Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heinz Kollerlə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə ötən dövrdə ölkəmizin BƏT-lə əməkdaşlıqda iki Layiqli Əmək üzrə Ölkə Proqramını uğurla icra etdiyi, növbəti Proqramın hazırlanması işlərinin yekunlaşmaqda olduğu bildirilib. BƏT-in 59 Konvensiyasına qoşulan Azərbaycan tərəfindən Təşkilatın daha iki Konvensiyasının ratifikasiya edilməsi imkanlarının qiymətləndirilməsi işləri aparıldığı qeyd edilib. Azərbaycanda aparılan sosial islahatlar və DOST konsepsiyasından, əmək və məşğulluq sahələrində e-texnologiyaların geniş tətbiqindən, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitində “Çempion layihə” elan edilərək mükafatla təltif olunan “Əmək və Məşğulluq” altsistemindən bəhs olunub.
GörüşdəH.Koller Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluğunu, ölkəmizdə aparılan sosial islahatlar prosesində gələcək əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Gələcək əməkdaşlıq məsələləri, habelə ölkəmizin işğaldan azad edilmiş ərazilərində məşğulluq tədbirləri və layiqli əməyin dəstəklənməsi, ölkədə yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təşkili və s. istiqamətlərdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub. S.Babayev səfər çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Daren Tanq ilə də görüşüb.
Mustafa KAMAL,
“Respublika”.