Bir görüşün təəssüratı
Siyasət

Bir görüşün təəssüratı

Zamanın gərdişini dəyişmək, doğma xalqını bəlalardan xilas etmək, ölkəsini uçurumun kənarına sürükləyənləri məğlub etmək, fədakarlıqla tarixin yeni səhifəsini yazmaq, məhv olmaq ərəfəsində olan dövlətçiliyimizi təhlükələrdən qorumaq, lazım gələrsə özünü də, övladlarını da Azərbaycan uğrunda qurban verməyə hazır olmaq dahi insan, dövlətçilik tariximizin lideri, ulu öndər Heydər Əliyevin şəxsiyyətini mənəvi ucalıqda, xalqının qəlbində yaşadır. Xalqını, Vətənini fədakarlıqla, böyük məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndər mənalı ömrünü Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin inkişafına və tərəqqisinə həsr edib.

Xalqımızın görkəmli oğlu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub. Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdaraq siyasi hərc-mərcliyə son qoydu, onun gərgin zəhməti və dühası hesabına respublikada siyasi sabitliyə nail olundu. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, hərbi və mədəni həyatında əsaslı dönüş başlandı, əmin-amanlıq bərqərar oldu. Başımızın üstündəki qara buludlar dağıldı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətləri danılmazdır. Cəsarətlə deyə bilərik ki, bütün türk dünyasının lideri Heydər Əliyev dühasına olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev dühası yaşayacaq, nəsildən-nəsilə ötürüləcək. Dahi şəxsiyyətin ən dəyərli kəlamlarından biri belədir ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ikiqat çətin və məsuliyyətlidir. Uzaqgörənliklə deyilən bu sözlər Azərbaycanın dövlətçilik taleyində öz təsdiqini tapdı və bu gün də mühüm əhəmiyyət kəsb edir.

Tale elə gətirib ki, bu dahi insanla görüşmək mənim də qismətimə düşüb. 1993-cü ilin əvvəllərində Ağdamda vəziyyət çox ağır və çıxılmaz bir durumda idi. Ermənistanın hərbi təcavüzü nəticəsində keçmiş "Dağlıq Qarabağ"dan minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşərək Ağdama pənah gətirdilər. Eyni zamanda çoxlu neqativ şayiələr yayılır, ev-eşiyini itirmiş insanlar arasında çaşqınlıq yaradılır, onlar bu fəlakətdən qurtulmaq üçün kömək istəyirdilər. Ağdamda düşmənə qarşı döyüşən hərbi hissələrin komandirləri müəmmalı şəkildə həlak oldular, yerli batalyonlar ləğv edilərək ehtiyata buraxıldı, Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə Ağdamın müdafiəsinə gətirildi. Bunun üstündən heç bir ay keçməmiş Ağdam iyulun 23-də Ermənistan və onun havadarları tərəfindən işğala məruz qaldı. Həmin vaxt Bakı şəhərində ictimai əsaslarla fəaliyyət göstərən Ağdam qərargahına məlumat daxil oldu ki, Bakı şəhərinə gələn ağdamlı məcburi köçkünləri Qaradağda yol polis postundan şəhərə buraxmırlar. Artıq axşam saat 9-u keçmişdi. Qərara alındı ki, bir neçə nəfər ziyalı yenicə Milli Məclisin sədri seçilmiş və prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin qəbuluna getsin. Təxminən 15 nəfər gecə saat 11 radələrində Milli Məclisin binasının qarşısına gəldik. Qəbula düşmək üçün müraciət edəndən sonra bizə bildirdilər ki, Heydər Əliyev çox gərgin bir rejimdə işlədiyi üçün sizi qəbul edə bilməyəcək. Əvvəlcə təklif olundu ki, Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovla görüşək, ancaq razılıq vermədik. Sonra təklif etdilər ki, Milli Məclisin sədr müavini Tamerlan Qarayevlə görüşək, yenə də razılaşmadıq və gözlədik. Bir müddət keçəndən sonra xəbər verdilər ki, Heydər Əliyev sizi qəbul edəcək. Hamıda bir ümid yarandı ki, Heydər Əliyev düşdüyümüz bu ağır vəziyyətə çarə tapacaq. Hər birimiz buna çox inanırdıq. Gecə saat 4 radələrində Heydər Əliyev bizi qəbul etdi. Bu dahi insanın iş kabinetinə daxil olanda ulu öndər hər birimizlə əl tutaraq görüşdü. Həmin vaxt mərhum Afiyəddin Cəlilov və o vaxt daxili işlər naziri olan Abdulla Allahverdiyev də kabinetdə idi. Mənə belə gəldi ki, bəlkə də Heydər Əliyev son bir neçə gün ərzində yatmayıb, çünki gözləri şişmişdi. Buna baxmayaraq, o, yorğunluğunu büruzə vermirdi. Ulu öndər Azərbaycanın üzləşdiyi işğaldan, yenicə dövlət müstəqilliyini elan etmiş respublikanın parçalanmaq təhlükəsindən, ölkəni vəba kimi bürümüş xaos və anarxiyadan, müstəqilliyi gözü götürməyən bəzi dövlətlərin təxribatından, ölkədaxili gərginlikdən, bəzi adamların xəyanət və satqınlığından, bir qədər əvvəl Milli Məclisdə Ağdamdan olan deputatların ona qarşı qərəzli çıxış etmələrindən, onların haqsızlığından və digər başqa məsələlər haqqında ətraflı danışaraq mövcud vəziyyəti geniş təhlil etdi.

Sonra ümummilli lider bizi dinlədi. Məlumat verdik ki, belə bir şayiə yayılıb ki, Heydər Əliyevin göstərişi ilə ağdamlıları Bakıya buraxmırlar. Bunu eşidən kimi ulu öndər bərk əsəbiləşdi və dərhal daxili işlər naziri Abdulla Allahverdiyevə göstəriş verdi ki, Qaradağ postuna gedərək bu iyrənc təxribatın qarşısını alsın. Nazir icazə alaraq getdi. Ağdamla bağlı ulu öndər Heydər Əliyev bildirdi ki, onda üç məlumat var. Həmin məlumatlar da bir-birini təkzib edir. Belə ki, bir mənbədə Ağdamın mühasirədə olduğu, ikinci mənbə də Ağdam ətrafında döyüşlərin getdiyi və düşmən qüvvələrin geri çəkildiyi, üçüncü mənbədə isə Ağdamın işğal olunduğu bildirilir. Ulu öndər bildirdi ki, hazırda həmin məlumatlar dəqiqləşdirilir və dərin təəssüflə qeyd etdi ki, milli ordunun yalnız adı var, ancaq anbarlarda bir patron belə yoxdur. Ulu öndər sonra dedi ki, Ağdam camaatına çatdırın ki, gecə-gündüz çalışıram, Azərbaycanı bu qorxulu uçurumdan xilas etmək üçün həyatımı belə əsirgəməyəcəyəm. Bu tarixi sözlər yaddaşımıza əbədi yazıldı.

Biz Heydər Əliyevin iş otağından çıxanda Xəzərdən boylanan Günəşin şəfəqləri pəncərədən içəri süzülürdü. Səhər saat 10 radələrində Milli Məclisin binasını tərk etdik. Azərbaycanın xilaskarını hələ qarşıda müstəqil dövləti qoruyub inkişaf yoluna çıxarmaq, dövlət çevrilişlərinin qarşısını almaq, vətəndaş həmrəyliyi yaratmaq, cəbhədə atəşkəsə nail olmaq, aclıq və qıtlıq çəkən ölkəni xilas etmək üçün çox çətin və həm də şərəfli bir yol gözləyirdi... Və həmin şərəfli və çətin yolu möhtərəm Prezidentimiz İlham Əliyev böyük fədakarlıqla, qətiyyətlə davam etdirir.

Ötən 30 ilə yaxın dövr ərzində ağdamlı məcburi köçkünlər doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayıblar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğal altında qalan torpaqlarımız azad edildi və bu həsrətə son qoyuldu. 2020-ci il noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin, Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq! Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.

Dahi insanla bir görüşün təəssüratını heç vaxt unuda bilmirəm. Həmin görüşün hər anı, hər dəqiqəsi yaddaşımdadır. İyulun 23-də Ağdam şəhərinin Ermənistan tərəfindən işğal olunması şübhəsiz ki, böyük təxribat idi. Daxili düşmənlər Ağdamın işğalına rəvac verməklə Heydər Əliyevi gözdən salmaq, onun apardığı işə mane olmaq üçün əvvəlcədən düşünülmüş ssenarinin tərkib hissəsini həyata keçirdilər. İnsanları narazı salmaq istəyirdilər. Unutdular ki, Heydər Əliyev vaxtilə SSRİ kimi nəhəng imperiyanın rəhbərlərindən biri olmuş dahi şəxsiyyətdir. Onun arxası, dayağı xalqdır.

Üç il bundan əvvəl keçmiş məcburi köçkünlər böyük xoşbəxtliyə qovuşublar, onlar doğma yurd yerlərinə qayıdırlar. Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda yeni inkişaf, quruculuq dövrü başlayıb. Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək və ağdamlılar öz şəhərlərində əbədi yaşayacaqlar. Ulu öndərin əziz xatirəsinə minnətdarlıq və şükranlıqla gələcəyi quracaqlar.

Salman ALIOĞLU,

"Respublika".