəngəzura ləyaqətli və şərəfli qayıdış başlayıb. Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux, Talış, Suqovuşan kəndlərinə qayıdan sakinlərin ürək sözləri və sevinc hissləri böyük quruculuq və qayıdış dövrünün təntənəsindən xəbər verir.

Salman ALIOĞLU,

"Respublika".