BMT Baş Assambleyasında çıxış edən Rəcəb Tayyib Ərdoğandan sərt mesajlar
Siyasət

BMT Baş Assambleyasında çıxış edən Rəcəb Tayyib Ərdoğandan sərt mesajlar

Sentyabrın 19-da Nyu-Yorkda dövlət və hökumət başçıları səviyyəsində  keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bir çox məsələlərə aydınlıq gətirib. Dövlət başçısı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) artıq dünya təhlükəsizliyinin qarantı olmadığını və hər zaman söylədiyi kimi, "dünya beşdən böyükdür" fikrini bir daha vurğulayıb.

Rusiya-Ukrayna müharibəsinə də toxunan Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü əsasında diplomatiya və dialoq yolu ilə müharibəni bitirmək üçün səylərini artırmağa davam edəcəyini söyləyib. Dünyanın yeni qlobal böhranla üz-üzə gəldiyini bildirən Türkiyə dövlət başçısı sırf öz siyasi və iqtisadi maraqları naminə terror təşkilatları ilə işləməyə davam edən ölkələrin terrordan və bununla bağlı problemlərdən şikayət etməyə haqqı olmadığını vurğulayıb. O, həmçinin beynəlxalq ictimaiyyəti Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin müstəqilliyini tanımağa və bu ölkə ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa dəvət edib.

Eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tərəfdarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın Azərbaycan torpağı olduğunu və başqa statusun qəbul edilməyəcəyini də qeyd edib. O öz çıxışında deyib: "Cənubi Qafqazda sülh və əmin-amanlığı bərpa etmək və əməkdaşlıq qurmaq üçün tarixi imkanlar var. Bu fürsəti dəyərləndirmək üçün biz Ermənistanla mehriban qonşuluq əlaqələrinə və tam normallaşmaya yönəlmiş bir proses başlatdıq. Biz əvvəldən də Azərbaycan və Ermənistan arasındakı danışıq proseslərini dəstəkləmişik. Ancaq biz görürük ki, Ermənistan bu tarixi fürsəti yetərincə dəyərləndirməyib. Artıq Ermənistanın başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi vədlərinə yerinə yetirməsini gözləyirik. İndi hər kəsin də qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa hər hansı bir statusun tətbiqi  qəbuledilməzdir. Bizim əsas hədəfimiz hər kəsin, o cümlədən ermənilərin Azərbaycan torpaqlarında yan-yana dinc yaşamasıdır. "Tək millət, iki dövlət" şüarı ilə birgə addımladığımız  Azərbaycanın ərazi bütövlüyünün qorunması yönündə atdığı addımları dəstəkləyirik".

"Respublika".