Təxminən iki yüz il bundan əvvəl çar Rusiyası tərəfindən torpaqlarımıza köçürülmüş ermənilər ötən dövr ərzində məskunlaşdıqları yerlərdə sülhə, dinc yanaşı yaşamağa, dostluğa, qonşuluğa həmişə güllə atıblar. Həmin torpağın sahiblərinə qarşı nankorluq ediblər, fitnə-fəsad törədiblər, köçkün kimi sığındıqları torpaqlara qarşı iddia qaldırıblar və eybəcər şəkildə öz mənliklərini, əxlaqlarını dünyanın gözü qarşısında bazarlığa çıxarıblar. Artıq bütün dünya şahid olur ki, Ermənistan təxribatçı, terrorçu, ziyanverici, müstəqil olmayan, öz havadarlarından asılı olan, işarə ilə hərəkət edən, kimlərinsə boyunduruğu altında olan bir ölkədir. Taleyin gərdişi və tarixin ziddiyyətləri nəticəsində XIX əsrin əvvəllərində məcburi şəkildə torpaqlarımıza köçürülən yadellilərə xalqımız qucaq açdı, mərhəmət göstərdi, məskunlaşmalarına şərait yaratdı. Onlar nə etdi, bu yaxşılığa nə ilə cavab verdilər?! Paxıllıq, bəd niyyət, torpağında yaşadığı xalqa qarşı xəyanət etdilər. 30 ildən artıq torpaqlarımızı işğal altında saxladılar, azərbaycanlılara qarşı soyqırımı və deportasiya törətdilər. Havadarları və qəyyumları erməniləri inandırmışdılar ki, işğal etdikləri torpaqlar onlara qalacaq və orada məskunlaşacaqlar. Düşmənin bu xəbis niyyətinə qəhrəman Azərbaycan ordusu birdəfəlik son qoydu, işğalçılar darmadağın edilərək torpaqlarımızdan qovuldular.
Azərbaycan Silahlı Qüvvələrinin Qalib Ali Baş Komandanı İlham Əliyevin təbirincə desək, düşmən bu barədə səhv etdi, həm də böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün də diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. Düşmən ordusunda on mindən çox fərari var. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, minlərlə erməni hərbçisi məhv olacaqdı.
Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Laçında yeni inkişaf, quruculuq, bərpa və yenidənqurma dövrü başlayıb. Otuz illik həsrətdən sonra laçınlılar yeni və modern üslubda inşa edilən doğma şəhərlərinə qayıdırlar və öz torpaqlarında əbədi yaşayacaqlar. Qeyd edək ki, düşmən tapdağından azad olunan Laçın şəhərində 10 ay əvvəl yenidənqurma, bərpa işləri başlayıb və sürətlə davam edir. Şəhərin küçə və meydanlarında, yaşayış məhəllələrində aparılan abadlıq işləri yenidən dirçəldilən Laçına xüsusi gözəllik, laçınlılara isə rahatlıq gətirir. Böyük Qayıdış proqramının mühüm tərkib hissələrindən biri olan Laçına ilk köç bu ilin may ayına təsadüf edib. Belə ki, Respublika Günü ərəfəsində 20 ailə 31 illik həsrətdən sonra doğma Laçın şəhərinə köçürülüb. Hazırda Laçın şəhərində ümumi sayı 222 nəfər olmaqla 57 ailə öz doğma evində yaşayır.
Qeyd edək ki, 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub. Beləliklə, "Böyük Qayıdış" proqramının icrasına başlandığı son bir ildə ümumi sayı 732 nəfər olmaqla 163 keçmiş məcburi köçkün ailəsinin doğma yurduna köçürülməsi təmin olunub.
Bir haşiyə çıxaraq xatırladaq ki, işğaldan azad olunmuş ərazilərə ilk qayıdış Zəngilan rayonunun Ağalı kəndindən başlayıb. Belə ki, "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndinin bərpasının birinci mərhələsi üzrə açılış mərasimi 2022-ci il mayın 27-də olub. İşğala qədər bu inzibati ərazi özündə 3 kəndi birləşdirib - Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı. 1993-cü ildə Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunarkən Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra ərazilərin bərpasına məhz Zəngilandan başlanması təsadüfi deyil. Qeyd edək ki, müasir texnoloji yeniliklərin tətbiqi ilə yenidən qurulan Ağalı kəndində reallaşdırılan layihənin birinci mərhələsi yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir. Kənddə "Smart DOST" xidmət məntəqəsi və "Dost Aqropark" da fəaliyyət göstərir. Burada "Azərpoçt" MMC-nin şöbəsi, "ASAN xidmət", Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri də sakinlərin xidmətindədir. Ağalı kənd meydanında isə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda sülhü təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi də ucaldılıb. Vahid konsepsiya əsasında bərpa olunan Ağalı kəndinə köçürüləcək əhalinin ümumi sayı 1504 nəfər və ya 352 ailədən ibarət olacaq. Ötən il iyulun 19-da Ağalıya ilk köç başlayıb və həmin gün 48 nəfərdən ibarət 10 ailə doğma yurduna qayıdıb. İyulun 25-dək davam edən birinci mərhələ üzrə Zəngilan rayonunun Ağalı kəndinə köçürülənlərin ümumi sayı 201 nəfər (41 ailə) olub. İşğaldan əvvəlki yaşayış ünvanına köçürülənlər arasında ilk yeri Zəngilan rayonunun Ağalı kəndi tutur - 86 ailə, 420 nəfər doğma yurduna qovuşub. Ağalı sakinləri öz həyətyanı sahələrində bostan becərir, toyuq-cücə saxlayırlar, bir sözlə, həyat burada öz axarına düşüb.
Bu ilin martında 20 ailənin köçürüldüyü Tərtər rayonunun Talış kəndində isə 20 yaşayış, 9 qeyri-yaşayış binasının tikintisi başa çatdırılıb. Eyni zamanda əsas magistral, 4 yol kommunikasiya şəbəkəsi bərpa edilərək əsaslı şəkildə qurulub. Qeyd edək ki, kənd Qarabağ iqtisadi rayonu ərazisində ilk dəfə olaraq bərpa edilən yaşayış məntəqəsidir. Hazırda bərpa-quruculuq işlərinin davam etdiyi Talış kəndi tamamilə qazlaşdırılıb, burada sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. İkinci mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Talış kəndində sakinlərin məşğulluğu da diqqət mərkəzində saxlanılır. Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakinləri özünüməşğulluq proqramına cəlb edilib. Verilmiş aktivlər hesabına 7 nəfər maldarlıq, 1 nəfər arıçılıq üzrə öz təsərrüfatlarını yaradıblar. Daha bir kənd sakini isə qəssablıq fəaliyyəti ilə məşğul olur. Ümumilikdə, kənd sakinlərindən 44 nəfər agentlik tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.
Talış kəndində özünüməşğulluq proqramı çərçivəsində yerli sakin Əyyub Əkbərov arıçılıq təsərrüfatı yaradıb. Talışlı təsərrüfatçı arıçılığın maraqlı sahə olduğunu qeyd edərək, təsərrüfatı genişləndirməyi qarşıya məqsəd qoyduqlarını bildirib. Arıçı deyir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bizə 20 arı ailəsi verilib. Talış kəndinin təbiəti arıçılığın inkişafı üçün çox əlverişlidir. Kənd ərazisində müxtəlif balverən bitkilər çoxluq təşkil edir. Hazırda arılar işləyir, təbiətdən nektar toplayırlar. İnanırıq ki, arıçılıqdan yaxşı gəlir əldə edəcəyik. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısı, möhtərəm İlham Əliyevə minnətdarlığımızı bildiririk. Şəhidlərin parlaq ruhu qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzu edirik. Otuz il bundan əvvəl bu yerlərdə itirdiyimiz rahatlığımıza, xoşbəxtliyimizə yenidən qovuşmuşuq. Dünyada bundan artıq xoşbəxtlik ola bilməz, ömrümüzün qalan hissəsini öz kəndimizdə keçirəcəyik.
Salman ALIOĞLU,
"Respublika".