Baş Prokurorluqda Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım tədbiri
Sosial həyat

Baş Prokurorluqda Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım tədbiri

Dekabrın 10-da Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Baş Prokurorluğun mətbuat xidmətindən bu barədə verilən məlumatda bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev hələ sağlığında quruculuq və xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlməklə xalqımızın ümummilli lideri zirvəsinə yüksəlmiş dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərinin, müdrikliyi, uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətinin nəticəsində ölkəmizin bugünkü inkişaf göstəricilərinə nail olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, hələ sovetlər dövründə Ulu Öndərin səyləri nəticəsində hüquq-mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində ciddi addımlar atılıb, cinayətkarlığa, xüsusilə onun "Qoy ədalət zəfər çalsın!" çağırışı ilə rüşvətxorluğa və korrupsiyaya qarşı genişhəcmli mübarizə təşkil edilib. Yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində başlanmış hərtərəfli və kompleks islahatlarla məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun təşəkkül tapması bildirilməklə Ulu Öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Prokurorluğunun dövrün tələblərinə uyğun tamamilə yenidən qurulması, cəmiyyətin və dövlətin maraqlarına xidmət edən qurum kimi formalaşdırıldığı xüsusi vurğulanıb.

Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi qayğı ilə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına diqqət göstərdiyini vurğulayıb. O, Ulu Öndərin məhkəmə-hüquq sisteminin inkişafında müstəsna xidmətlərini qeyd edib, hüquqi dövlət quruculuğu yolunda aparılmış islahatların əhəmiyyətindən danışıb.

Sonda Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivinin daim Heydər Əliyev ideyalarına sadiq qalmaqla Ulu Öndərin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəklərini bildirib.

Sonda Ümummilli Liderin xatirəsinə həsr olunmuş film izlənib.

Mustafa KAMAL,

“Respublika”.