Təhsil bizi bu gün hələ mövcud olmayan, gələcək həyata hazırlayır. Sürətlə dəyişən müasir dünyada, sabahkı çağırışlara hazır olmaq üçün gələcək nəslə necə təhsil verilməsi böyük önəm kəsb edir. Odur ki, təhsil siyasəti uzaqgörənliklə aparılmalıdır. Necə ki, bunu ötən əsrin 70-80-ci illərində Azərbaycanın ümummilli lideri Heydər Əliyev etmişdi. Ulu öndər minlərlə azərbaycanlı gəncin yüksək səviyyəli təhsil almasını təmin etmiş, onlar isə sonrakı illərdə Azərbaycan xalqının milli oyanışına, respublikanın suverenlik qazanmasına və müstəqilliyinin güclənməsinə mühüm töhfə vermiş və hazırda da bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Ulu öndərin 100 illik yubileyi ərəfəsində onun keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərdiyi gənclərdən biri olan, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ilə görüşüb söhbət etmişik. Onunla müsahibəni təqdim edirik:
–Ulu öndər 15000-dən artıq azərbaycanlının keçmiş SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərində ali təhsil almasına nail olmuşdur. Azərbaycanın hüdudlarından kənarda ali təhsil almaq üçün göndərilmiş gənclərdən biri də siz idiniz. Azərbaycanlıların respublikanın hüdudlarından kənarda təhsil almasının əhəmiyyəti nədən ibarət idi?
–Öncə onu deyim ki, bugünkü müasir, modern Azərbaycanın müəllifi olan dahi liderimiz Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu müsahibəyə görə təşəkkürümü bildirirəm. Ulu öndərin Azərbaycanın elm, təhsil, sənaye, o cümlədən də neft sənayesi sahəsində gördüyü işlər misilsizdir və Azərbaycanın müstəqilliyini təmin etməkdən ötrü ardıcıl atdığı addımlardır ki, bu gün onun bəhrəsini görürük. Ulu öndərin ötən əsrin 70-80-ci illərində, eləcə də respublikaya ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ali təhsil sahəsində aparılmış islahatlar sonrakı illərdə Azərbaycanda elm və təhsilin gələcək taleyini müəyyənləşdirdi.
1969-cu ildə respublika rəhbərliyinə seçilmiş Heydər Əliyev dövlət idarəçiliyində mühüm yeniliklər etdi, yeni zavod və fabriklərin qurulması və işə salınması sayəsində ölkədə mühüm sənaye infrastrukturu yaradıldı. Həmin illərdə ölkədə 800 yeni orta məktəb açıldı, bir o qədər də məktəb təmir olundu. Respublikada 5 yeni ali məktəbin açılması isə ümumiyyətlə ağlasığmaz uğur idi, çünki böyük cəsarət tələb edirdi. Paralel olaraq 1969-1982-ci illərdə 15 mindən artıq Azərbaycan gənci Rusiyada, Belorusda, Sovetlər İttifaqının ayrı-ayrı respublikalarının ən aparıcı 178 universitetinə göndərildi. Onlar həmin universitetlərdə çox yüksək ali təhsil aldılar və elə ixtisaslara göndərilirdilər ki, o ixtisaslar yalnız Moskvada, Kiyevdə, yaxud da Sankt-Peterburqda idi.
İndi söyləmək asan gəlir. Amma o dövrün 250-dək ən müasir ixtisasa yiyələnmək üçün azərbaycanlı gənclərin ali təhsil almasını təmin etmək mürəkkəb məsələ idi. 1970-ci ilədək keçmiş SSRİ-nin mərkəzi şəhərlərində təhsil almaq üçün Azərbaycana cəmi 50 yer ayrılırdı. Bu, müsabiqədənkənar qəbul idi. 1982-ci ildə isə həmin rəqəm 1200 nəfərədək yüksəlmişdi. Mühüm məqam həm də Azərbaycandan kənara ali təhsil almağa göndərilən tələbələrin etnik tərkibi idi - ali məktəblərə təhsil almaq üçün göndərilən gənclərin milli tərkibində azərbaycanlıların sayı 1970-ci ildə 40 faiz təşkil edirdisə, 1980-ci illərin əvvəllərində 97,6 faizə yüksəlmişdi.
Heydər Əliyev minlərlə azərbaycanlı gəncin Moskva, Sankt-Peterburq, Kiyev, Minsk və başqa şəhərlərə yeni ixtisaslar - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya, geokimya və s. üzrə ali təhsil almasına çalışırdı. Mənim Kiyev Politexnik İnstitutunda qəbul olduğum metallar fizikası ixtisası da dövrün ən müasir və böyük tələbat olan ixtisaslarından biri idi. Bu ixtisas üzrə bütün SSRİ üzrə cəmi 100 yer vardı. Metallar fizikası üzrə mütəxəssis materialşünaslıqdan nanotexnologiyalara, aviasiyadan tutmuş nüvə tədqiqatlarınadək geniş spektr üzrə çalışa bilərdi. Respublikadan kənarda ali təhsil alacaq tələbələrin ixtisas seçiminə nəzər