Dekabrın 17-də Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestdə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən iclasda iştirak edib. Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
Onu xüsusi qeyd edək ki, iclasda aparılan müzakirələr sazişin son dərəcə aktual olduğunu deməyə əsas verir. Belə ki, saziş enerjiyə tələbatı artan bir regiona - Avropaya "yaşıl enerji" gətirəcək. Üstəlik, enerji xəttinin çəkilməsi Rumıniyanın Qara dəniz sahilində yerləşən Dobrogea bölgəsində enerji sisteminin yenidən balanslaşdırılması üçün də son dərəcə vacibdir. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır. Xüsusilə neft və qaz sahəsində çox mühüm əməkdaşlıq var. Artıq "yaşıl enerji"nin də qatılması ilə Azərbaycanın Avropaya enerji məhsullarının ixrac toplusu tamamlanır. Sazişin imzalanmasının tarixi əhəmiyyətli hadisə olduğunu, bunun Avropanın enerji təhlükəsizliyinə əlavə dividendlər verdiyini, xüsusilə Avropanın enerji təminatının "yaşıl enerji" mənbələri hesabına həyata keçirilməsində rolunu vurğulamaq olar. Bu işə Azərbaycanın mühüm töhfəsini isə ayrıca qeyd etmək lazımdır.
"Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq". Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.
(əvvəli 1-ci səhifədə)
Təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qiqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırdığını qeyd edən dövlət başçısı bildirib: "İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır". Ölkəmizin bərpaolunan enerji potensialı böyükdür. Quruda külək və günəş enerjisinin həcmi 24 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, ölkəmizin strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etmək planlaşdırılır. Onun 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güc yaratmaq nəzərdə tutulur.
Hazırda Azərbaycan Avropada öhdəliklərini yerinə yetirən etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, ölkəmiz enerji resursları xüsusilə də təbii qaz və neft bazarında aparıcı rol oynayır. Azərbaycan öz enerji resursları ilə mühüm müqavilələr bağlayıb ki, bu da dünyada yüksək səviyyədə təqdir olunur. Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpü, Türkiyə ilə birgə əksəriyyəti tamamlanan mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək. Bu layihə sayəsində sazışi imzalayan dörd dövlət enerji müstəqilliyini daha da artıracaq, həm də yeni iş yerlərinin yaradılmasına nail olacaq.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlinib və gələn ilin yanvarında bu işə başlanılacaq. Bununla yanaşı, SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyini də xüsusi qeyd etmək lazımdır, bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur. Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılması Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlığa töhfə verəcək. Bu proseslər, öz növbəsində, Mərkəzi Asiya ilə Avropa arasında tranzit əlaqələrinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Keçən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub. Gələn il isə ən azı 11,6 milyard kubmetr təbii qaz ixracı gözlənilir. Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr olacağını vurğulayan dövlət başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə qeyd edib ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Ursula Fon der Lyayen sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək deyib ki, bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən sadəcə onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Daha sonra bildirib ki, bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
"Avropada enerjiyə tələbatın artmasını və Xəzər dənizi regionunda, xüsusilə də Azərbaycanda "yaşıl enerji" potensialını nəzərə alaraq bu razılaşma Şərq Tərəfdaşlığı çərçivəsində mühüm konkret təşəbbüs hesab olunur". Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib. O, həmçinin vurğulayıb ki, bu cür səylər Azərbaycan, daha sonra isə Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək. Potensialı müəyyən etmək və müqavimət gücümüzü artırmaq üçün görüləcək iş çoxdur. Şadam ki, bu gün imzaladığımız Saziş bu məqsədə xidmət edir.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sazişi imzalamaqla bu sahədə sıx əməkdaşlığa hazır olduqlarını təsdiq etdirdiklərini vurğulayan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, bu dörd ölkənin elektrikötürücü xətlərini və sistemlərini birləşdirməklə Avropa təkcə Gürcüstana deyil, həm də bütün Cənubi Qafqaz regionuna qoşula biləcək. Ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı bu layihənin həyata keçirilməsini yeni müstəviyə çıxarır.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsü qurulur. Ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir. Gələcəkdə təmiz enerjiyə və havaya buraxılan karbon tullantılarının azaldılmasına artan maraq öz potensialını şaxələndirə və gücləndirə bilən Azərbaycan üçün daha geniş imkan yaradacaq. Burada Aİ dövlətləri və bütövlükdə Avropa İttifaqı ilə böyük əməkdaşlıq vacibdir. Bu saziş Azərbaycan ilə Rumıniya arasında strateji münasibətlərə də müsbət təsir göstərəcək.
Mustafa KAMAL,
"Respublika".