Ədəbi əsərlər yazıldığı dövrün və zəmanənin reallığını əks etdirirsə, həmin ədəbi nümunələrin taleyi həmişə uğurlu olur, müxtəlif nəsil oxucular tərəfindən sevə-sevə oxunur, aktuallığını qoruyub saxlayır. Ədəbi mövzu həyatdan qaynaqlananda onun ömrü uzun olur, bütün dövrlərdə oxucunun diqqətini cəlb edir. Qarabağ gözəlliklər diyarı, musiqi beşiyi, həm də ədəbi qəhrəmanlar yurdudur. Bir çox bədii əsərlərdə təsvir olunan hadisələr, ədəbi qəhrəmanlar bu qədim diyarla bağlıdır. 114 il bundan əvvəl yazılmış əsər bu gün də unudulmur və teatrlar dönə-dönə həmin əsərə müraciət edir. Söhbət Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət olan "Ölülər" komediyasından gedir.
"Ölülər" əsərində xürafat, cahillik, savadsızlıq, müştəbeh din dəllallarının qara əməlləri, 8-9 yaşlı qız uşaqlarının faciəli taleyi çox ciddi və ustalıqla tənqid olunur, cəmiyyəti oyatmaq üçün yazıçı bir çox məsələlərin üzərinə işıq salır. Əsərin baş qəhrəmanı Kefli İsgəndər bir qrup avam adamı aldadan, onların sadəlövhlüyündən sui-istifadə edən, iranlı Şeyx Nəsrullahın "ölü diriltmə" yalanına inanmır, hər yerdə onu ifşa edir. Şeyx Nəsrullah kimi zəmanəsinin fırıldaqçı mollalarının yalanlarına, onların saxta əməllərinə inanan insanlara "ölülər" deyən Kefli İsgəndər, sadəcə bir ədəbi qəhrəman deyil, böyük ədib Cəlil Məmmədquluzadənin real həyatdan götürdüyü obrazdır.
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Cəlil məqalə və xatirələrində Kefli İsgəndərin yüzlərlə ziyalının ümumiləşmiş obrazı olduğu haqqında məlumat verib. Ona görə də Kefli İsgəndər obrazının real prototipləri barədə müxtəlif versiyalar var. Onlardan biri Kefli İsgəndərin prototipinin Ağcabədi rayonunun Hüsülü kəndində yaşamış İsgəndər Hacı Həsən oğlu olduğu bildirilir. Bu versiya daha inandırıcı və realdır. Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə 1907-ci ildə xan nəslindən olan Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və ömrünün xeyli hissəsi Qarabağda - Ağcabədi rayonunun Kəhrizli kəndində keçib. Həmidə xanımın xatirələrində bildirilir ki, Mirzə Cəlil "Anamın kitabı" pyesinin müəyyən hissəsini, "Molla Nəsrəddin" jurnalı üçün baş məqalələrin bir çoxunu, həmçinin "Ölülər" pyesini Kəhrizli kəndində yazıb. "Ölülər" pyesinin qəhrəmanı Kefli İsgəndər, eləcə də əsərin bir neçə prototipi Ağcabədinin Hüsülü kəndində yaşayan adamları əhatə edir. Həmidə xanım xatirələrində yazıb: - "yazıçı pyesin qəhrəmanına qohumumuz - rəhmətlik atamın yaxın dostu, fars dilini gözəl bilən böyük mərifət sahibi İsgəndər Hacı Həsən oğlunun adını verib. İsgəndər Hüsülü kəndində yaşayıb. Böyük üzüm bağları vardı. Yerli ruhanilərin və başqa insanların rəyini vecinə almadan şampan şərabına bənzər əla çaxır çəkirdi. O, içən olduğundan "Kefli İsgəndər" ləqəbi ilə tanınırdı". Yazıçı İsgəndərin dili ilə deyirdi ki, mənim adım kefli İsgəndərdir, bəs sizin adınızı nə qoyaq? Mən dağları, ulduzları, dünya aləmləri bura şahid çəkirəm və bu qızları nişan verirəm, soruşuram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər". Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb deyəcəklər, "Ölülər".
Bu gün də Ağcabədinin Hüsülü kəndində İsgəndər Hacı Həsən oğlunun qohum-əqrəbası, şəcərəsindən olan adamlar yaşayır. Dövrünün ağıllı və cəsarətli ziyalısı olan Hacı İsgəndərin məzarı Hüsülü kənd qəbiristanlığındadır. Hüsülü kənd sakini İlqar Cəfərov söhbət zamanı bildirdi ki, İsgəndər Hacı Həsən oğlu dövrünün ziyalılarından olub, Avropada təhsil alıb, insanları maarifləndirib. O, əslində kefli olmayıb, savadsız insanlara, İrandan gələn mollalara, İsfahan lotularına, cəhalətə qarşı çıxıb. Kəndin digər sakini Məşədi Cavid Rüstəmov "Ölülər" əsərindəki İsgəndərin Fransada təhsil aldığını, dövrünün ziyalılarından