Bakı Konqres Mərkəzi iyulun 5-də beynəlxalq tədbirə evsahibliyi etdi. Dünyanın 120 ölkəsini bir araya gətirən, mühüm siyasi əməkdaşlıq platformasına çevrilən Qoşulmama Hərəkatının bu dəfəki toplantısında Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə hər zaman olduğu kimi, yenə də kifayət qədər geniş coğrafiya təmsil olunurdu. Bu cür mötəbər təsisata artıq dörd ildir ki, Azərbaycanın sədrlik etməsi ölkəmizin nüfuzunun dünyada kifayət qədər artmasına səbəb olub. Bu da öz növbəsində çox qürurverici bir haldır.
Hərəkatın sədri olan Prezident İlham Əliyev nazirlər görüşünün iclasında çıxış etdi və bu platformadan dünyaya vacib mesajlar göndərdi. Dövlət başçısının toxunduğu məsələlərə nəzər saldıqda görürük ki, bu mesajlar bəşəriyyətin təhlükəsizlik arxitekturasını qorumaq üçün olduqca əhəmiyətlidir. Ölkə başçısı Qoşulmama Hərəkatının son tədbirində açıq-aşkar qeyd etdi ki, dünyanın ən böyük təşkilatı olan BMT bəşəriyyətin gözləntilərinə cavab vermir və BMT-də ciddi islahatların aparılması qaçılmazdr: "BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır". Beynəlxalq hüquq normalarının bəzi aktorlar tərəfindən kobud şəkildə pozulması, bir sıra hallarda isə ədalət anlayışının gözardı edilməsi BMT-nin nüfuzuna kölgə salan amillərdəndir. Təhlükəsizlik Şurasının daimi üzvlərinin say tərkibinin az olması dünyada gedən proseslərə selektiv yanaşma və ikili standartlar tətbiq edilməsinə səbəb olur. Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 74-cü Baş Assambleyasında çıxışı zamanı "dünya beşdən böyükdür" deməsi tam da buna işarədir. Ərdoğanın bu ifadəsi qısa zaman ərzində dünyada rezonans doğurdu, eləcə də siyasətçilərin və beynəlxalq hüquq mütəxəssislərinin tezisinə çevrildi.
Dost və qardaş ölkənin Cümhurbaşqanının bu fikirlərini bir çox siyasətçilər dəstəkləsə də, ancaq bunun həll yolu hələ ki, havada qalıb. Çünki BMT Təhlükəsizlik Şurasının say tərkibinin artırılması ilə əlaqədar uzun zamandır ki, konstruktiv mövqe ortaya qoyan olmayıb. Lakin Ərdoğanın bu yanaşmasına ən gözəl ideya məhz Prezident İlham Əliyevdən gəlib. O, bildirib ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.
Həqiqətən də dövlət başçısının təklif etdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən düzgün və ədalətli hesab oluna bilər. Səbəb isə odur ki, əgər doğrudan da belə bir islahat olacaqsa, dünyada BMT-dən sonra ikinci ən böyük quruma sədrlik edən dövlət burada yer almalıdır. Yer kürəsində müsəlmanların və onlara məxsus ölkələrin də say tərkibini nəzərə alsaq, qeyd olunmalıdır ki, beynəlxalq əlaqələr sistemində gedən proseslərdə İslam coğrafiyası önəmli rol oynayır. Və onlara qarşı baş verən ədalətsizlikləri beynəlxalq platformaya daşımaq üçün bu, mütləq olmalıdır. Eləcə də dünyanın ən böyük ikinci materiki olan Afrika ölkələrindən də biri Təhlükəsizlik Şurasının daimi üzvlüyünə seçilməlidir.
BMT Təhlükəsizlik Şurasının say tərkibinin artırılması ona görə vacibdir ki, bu qurum artıq Qərbin sanksiya "maşınına" çevrilib. Dövlətlərə qarşı yanaşmalar artıq neçə illərdir ki, hüquqi qanunlarla deyil, sanki xətir və hörmətə bağlanıb. Əgər hər hansısa bir məsələ Qərbin maraqlarına ziddirsə, onda dərhal Təhlükəsizlik Şurası toplanır, elə yerindəcə onlara qarşı kim varsa, həmin dəqiqə sanksiya gülləsinə tuş gəlir. Bunu biz ən çox Rusiya-Ukrayna müharibəsinin gedişində görmüşük. Bütün Qərbin Rusiyaya qarşı vahid cəbhədə birləşməsinin də səbəbi elə budur. Yoxsa onlar qətiyyən orada ölən insanlar haqqında düşünmürlər. Bunu deməyə əsas verən odur ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa Avropadan kənarda idarə etdiyi ərazilər hələ də fransız müstəmləkəsinin davam etdiyini göstərir. Bu da imperializmin iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmətlə yanaşmır, digər tərəfdən də illərdir azadlıq üçün çarpışan Korsika xalqına qarşı amansız siyasət həyata keçirir. Əlcəzairdə törətdikləri qırğınları bütün bəşəriyyət bilsə də, bu günə qədər BMT-dən Fransaya hər hansı bir cəza tətbiq edilməyib.
BMT TŞ 30 ildə Azərbaycan-Ermənistan münaqişəsinə də haqlı mövqedən yanaşmayıb. Azərbaycan lehinə məlum dörd qətnamə qəbul edilsə də bunların icrasında Ermənistana qarşı heç bir təzyiq göstərməyib. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində yerinə yetirilsə də, torpaqlarımızın 20 faizinin işğal altında qalması TŞ-də heç bir narahatlıq doğurmayıb.
Musa BAĞIRLI,
"Respublika".