2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında ölkəmizin Avropa Şurasına tamhüquqlu üzvlüyünə dair qərar qəbul edilmişdir. Yanvarın 25-də isə Avropa Şurası Parlament Assambleyasının Strasburqdakı qərargahının qarşısında üçrəngli bayrağımızın dalğalandırılması hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayır. Qeyd edək ki, bu çərçivədə dövlətimizin təşəbbüsləri 1992-ci ildən başlamışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq müstəvidə münasibətlərin qurulması əsas hədəf kimi seçilmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının - BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların iştirakçısı kimi qlobal proseslərdə yaxından iştirak edir.
Xarici siyasətində beynəlxalq əlaqələrə, dostluğa və əməkdaşlığa böyük önəm verən Azərbaycan dünyanın nüfuzlu təşkilatlarındakı faəliyyəti ilə örnək təşkil edir. Ümumiyyətlə, Azərbaycanın Avropa Şurasında təmsil olunması ölkəmizə və qoca qitəyə bir çox dividendlər qazandırır. İqtisadi, siyasi və sosial zəmində Avropa dövlətləri ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qeyd edək ki, Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olmuşdur.
Azərbaycan beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətini bütün məcralarda davam etdirir. Ölkəmizin siyasi və iqtisadi gücü onu Qərb dünyası üçün cəlbedici edir. Sosial, siyasi və iqtisadi rifah ölkəsi olan Azərbaycan bu gün regionda həyata keçirilən bütün strateji layihələrin əsas oyunçusudur. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində rolu getdikcə artmaqdadır. Qitənin aparıcı dövlətləri və təşkilatları açıq şəkildə bildirirlər ki, Azərbaycanla hərtərəfli əməkdaşlıq üçün geniş potensial var və bu potensialdan istifadə etmək Qərb ölkələrinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, hazırda rəsmi Bakı Avropa İttifaqının üzvü olan bir çox ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə sahibdir. Təşkilata üzv dövlətlər ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Qeyd edək ki, ötən ilin ilk 7 ayında ölkəmizin beynəlxalq iqtisadi münasibətlərinin 80 faizini təşkil edən xarici ticarət dövriyyəsi 30 milyard 333 milyon 432 min dollar olmuşdur. Bu göstəricinin yüksək nisbəti məhz Avropa İttifaqı ölkələri ilə olan iqtisadi əlaqələrin payına düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycanla Aİ ölkələri arasında 13 milyard 734,6 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb. Yeri gəlmişkən, ölkəmiz inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional logistika mərkəzi kimi seçilir. Tarixi İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində əlverişli imkanlara malik olduğunu göstərir. Azərbaycanın enerji və ticarət yollarının kəsişməsində yerləşməsi Avropa ölkələri ilə əlaqədə xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, ölkəmiz həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub", "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Azərbaycan Şərqlə Qərb arasında qapı rolu oynamaqla yanaşı, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit mərkəzidir. Bütün bunlar ölkəmizin strateji mövqeyə malik olduğunu göstərir.
Rusiya-Ukrayna müharibəsi fonunda, Avropa İttifaqı enerji təhlükəsizliyi və ixracatı üçün Azərbaycanla səmərəli əməkdaşlığı daha da gücləndirir. Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Avropanın bu xüsusdakı əməkdaşlığa marağı daim diqqət mərkəzindədir. Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi layihəsi və onun seqmentləri qoca qitənin bir mənbədən təbii qaz asılılığını aşağı endirir. Bundan başqa, rəsmi Bakı dünya güclərinin enerji siyasəti ətrafında müxtəlif ssenarilər qurduğu bir zamanda üzərinə düşən məsuliyyəti yerinə yetirə bilir. Məhz bu çərçivədə ölkəmizə inam və etibar daha da artır. Bakı-Tbilisi-Qars kimi mühüm nəqliyyat layihəsini həyata keçirən Azərbaycana göstərilən etimad ümumavropa məkanında sabitliyin təminində müstəsna rol oynayır. Digər tərəfdən, Trans-Anadolu Boru Kəməri Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi çatdırır. Trans-Adriatik Boru Kəməri (TAP) isə Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyayaya ötürür. Qeyd edək ki, hər iki layihənin ümumi dəyəri 12 milyard dollar təşkil edir. Təsadüfi deyil ki, ölkəmizin uğurlu inkşafı və mavi yanacaq rezervlərinin artırılması istiqamətində "Şahdəniz" qaz yatağı layihəsinin önəmli rolu var. 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisi zamanı rəsmiləşən bu lahiyə Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcminin önəmli ölçüdə artmasını təsdiq edir.
Vurğulamaq lazımdır ki, Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın müvafiq şirkətləri arasında əməkdaşlığın təşviqi istiqamətində anlaşma memorandumunun imzalanması nəticəsində Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayını 6-dan 10-a çatdırmış oldu. Bu layihə çərçivəsində bütövlükdə ölkəmizin qaz ixracının coğrafiyasının genişlənməsi və qaz ixracından əldə edilən gəlirlərin səviyyəsinin artması gözlənilir. Bu, həm də "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Digər tərəfdən, bu layihə tərəfdaşlarımızı təmin edəcək təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını reallaşdıracaq. "Həmrəylik Halqası" təşəbbüsü, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni zamanda enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə şərait yaradır.
Nurlan ABDALOV,
"Respublika".