Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir
Sosial həyat

Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə "Turizmin inkişafında gənclərin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə ŞİHB-nin müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, yerli və xarici turistlər, gənclər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin və şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirib, gənclərin rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarını salamlayan ŞİHB-nin müavini gəncləri əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasəti gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə əsas yaradır. Eyni zamanda beynəlxalq turizm mərkəzi sayılan Naftalanın turizm potensialı, bu sahədə gənclərin rolu barədə geniş söhbət aparılıb. İştirakçılar turizmin inkişafı ilə bağlı maraqlı fikir və təkliflər irəli sürüblər.

Sonda Naftalanın turizm potensialını əks etdirən videoçarx nümayiş olunub, turistlərə hədiyyələr təqdim edilib.

Zabit XƏLİLOV,

"Respublika".