Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Budapeştdə Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə verilən ziyafətdə iştirak ediblər. Dövlət başçısı səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. Liderlərin görüşündə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Əslində, 2014-ci ildən sonra iki ölkə arasında əməkdaşılığın yeni fazası başlayıb. Həmin il Azərbaycan və Macarıstan strateji əməkdaşlığa imza atıb. Bu, öz təsirini ticarət dövriyyəsində göstərib. İki ölkə arasındakı ən böyük ticarət göstəricisi 95 milyon dollar ilə 2014-cü ildə qeydə alınıb. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26.0 faiz artaraq 35,161 milyon dollardan 47,399 milyon dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollarlıq ticarət qeydə alınıb.
Bəs gələcək perspektivdə Azərbaycan ilə Macarıstanın iqtisadi əlaqələrində hansı yeniliklər gözlənilir?
Məsələ ilə bağlı “Respublika”ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, qarşıdakı illərdə bu münasibətlərdə kəskin dəyişimlər gözlənilir: “Növbəti illərdə həm ticarət dövriyyəsinin 2014-cü ildə qeydə alınan rekord həddi geridə qalacaq, həm də ixrac idxalı kəskin şəkildə ötəcək. Çünki dövriyəyə Azərbaycan qazı girir. Bu il Macarıstana 100 milyon kub metrdən çox ixrac planlaşdırılmışdı. Bu göstərici zaman keçdikcə dəfələrlə artacaq. İdxal-ixracın tərkibinə gəldikdə isə Macarıstandan ölkəmizə əsasən canlı bitki, şokolad, konservləşdirilmiş tərəvəz və ət məhsulları idxal olunur. Ölkəmizdən Macarıstana isə meyvə-tərəvəz şirəsi və hazır sousların, tikinti sənayesində istifadə olunan maşınlar və s. məhsullar ixrac edilir. Şübhəsiz ki, dövlət başçımızın bu ölkəyə səfəri əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək”.
Jalə QASIMZADƏ,
"Respublika".