Bakı Şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində Ulu Öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən elmi məqalələr toplusu olan "Heydər Əliyev" kitabının təqdimatı keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, millət vəkilləri, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Vətən müharibəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və kitabla bağlı videoçarx nümayiş olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən iki fəsildən ibarət akademik xarakterli bu kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun yeni layihəsidir. Eldar Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və ölkə başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərdən söz açaraq, kitabın Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacağını vurğulayıblar.
“Respublika”.