Sentyabrın 23-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə ("ICSD 2023") həsr edilmiş "Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik" konfransı çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarının "İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı" yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan "Prosol" şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov bildirib ki, dövlət qurumlarında internetin təhlükəsiz istifadə olunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumat və bilgilərinin artırılması məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən "İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat" layihəsi hazırlanaraq öz fəaliyyət istiqamətinə uyğun tətbiq olunması üçün dövlət qurumlarına göndərilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilmiş metodiki yardım və keçirilmiş təlimlərin nəticəsi olaraq hazırda 120-dən artıq dövlət qurumunda İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tövsiyəsinə uyğun olaraq daxili informasiya təhlükəsizliyi təlimatı hazırlanıb.
"Bununla yanaşı, komissiya tərəfindən "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası" hazırlanıb. Bu tədbir ərəfəsində ölkə başçısı tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası"ndan irəli gələn tədbirləri layiqincə yerinə yetirmək, informasiya təhlükəsizliyi sahəsində öz mövqeyimizi ən üst səviyyəyə qaldırmaq üçün kibercinayətkarlıqla mübarizə sahəsində milli potensialı gücləndirmək, kiberkriminallığın qarşısını almaq istiqamətində müasir metod, üsul və vasitələrdən geniş istifadə olunur", - deyə A.Əhədov söyləyib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə vurğulayıb ki, informasiya sistemləri ölkəmizin ən kritik sahəsinə çevrilib. Ötən 20 il ərzində Azərbaycanda informasiya texnologiyaları sahəsində mühüm addımlar atılıb. "Son dövrlərdə Azərbaycanda kritik informasiya infrastrukturu sahəsinə dair normativ-hüquqi bazanın formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi sahəsində addımlar atılır. Artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli sistemlər səviyyəsinə gəlib. Bu, onun vacibliyini gündəlik həyatımızda olan önəmini göstərir. Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir. Bu sahədə vacib texnologiyaların tətbiqi, milli standartlarımızın işlənməsi və tətbiq edilməsi bizim üçün çox mühümdür", - deyə sektor müdiri qeyd edib.
"Prosol" şirkətinin həmtəsisçisi və İdarə Heyətinin sədri Babək Ağayev qeyd edib ki, sentyabrın 21-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə ("ICSD 2023") həsr edilmiş "Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik" adlı 3 günlük konfrans çərçivəsində 8 panel müzakirəsində 60-dan çox spiker çıxış edərək Azərbaycanda dövlət və özəl sektorun nümayəndələri kibertəhlükəsizlik məsələlərini müzakirə ediblər, yenilikləri bölüşüblər.
Həmçinin B.Ağayev Kibertəhlükəsizlik Günləri çərçivəsində keçirilən "Taxt Oyunları" formatlı kiberyarışın qalibi "Cyber Yashma" komandasını təbrik edərək, belə yarışların gənclərin bu sahəyə olan marağının daha da artmasını təmin etdiyini diqqətə çatdırıb.
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov "Görülən işlər, yeniliklər və gələcək planlar" mövzusunda çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı və Nazirlər Kabinetinin qərarına uyğun olaraq ildə bir neçə dəfə dövlət qurumunun informasiya sistemlərinin auditi həyata keçirilir.
"Bu auditlər nəticəsində 2023-cü ilin birinci yarımilində 373 informasiya ehtiyatında təhlükəsizlik boşluğu aşkarlamışıq və müvafiq reportlarla dövlət qurumlarına müraciət edərək tövsiyələrlə boşluqları aradan qaldırmaq yollarını izah etmişik. Bu il 600-dən çox informasiya sistemində aparılmış auditin nəticəsində 373 informasiya ehtiyatında təhlükəsizlik boşluğu aşkarlanıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunur. Elektron sorğu sistemi vasitəsilə 2023-cü ilin birinci yarımilində 3 650 sorğu emal olunub", - deyə T.Məmmədov bildirib.
Yeniliklər barədə məlumat verən T.Məmmədov qeyd edib ki, bu il təqdim olunacaq yenilik - "SMS mərkəzi" xidmətidir. Növbəti yeni sistem isə "Ziyarətçi analizi" sistemidir: "Bu sistem bizim "log"larımızın xarici şirkətlərin ötürülməsinin qarşısının alınması baxımından çox vacib bir sistemdir. Bunun üçün biz daxili bir sistem yaratmışıq".
Sonra tədbir çərçivəsində "Rəqəmsal iqtisadiyyat üçün rəqəmsal etibarın təmin olunması", "Təbəqələndirilmiş Təhlükəsizlik Memarlığı" və "SOC (System-on-a-Chip) üzrə təşkilati struktur və kompetensiyaları idarəetmə" mövzusunda təqdimatlar baş tutub.
Yekunda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə ("ICSD 2023") həsr edilmiş "Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik" konfransın bağlanış mərasimi olub.
Xatırladaq ki, sentyabrın 21-də Bakıda 3 günlük kibertəhlükəsizlik konfransı başlayıb. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və PROSOL şirkətinin birgə təşkilatçılığı ilə baş tutan "ICSD 2023"də dünyanın müxtəlif yerlərindən sənaye ekspertləri, kibertəhlükəsizlik mütəxəssisləri, hökumət rəsmiləri və həvəskarlar bir araya gəlib. Tədbirin əsas missiyası kibertəhlükəsizlik anlayışını artırmaq və günümüzün rəqəmsal mənzərəsində inkişaf edən problemlərin həllində əməkdaşlığı təşviq etməkdir.
Qeyd edək ki, "İnformasiya Texnologiyaları rəhbərlərin I Zirvə toplantısı" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən cari ilin fevral ayında keçirilib.