BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.
Hər il dünyanın müxtəlif yerindən hökumət nümayəndələrinin iqlim dəyişmələrinin və fəsadların aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar etdiyi COP-un ilk toplantısı 1995-ci ildə Berlində, sonuncu COP28 isə bu il Dubayda keçirilmişdir. Tədbirdə 100 minə yaxın nümayəndə iştirak etmişdir. Bu toplantı BMT-nin tarixinə ən genişmiqyaslı tədbir kimi həkk olundu. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatıldı. Tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak etdi.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuşdur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilmişdir ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bu mötəbər tədbirə evsahibliyi etmək qlobal miqyasda ölkəmizə bir çox dividendlər qazandıracaqdır.
Qeyd etmək lazımdır ki, 2024-cü ildə COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa Regional Qrupuna düşürdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da tədbirə evsahibliyi etmək üçün namizədliklərini irəli sürmüşdülər. Lakin tarixdə ilk dəfə olaraq dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar zamanı verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkmişdir. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürmüş və nəticədə Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən etmişdir. Bununla bir daha ölkə başçımızın qlobal çağırışlara göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan mötəbər bir konfransa öz töhfəsini verəcək.
Qeyd edək ki, ölkəmiz təkcə Cənubi Qafqazın aparıcı dövləti olması, dünyada da söz sahibi kimi çıxış etməsi və müstəqil siyasət yürütməsi ilə tanınmır. Dünyada nüfuzumuzu artıran məqamlardan biri də məhz öz təşəbbüslərimiz ilə qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməyimizdir. Artıq Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu etibarlı ünvan kimi tanınır. Belə ki, ölkəmiz son dörd il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etmişdir.
Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyətinə məlumdur. Ölkəmizin 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi etməsi Azərbaycanın növbəti qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurları sırasında yer alır. Eyni zamanda, anti-Azərbaycan siyasəti yürüdən dairələrə də bu qərar əsaslı cavab mahiyyəti daşıyır. COP29 Vətən müharibəsindən sonra regiondakı yeni reallıqların, Azərbaycanın sülh prosesi ilə bağlı təşəbbüslərinin, bu istiqamətdəki addımlarının bir daha beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə konfrans həm də Azərbaycanın sülhpərvər siyasətini və bütövlükdə regionla bağlı həqiqətləri də bir daha dünyaya bəyan edəcək. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq.
Bu, Azərbaycan və digər ölkələr üçün təkcə danışıqlarda deyil, həm də fəaliyyətdə də yaxşı fürsət olacaq. Azərbaycanda keçiriləcək COP29-un qərarlar və fəaliyyətlər konfransı kimi yadda qalacağı gözlənilir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından çox böyük gözləntilər var. Belə ki, iqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr üçün maliyyə dəstəyinin istiqamətlərini müəyyən etmək üçün qərarların veriləcəyi nəzərdə tutulur.
Nurlan ABDALOV,
"Respublika".