Bolqarıstan Respublikası Avropanın cənubunda, Balkan yarımadasında, Qara dəniz sahilində yerləşir. V əsrin ortalarında Oğuz türkləri Qara dənizin şimal sahillərinin türkləri ilə qarışaraq "bulqar" adlandırılmışlar. Qərbi Göytürk xaqanlığının süqutundan sonra Qara dənizin şimal sahillərində bolqarlar Böyük Bolqar dövlətini yaratdılar.
Ümumi ərazisi 110,994 kvadratkilometr olan Bolqarıstan Avropanın ən böyük ölkələrindəndir. Bolqarıstan şimalda Rumıniya, qərbdə Serbiya və Makedoniya, cənubda Yunanıstan və Türkiyə ilə həmsərhəddir. Məşhur Balkan, Rodop və Rila dağları ölkənin relyef formalarını müəyyən edir. Rila dağındakı Musala zirvəsi isə Şərqi Avropanın ən hündür nöqtəsidir. Balkan yarımadasının şərq hissəsində yerləşən Bolqarıstan həm Balkan, həm Dunay, həm də slavyan-pravoslav dövləti kimi tanınır. Bu səbəbdən də dünyada üç fərqli coğrafi xüsusiyyətə malik yeganə ölkədir. Bolqarıstan Respublikasının paytaxtı Sofiya, rəsmi dövlət dili isə bolqar dilidir. Parlament formasında idarəetmə üsuluna malik olan respublikanın Müstəqillik Günü (1908) sentyabr ayının 22-də qeyd olunur. Bolqarıstan dini etiqad azadlığına malik dünyəvi dövlətdir. Əhalisinin 70 faizindən çoxu pravoslavlığı qəbul edib. Bolqarların əcdadları qədim mütərəqqi sivilizasiya olan trakiyalılardır və slavyanlar Trakiya vətəndaşları ilə qarışaraq Bolqarıstanın müasir əhalisini yaradıblar. Bolqarıstanda kontinental iqlim hökm sürür. Ölkənin əsas mineral ehtiyatları boksit, mis, qurğuşun və kömürdür. Neftlə o qədər də zəngin olmayan Bolqarıstanın 15 milyon barel neft ehtiyatına malik olduğu təxmin edilir. Təbii qaz ehtiyatı 1,5 illik orta istehlakı ödəyəcək səviyyədədir. Bolqarıstanın meşələri 4,1 milyon hektar ərazini tutur. Meşə sahəsinin 32 faizini iynəyarpaqlılar təşkil edir. Bolqarıstan üç fərqli iqlim tipinin kəsişdiyi ərazidə yerləşdiyi üçün meşələrində dəniz iqliminə xas bitki və ağac növlərinə rast gəlinir. Bolqarıstan bitki və heyvan növlərinin müxtəlifliyinə görə digər Avropa ölkələri arasında birinci yerdədir. Əkin sahələri sıx olan ölkənin kənd təsərrüfatının əsasını tərəvəz, meyvə, tütün, buğda, arpa, günəbaxan və şəkər çuğunduru istehsalı təşkil edir. Ölkədə alma və üzüm daha çox yetişdirilir ki, onun da böyük hissəsi mühüm ixrac məhsulu olan şərab istehsalı üçün istifadə edilir. Ümumi ərazinin təxminən 30 faizini təşkil edən 5,3 milyon hektar əkin sahəsinə malik Bolqarıstanın ən mühüm kənd təsərrüfatı məhsulu ölkənin şimal-şərqindəki Dobruca bölgəsində yetişdirilən buğdadır. Ölkədə arpa və qarğıdalı istehsalı da önəm daşıyır.
Qədim adət-ənənələri olan ölkə gözəl və rəngarəng milli geyimləri, sənət nümunələri, zinət əşyaları, memarlıq abidələri ilə zəngindir. Bolqarıstanın bütün şəhərlərində müxtəlif musiqi və teatr festivalları keçirilir. Burada iyun ayının ilk şənbə-bazar günlərində hər il ənənəvi olaraq sevgi və gözəlliyin rəmzi olan məşhur "Qızılgül" festivalı qeyd olunur. Bu qeyri-adi və maraqlı bayram 1903-cü ildən Karlovo və Kazanlak şəhərlərində növbə ilə keçirilir.
Bolqarıstanın xarici siyasətinin əsas məqsədi ölkə vətəndaşlarının təhlükəsizliyini, sosial və iqtisadi maraqlarını qorumaq, ölkənin geosiyasi vəziyyətinə müvafiq olaraq iqtisadi, siyasi və hərbi mənafeyini, strateji maraqlarını müdafiə etməkdir. Bunları həyata keçirmək üçün Bolqarıstan hökuməti müasir mərhələdə beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına, mehriban qonşuluq və regional əməkdaşlığa, parlamentlərarası diplomatiyanın genişlənməsinə, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə üstünlük verir. Bolqarıstanın başqa ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində turizm mühüm yer tutur.
Azərbaycanla Bolqarıstan arasında mədəni əlaqələr inkişaf etməkdədir. İki ölkə mədəniyyət, təhsil və idman sahəsində əməkdaşlıq edir.
Bolqarıstan Respublikası 1992-ci il yanvarın 14-də ölkəmizin müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulmuşdur. Bolqarıstan və Azərbaycan arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri də mühüm rol oynayır. 1995-ci ilin 29-30 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin Bolqarıstana ilk rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində imzalanan müqavilələri